Məhkəmə qərarları › İş №3(004)-3805/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3805/2025

04.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3805/2025 04.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X2 iclas katibliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Şikayətçi "xxxx" Kiçik Müəssisəsinin direktoru X1 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şikayətçi "xxxx" Kiçik Müəssisəsinin direktoru X1 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, məhkəmədən həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayətçi şikayətində göstərmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixində C-13M/2625-425 saylı məktub daxil olmuşdur. Məktubda qeyd olunmuşdur ki, barələrində inzibati xəta faktı əsasında aparılmış inzibati araşdırmanın nəticəsi kimi xx.xx.2025-ci il tarixli MN ******* saylı protokol tərtib olunmuş və xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərar ilə İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi əsasında inzibati qaydada 2500 (iki min beş yüz) manat məbləğində cərimə tətbiq edilmişdir. xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərarda qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən “Ağ Çiçəyim ’’ şadlıq evinin fəaliyyəti zamanı ətraf mühitə atılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olması müəyyən edilmişdir. Hesab edir ki, barəsində inzibati xəta faktı əsasında aparılmış inzibati araşdırmanın nəticəsi kimi xx.xx.2025-ci il tarixli MN ******* saylı protokol və xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərar ilə İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi əsasında inzibati qaydada 2500 (iki min beş yüz) manat məbləğində cərimə ləğv edilməlidir. Belə ki, atmosferə atılan zərərli qaz qarışıqlarının miqdarını müəyyən etmək üçün ANKAT 64M3- 03 cihazı vasitəsi ilə XKEMİ-nin mütəxəssisləri tərəfindən ölçmə analiz işləri aparılarkən ölçmə nəticələrinə əsasən dəm qazının miqdarı (CO-28,2 mq/m3) həddindən artıq hesablanmışdır. Təsəvvür edin norma 5 mq/m3 olduğu halda, normadan demək olarki 5 dəfə çox hesablanmışdır. XKEMİ-nin xx.xx.2025-ci il tarixli 003120 nömrəli aktında qeyd olunmuşdur ki, “Ağ Çiçəyim” şadlıq sarayının yerləşdiyi əraziyə keçirilən baxış zamanı tüstü müşahidə olundu. Monitorinq ölçmə işləri şadlıq sarayının həyətində olan zaman tüstü bacasının yaxınlığında təxminən 10-12 m məsafədə ANKAT 64M3-03 səyyar cihazı cihazı vasitəsi ilə aparıldı. Monitorinq ölçmə işləri zamanı çəkilmiş fotoşəkillər əlavə olundu. Lakin, həmin fotoşəkillərə diqqət etdikdə ümumiyyətlə ətrafda hər hansı bir tüstünün çıxmadığının əyani şahidi olmaq olar ,üstəlik də qeyd edilən cihazda ancaq CO- 28,2 yazısını görmək olur. Lakin, cihazın həmin an üçün işlək vəziyyətdə olub- olmadığını müəyyən etmək çətin olduğundan qeyd olunan rəqəmin də doğru olub-olmadığını müəyyənləşdirmək çətindir. Üstəlik də, adıçəkilən cihazın monitorunda tarix əks olunmadığından, həmçinin çəkilmiş şəkillər üzərində tarix əks olunmadığından ölçü vahidinin hansı tarixə aid olduğunu müəyyənləşdirməkdə çətindir. Barəsində inzibati xəta faktı əsasında aparılmış inzibati araşdırmanın nəticəsi kimi xx.xx.2025-ci il tarixli MN ******* saylı protokol və xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərar ilə İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi əsasında inzibati qaydada 2500 (iki min beş yüz) manat məbləğində cərimənin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə şikayət ərizəsində göstərilənlərlə razılaşmayaraq qərarın tam qanuni və əsaslı olduğunu bildirərək, şikayətin təmin edilməməsini xahiş etdi. Bildirdi ki, vəziyyətlə bağlı monitorinq keçirilmişdir. Protokolu şəxsən özü tərtib etmişdir. Hava cihazla yoxlanıb müəyyən olunub ki, hava ətrafında dəm qazının miqdarı normadan artıqdır. Ona görə müvafiq protokol tərtib olunmuşdur. Şikayətçi məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona həm rəsmi məktubla, həm də şikayət vermiş şəxsin şikayətində göstərdiyi mobil telefon nömrəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, bu barədə SMS xəbərdarlığının AZEMİS vasitəsilə göndərilməsinə dair bildirişi vasitəsilə təyin edilmiş iclas barədə xəbərdar edilmiş, xəbərdarlıq telefon sahibi tərəfindən qəbul edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmişdir. Buna görə də, məhkəmə onun iştrakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Şikayətin dəlilləri üzrə məhkəmə qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 181, 3154 və 3256-cı məhəllə “Ağçiçəyim” şadlıq evinin fəaliyyəti zamanı ətraf mühitə atılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə İXM-in 233.1-ci maddəsi ilə təqsirli bilinib 2500 manat cərimə edilmişdir. Qərar xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokol əsasında tərtib edilmişdir. Lakin şikayətə əlavə edilmiş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(004)-3289/2025 saylı qərarına əsasən barəsində inzibati tənbeh tətbiq edilmiş "xxxx" Kiçik Müəssisəsinin hazırkı iş üzrə təqsirli bilindiyi əməl üzrə inzibati xətanın törədilib-törədilməməsinə qiymət verilmişdir. Həmin işin hazırkı iş üzrə əhəmiyyəti bundan ibarətdir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən "xxxx" Kiçik Müəssisəsi barəsində İXM-in 233.1-ci maddəsi ilə 13 may 2025-ci il tarixli tarixdə, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, "xxxx" Kiçik Müəssisəsi tərəfindən Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 181, 3154 və 3256-cı məhəllə “Ağçiçəyim” şadlıq evinin fəaliyyəti zamanı ətraf mühitə atılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olması müəyyən edilmişdir. Həmin protokol hüquqi şəxs barəsində işə baxılması üçün məhkəməyə göndərilmişdir. Həmin işə məhkəmədə baxılmış və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(004)-3289/2025 saylı qərarına əsasən "xxxx" Kiçik Müəssisəsinin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən barəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş 13 may 2025-ci il tarixli tarixdə, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərarda müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi yoxlama aparmazdan əvvəl yoxlamaların vahid məlumat reyestrində qeydə alınması müəyyən edilməmişdir. Qnunvericiliyinin tələbinə əsasən vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Göründüyü kimi Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin yuxarıda qeyd olunan qərarı qanuni qüvvəsini almışdır və preyudisial əhəmiyyətə malikdir. Hazırkı iş üzrə preyudisial əhəmiyyətli qərarla hazırkı protokolda göstərilən eyni fakt üzrə inzibati xəta hadisəsinin baş verməsi öz təsdiqini tapmamışdır. İXM-nin 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Şikayətçi "xxxx" Kiçik Müəssisəsinin direktoru X1 barəsində İXM-nin 233.1-ci maddəsi ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar