Məhkəmə qərarları › İş №3(004)-3734/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3734/2025

24.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3734/2025 24.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, X1 iştirakı ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin 15 may 2025-ci il tarixli EQ seriyalı 27952559 nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin 15 may 2025-ci il tarixli EQ seriyalı 27952559 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, “Nissan Sentra MİNİK” markalı **-KC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibidir. xx.xx.2025-ci il tarixində avtomobilinin texniki baxışdan keçirilməsi məqsədilə dövlət rüsumunu ödəmiş və nəqliyyat vasitəsini DİN-in BDYPİ-nin X7-İmtahan və X8 təqdim etmişdir. Avtomobil bütün yoxlamalardan keçmiş, lakin texniki baxış talonu təqdim edilməmişdir. Səbəb kimi Masallı RPŞ-nin 08 may 2025-ci il tarixli İXP ******* saylı inzibati cəriməsi göstərilmişdir. Halbuki həmin cərimə Masallı Rayon Məhkəməsinin 25 iyul 2023-cü il tarixli, 3(050)-1036/2023 saylı qərarı ilə ləğv edilmişdir. Bu məhkəmə qərarı BDYPİ əməkdaşlarına təqdim olunmuş, üstəlik məsələ ilə bağlı 102 xidmətinə də rəsmi şikayət edilmişdir. Bu günədək talon təqdim olunmamışdır. Üstəlik texniki baxışdan keçirməmə əsası ilə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Hesab edir ki, qərar əsassız olaraq qəbul olunmuşdur. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin 15 may 2025-ci il tarixli EQ seriyalı 27952559 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, onun idarə etdiyi avtomobildə heç bir problem olmadığı halda qanunsuz olaraq texniki baxışdan keçirilməmişdir. Bu səbəbdən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin tərtib etdiyi 15 may 2025-ci il tarixli EQ seriyalı 27952559 nömrəli tənbeh vermə haqqında qərarın ləğv edilməsini və başlanmış icraata xitam verilməsini xahiş etmişdir. Qərarından şikayət verilmiş orqana qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, orqan məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə qərarından şikayət verilmiş orqanın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən tərtib olunmuş 15 may 2025-ci il tarixli EQ seriyalı 27952559 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış fiziki şəxs X4 15 may 2025-ci il tarixdə saat 15:29-da Bakı şəhəri kənar dairəvi yol 11.2-ci km Qazax istiqamətində “Nissan Sentra MİNİK” markalı **-KC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 50 (əlli) manat miqdarında cərimə edilmişdir. Məhkəmə hesab edir ki, 15 may 2025-ci il tarixli EQ seriyalı 27952559 nömrəli inzibati xəta haqqında qərar qanunidir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, X4 “Nissan Sentra MİNİK” markalı **-KC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən həmin avtomobil qanunamüvafiq olaraq texniki baxışdan keçirilməmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 30-cu maddəsinin İİ bəndinin 3-cü hissəsinə əsasən nəqliyyat vasitələrinin sahibləri və ya nəqliyyat vasitələrinin texniki vəziyyətinə cavabdeh olan şəxslər texniki vəziyyəti dövlət standartlarının, yol hərəkəti qaydalarının tələblərinə uyğun gəlməyən, habelə müəyyənləşdirilmiş qaydada qeydə alınmamış, normativ tələblər pozulmaqla avadanlıq quraşdırılmış və ya avadanlığı dəyişdirilmiş və ya qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçməmiş nəqliyyat vasitələrinin istismarına yol verməməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə əlli manat məbləğində cərimə edilir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən tərtib olunmuş 15 may 2025-ci il tarixli EQ seriyalı 27952559 nömrəli inzibati xəta haqqında qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar