Məhkəmə qərarları › İş №3(004)-376/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-376/2022

14.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-376/2022 14.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Tağıyev Müslüm Fariz oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin polis sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1983-cü il tarixdə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin polis sahə inspektoru X3 tərəfindən Şəxs barəsində İXM-in 510 və 535.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 14 yanvar 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 14 yanvar 2022-ci il tarixdə Yasamal rayonu, Akim Abbasov küçəsində nalayiq ifadələr işlədərək polisin qanuni tələbinə tabe olmamışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3 protokolu müdafiə edərək bildirmişdir ki, 14 yanvar 2022-ci il tarixdə 29-cu PŞ-nin xidməti ərazisində, yəni Yasamal rayonu, Akim Abbasov küçəsində Bakı Şəhər Baş Polis İdarəsi X6 İdarəsinin əməkdaşı tərəfindən Şəxs idarə etdiyi **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilə saxla əmri verilmişdir. Şəxs avtomobili saxlamış lakin sürücülük vəsiqəsini təqdim etməkdən imtina etmişdir. Şəxs ad və soyadını bildirməsi söylənilsədə o bundanda imtina edərək polisin ünvanına nalayiq ifadələr işlətmiş və oradan uzaqlaşmağa çalışmışdır. Bundan sonra əraziyə digər yol patrul əməkdaşları dəvət edilmiş və onların köməyi ilə 29-cu polis şöbəsinə təmin edilmişdir. Polis bölməsində olduğu zaman səs-küy salmış, nalayiq ifadələr işlətməyə davam etmiş, şöbənin normal iş fəaliyyətini pozmuşdur. Yekun olaraq o Şəxs Azərbaycan Respublikasının İXM 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilməyərək izahatında göstərdi ki, taksi fəaliyyəti ilə məşğul olur. 14.01.2022-ci il tarixdə Yasamal rayonu, Akim Abbasov küçəsində hərəkətdə olarkən X6 əməkdaşı tərəfindən saxlanılmış və dərhal şöbəyə dəvət edilmişdir. Polis əməkdaşlarına qarşı hər hansı nalayiq ifadədən istifadə etməmiş, onların qanuni tələblərini yerinə yetirmişdir. Bundan əlavə olaraq bildirmişdir ki, o, ümumiyyətlə müxtəlif restoranların qarşısında dayanaraq sərxoş sürücülər barəsində polis əməkdaşlarına məlumat verməklə məşğul olur. Lakin onun polis əməkdaşlarına etdiyi köməyə baxmayaraq Ülvi adlı Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin əməkdaşı onun qardaşının törətdiyi inzibati xətaya görə idarə etidiyi avtomobili cərimə meydançasına yerləşdirmişdir. Bundan bir müddət sonra o çox miqdarda spirtli içki qəbul etdikdən sonra təxminən saat 11:00-dan saat 20:00-dək “Whatsapp” sosial şəbəkəsinin status bölməsində Ülvinin idarə etdiyi DYPya məxsus avtomobilin nömrəsinin qeyd edərək onun haqqında müxtəlif təhqiredici yazılar yazmışdır. Onun hər zaman DYP-nın əməkdaşları ilə iş birliyi olduğundan mobil telefonunda çox sayda DYP əməkdaşının telefon nömrəsi qeyd edilmiş və bu səbəbdən onun etdiyi paylaşımları bir çox polis əməkdaşı görmüşdür. Yekun olaraq o, göstərilənləri nəzərə alaraq barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirmişdir ki, 14 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Akim Abbasov küçəsində hərəkətdə olarkən “Kia Rio” markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün təhlükəsizlik kəmərindən istifadə etmədiyini görərək həmin avtomobilə saxla əmri vermişdir. Həmin avtomobilin sürücüsünə törətdiyi inzibati xətanı izah etmiş və ondan sürücülük vəsiqəsini tələb etmişdir. Lakin həmin sürücü polis əməkdaşının qanuni tələbinə təbe olmayaraq sürücülük vəsiqəsini təqdim etməkdan imtina etmişdir. Daha sonra isə həmin sürücüdən şəxsiyyət məlumatları barədə məlumat almaq istədikdə sürücü bundan da imtina edərək polis əməkdaşlarının ünvanına nalayiq və təhqiramiz ifadələr işlədərək sənədlərini təqdim etməyəcəyini bildirmiş və həmin yerdən uzaqlaşmağa çalışmışdır. Bundan sonra X6nin digər əməkdaşlarını kömək üçün dəvət etmiş və həmin sürücü 29-cu polis şöbəsinə təmin edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin X6 İdarəsinə bilavasitə tabe olan YPX alayının YPX baş inspektoru X2 tərəfindən Yasamal RPİ-nin 29-cu polis şöbəsinin rəhbərliyinə ünvanlanmış raportdan görünür ki, 14.01.2022ci il tarixdə Yasamal rayonu, Akim Abbasov küçəsində “Kia Rio” markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomaşın təhlükəsizlik kəmərini taxmadığına görə saxlanılmışdır. Bu zaman o həmin sürücüyə dərhal yaxınlaşıb özünü YHQ-nın 85-ci maddəsini rəhbər tutaraq həmin qanunun 37.1.1-ci bəndinə uyğun olaraq təqdim etsədə sürücü sənədləri təqdim etməkdən və ad, soyadını deməkdən imtina etmişdir. O İXM-nin 61-ci maddəsinin tələblərini həmin sürücüyə izah etsədə o qətiyyən polisin qanuni tələblərinə qəsədən tabe olmamışdır. Daha sonra müxtəlif bəhanələr gətirərək hadisə yerindən qaçmağa cəhd göstərmiş, bu zaman o həmin şəxsi digər YPX əməkdaşlarının köməyi ilə tutub saxlayaraq ərazi üzrə 29-cu polis şöbəsinə təmin etmişdir. Növbətçi hissədə həmin şəxsin şəxsiyyəti müəyyən edildikdə məlum olmuşdur ki, həmin şəxs Şəxsdur. Əlavə olaraq qeyd etmişdir ki, həmin şəxs onların ünvanına təhqiramiz ifadələr işlətmişdir. 14 yanvar 2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 13:30-da inzibati qaydada tutulmuşdur. Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, Şəxs Bakı Şəhər Xətai Rayon Məhkəməsinin 22.07.2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsini törətməkdə təqsirli bilərək barəsində inzibati tənbeh tətbiq edilmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Belə ki, Şəxs xidməti vəzifəsini yerinə yetirən yol polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamasını özü etiraf etməsə də, şahid izahatları və məhkəmə iclasında araşdırılan digər sübutlarla təsdiqini tapmışdır. Məhkəmə Şəxs verdiyi izahata tənqidi yanaşaraq həmin ifadəni özünümüdafiə xarakterli hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasənXırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər İXM-in 510-cu maddəsində, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs 14 yanvar 2022-ci il tarixdə Yasamal rayonu, Akim Abbasov küçəsində səs-küy salıb nalayiq ifadələr işlədərək xırda xuliqanlıq etmiş və Bakı Şəhər Baş Polis İdarəsinin X6 İdarəsinin Yol Patrul Xidmətinin əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinə tabe olmama kimi halların, yəni İXM-in 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs əməlini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs əməlini ağırlaşdıran hallar müəyyən edilmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə, İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Şəxs həbsetməsinin əvvəlinin hansı vaxtdan hesablanmasına dair məhkəmə qeyd edir ki, Şəxs inzibati qaydada tutulduğu vaxtdan yəni 14 yanvar 2022-ci il tarixdən, saat 13:30-dan hesablanmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən onun barəsində 01 (bir) ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Həbsetmənin əvvəli 14 yanvar 2022-ci il tarixdən saat 13:30-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar