Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3770/2024 25.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin EQ seriyalı 22381337 saylı, 16 iyul 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin 16 iyul 2024-cü il tarixli EQ seriyalı 22381337 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdı ki, 16 iyul 2024-cü il tarixdə saat 16:12-də inzibati xəta ilə bağlı telefonuna “sms” gəlmişdir. Elektron kabinetə daxil olduqda məlum olmuşdur ki, həmin vaxt avtomobili o idarə etməmişdir. Belə ki, 15 iyul 2024-cü il tarixdə 14-15 radələrində dostlarla birgə iaşə obyektində nahar edərkən bir qədər spirtli içki qəbul etdiyindən “ayıq sürücü” xidmətindən istifadə etməli olmuş və avtomobilini idarə etmək üçün çağırılmış tanımadığı şəxs onu idarə edərkən Yasamal rayonu ərazisində İXM-nin 327.1-ci maddəsi ilə inzibati xəta törətmişdir. Həmin vaxt avtomobilimin sükanı arxasında olmamışdır. Bu inzibati xəta tərəfindən törədilmədiyindən, BDYPİ-nin həmin qərarı əsassız olduğundan və işin yenidən araşdırılmasına zərurət yarandığından elektron qərarı əldə edib məhkəməyə müraciət etməli olmuşdur. BDYPİ-nin 16 iyul 2024-cü il tarixli, EQ22381337 saylı inzibati qərarını, fotoşəkillləri əldə etdikdən sonra orada qeyd edilənlərlə ona göndərilən “sms” tarixlərini və vaxtı müqayisə edib xətanın qeydə alınması və sistemə işləməsi tarixlərində və saatlarında uyğunsuzluq, ziddiyyət (şübhələr) müəyyən edilmişdir. Belə ki, protokola və qərara əsasən xəta 15 iyul 2024-cü il tarixdə saat 16:38-də qeydə alınmasına baxmayaraq qərara əlavə edilmiş fotoşəkillərdə xətanın qeydə alınma tarixi 16 iyul 2024-cü il saat 16:08 göstərilmiş, xəta ilə bağlı “sms” isə 16 iyul 2024-cü il saat 16:12-də göndərilmişdir. Buna görə də xətanın qeydə alınması ilə bağlı tarixlərdə və vaxtlarda şübhəli uyğunsuzluq açıq aşkar görünür. Ona görə də bu məqamın yenidən araşdırılmasında zərurət yaranır. 15 iyul 2024-cü il tarixdə mülkiyyətində olan “Hundai SantaFE” markalı, **-GO-*** d.q.n. avtomobili ilə inzibati xəta törətmədiyindən barəsində əsassız olaraq elektron cərimə qərarı çıxarılmışdır. İnzibati xəta törədilməsi anında çəkilmiş fotoşəkillərdə avtomobilin kim tərəfindən idarə olunması görünmür. Avtomobili kafeyə çağırılmış “ayıq sürücü” (başqa şəxs) idarə edən zaman inzibati xəta törətdiyi ehtimal edildiyindən xətanı törədən və buna görə cərimə edilən şəxsin kimliyi ilə bağlı şübhələr yaranır. Belə olan halda xəta qeydə alınan vaxt avtomobilin kim tərəfindən idarə edilməsi ilə bağlı sübut etmə vəzifəsi dövlət qurumunun (BDYPİ) üzərinə düşür (İXM-nin 8.3 maddəsi). Bundan başqa müəyyən olunmuşdur ki, BDYPİ tərəfindən inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edilərkən inzibati xətalar qanunvericiliyinin tələblərinin pozulduğu da aşkar edilmişdir. Belə ki, BDYPİ tərəfindən inzibati xəta haqqında iş üzrə qərar qəbul edilərkən bir sıra kobud prosessual pozuntulara da yol verilmişdir. Belə ki, inzibati xəta haqqında iş üzrə qərarda inzibati xətanın aşkar olunmasında istifadə olunan xüsusi texniki vasitənin (XTV) tipi, markası, modeli, yerləşdiyi yer, son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt barədə məlumatlar göstərilməmişdir. Göründüyü kimi BDYPİ-nin elektron protokolu əsasında çıxarılmış elektron qərar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən qəbul edilmişdir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin tərtib etdiyi 16 iyul 2024-cü il tarixli EQ seriyalı 22381337 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və başlanmış icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, şikayətini müdafiə edir və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin tərtib etdiyi 16 iyul 2024-cü il tarixli EQ seriyalı 22381337 nömrəli tənbeh vermə haqqında qərarın ləğv edilməsini və başlanmış icraata xitam verilməsini xahiş edir. Məhkəmənin sualına cavab olaraq bildirdi ki, həmin vaxt onun avtomobilini idarə etmək üçün sürücünün kim tərəfindən dəvət edilməsini, həmin sürücünün hansi şirkətin əməkdaşının olmasını, sürücünü dəvət edən şəxsin mobil telefonunu xatırlamır və sürücü barədə onda heç bir məlumat yoxdur. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştrakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Baş X8 İdarəsinin 16 iyul 2024-cü il tarixli EQ seriyalı 22381337 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 15 iyul 2024-cü il tarixdə saat 16:38-də Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti Ə.B.Haqverdiyev küçələrinin kəsişməsində yol nişanlarının tələblərinə riayət edilməməsinə görə İXM-in 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 (qırx) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, “X9” markalı **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti Ə.B.Haqverdiyev küçələrinin kəsişməsində yol nişanlarının tələblərinə riayət etməyərək düzünə hərəkət etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən ol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin 16 iyul 2024-cü il tarixli EQ seriyalı 22381337 nömrəli il tarixli inzibati xəta haqqında qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-3770/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3770/2024
25.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver