Məhkəmə qərarları › İş №3(004)-3798/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3798/2024

06.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3798/2024 06.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs “V.Y. Axundov Adına X1 İnstitutu” barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 339.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş 27 iyun 2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara işin baxılmağa hazırlanması zamanı baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “V.Y. Axundov Adına X1 İnstitutu”-nun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 27 iyun 2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs “V.Y. Axundov Adına X1 İnstitutu”-na və protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə, İXM-in 112.1.4-cü maddəsinə əsasən proses iştirakçısının iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, “V.Y. Axundov Adına X1 İnstitutu” barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 123.3-cü maddəsinə əsasən həmin Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulmuş sorğuya cavab verməyən hüquqi şəxs, yaxud dövlət qurumunun vəzifəli şəxsi bu Məcəllənin 339.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Hüquqi şəxsin, yaxud dövlət qurumunun vəzifəli şəxsinin məsuliyyətə cəlb olunması onu müvafiq məlumatı təqdim etmək vəzifəsindən, fiziki şəxsi isə törətdiyi əmələ görə məsuliyyətdən azad etmir. 339.1-ci maddəsinə əsasən Nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirmədən idarə etməyə və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə, yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməməyə və ya nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarını pozmağa görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Beləliklə, İXM-nin sadalanan normalarına əsasən 339.1-ci maddədə nəzərdə tutulmuş inzibati xətanın subyekti müəyyən edilərkən, dövlət qurumuna münasibətdə, dövlət qurumu hüquqi şəxslərdən fərqləndirilmişdir. Yəni dövlət qurumu ilə hüquqi şəxs eyniləşdirilməmişdir. Hüquqi şəxs ayrı qeyd edilmiş, dövlət qurumu ayrı qeyd edilmişdir. Hüquqi şəxs tərəfindən həmin inzibati xəta törədildikdə hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilir, dövlət qurumu tərəfindən həmin inzibati xəta törədildikdə dövlət qurumunun vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb edilir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanı törədən şəxs, yəni İnzibati xətanın subyektləri İXM-nin 16, 17, 18-ci maddələrində göstərilmiş subyektlərdir. Belə ki, İXM-nin 16.1-ci maddəsinə əsasən inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. İXM-in 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İXM-nin 17-ci maddəsinin qeydində hansı fiziki şəxslərin vəzifəli şəxs hesab edilməsi müəyyən edilmişdir. İXM-nin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 2.0.1-ci maddəsinə əsasən hüquqi şəxs – Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə bu cür müəyyən edilmiş qurumdur. Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Beləliklə, inzibati xətanın subyekti kimi “V.Y. Axundov Adına X1 İnstitutu” hüquqi şəxs hesab edilərək, onun barəsində hazırkı protokol tərtib edilmişdir. Lakin həmin təşkilat dövlət büdcəsi hesabına maliyyələşən dövlət təşkilatıdır. Beləliklə barəsində protokol tərtib edilmiş hazırkı şəxs İXM-nin müəyyən etdiyi subyekt kimi hüquqi şəxs deyildir. Belə olduğu təqdirdə şəxsin əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcud olmur. Yəni barəsində protokol tərtib edilmiş hazırkı şəxs İXM-in 339.1-ci maddəsindəki inzibati xətanı törədən subyekt deyildir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: “V.Y. Axundov Adına X1 İnstitutu” barəsində İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş 27 iyun 2024-cü il tarixli İXP seriyalı ******* nömrəli protokol üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar