Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3811/2024 23.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X3 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 28-ci Polis şöbəsinin sahə inspektoru X2, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin Dövlət Yol polisi şöbəsi YNH üzrə baş inspektoru X4 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxxxx 1989-cu il tarixdə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.3 və 206-cı maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal RPİ-nin 28-ci polis şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 206-cı maddəsi ilə 22 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Həmçinin Bakı şəhəri Yasamal RPİ DYPŞ tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 333-1.3-cü maddəsi ilə 22 iyul 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 28-ci Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında 22 iyul 2024-cü il tarixli, MN ******* saylı tarixli protokola əsasən Şəxs, Şərifzadə küçəsində yol-nəqliyyat hadisəsi etdiyi və YPX əməkdaşının onun narkotik vasitə istifadə etdiyindən şübhəli olduğu, bununla da AR İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi qeyd olunmuşdur. Bakı şəhəri Yasamal rayon DYPŞ-dən daxil olmuş inzibati xəta haqqında 22 iyul 2024-cü il tarixli, İXP ******* saylı tarixli protokola əsasən Şəxs, Yasamal rayonu, Şərifzadə küçəsində idarə etdiyi CHEVROLET CRUZE MİNİK markalı, 77BC687 dövlət qeydiyyat nişanlı avtomobili narkotik vasitələrin təsiri altında idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş və bununla da X8, X7 və X5 maddi zərər vurmuş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Yasamal rayon Məhkəməsinin 3(004)-3819/2024 saylı, 23 iyul 2024-cü il tarixli qərardadına əsasən məhkəmənin icraatında olan 3(004)-3819/2024 və 3(004)-3811/2024 nömrəli inzibati işlər birlikdə baxılması üçün bir icraatda birləşdirilmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 206 və 333-1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu (22 iyul 2024-cü il tarixli, MN ******* saylı) tərtib etmiş Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsinin sahə inspektoru X6 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu (22 iyul 2024-cü il tarixli, İXP ******* saylı) tərtib etmiş Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin Dövlət Yol polisi şöbəsi YNH üzrə baş inspektoru X9 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Yasamal rayonu, A.M.Şərifzadə küçəsində Şəxs idarə etdiyi avtomobillə yol-nəqliyyat hadisəsi törətdiyini, daha sonra şəxsin hərəkətləri şübhə doğurduğu üçün tibbi müayinəyə aparıldığını, müayinə nəticəsində narkotik vasitələrdən istifadə etməsi və bunun nəticəsində sərxoş olduğu müəyyən olunduğunu, göstərilənləri nəzərə alaraq Şəxs barəsində barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilib izahatında göstərmişdir ki, o, özünü təqsirli bilir və əməlindəm səmimi peşmandır. Belə ki, xx.xx.2024-cü il tarixdə ağrıları olduğu üçün reseptdə qeyd olunan dərmanları almaq üçün aptekə getməyə qərara gəlmişdir. Avtomobilə minərkən əvvəllər istifadə etdiyi narkotik vasitənin avtomobildə olduğunu görüb sakitləşməyi və ağrılarının azalması üçün qəbul etmişdir. Daha sonra isə qəza törətmişdir. Törətdiyi əməldən çox peşmandır. Həmçinin 44 günlük vətən müharibəsi iştirakçısı olmasını, rayon və kəndlərin azad olunmasına görə medallar ilə təltif olunmağını və sol ayağını itirdiyini nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında 22 iyul 2024-cü il tarixli, MN ******* saylı tarixli protokoldan görünür ki, Şəxs, Şərifzadə küçəsində yol-nəqliyyat hadisəsi etdiyi və YPX əməkdaşının onun narkotik vasitə istifadə etdiyindən şübhəli olduğu, bununla da AR İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi qeyd olunmuşdur. İnzibati xəta haqqında 22 iyul 2024-cü il tarixli, İXP ******* saylı tarixli protokoldan görünür ki, Şəxs, Yasamal rayonu, Şərifzadə küçəsində idarə etdiyi CHEVROLET CRUZE MİNİK markalı, 77BC687 dövlət qeydiyyat nişanlı avtomobili narkotik vasitələrin təsiri altında idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş və bununla da X8, X7 və X5 maddi zərər vurmuş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X16 Şəxsi Ambulator X1 haqqında 22 iyul 2024-cü il tarixli, 4941 saylı rəyindən görünür ki, Şəxs opioidlərdən və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. “İnzibati qaydada tutma haqqında” AZA 014819 saylı, 21 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs 21 iyul 2024-cü il tarixdə, saat 01:35-də tutulmuşdur. 21 iyul 2024-cü il tarixli, 1/764 saylı “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Şəxs həmin tarixdə tibbi müayinədən keçirilən zaman onda psixotrop maddələrin və narkotik vasitələrin qəbulu nəticəsində sərxoşluq vəziyyəti aşkar edilmişdir. Şəxs polis bölməsində verdiyi izahatından görünür ki, o, izahatında psixotrop maddələrdən istifadə edərək avtomobili idarə etdiyini etiraf etmiş və əməlindən peşman olduğunu bildirmişdir. Vəsiqələrin surətlərindən görünür ki, Şəxs İİ Qarabağ müharibəsində iştirak etmiş və bir sıra medallarla təltif edilmişdir. Portaldan çıxarışdan görünür ki, Şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar İİİ qrup əlillik dərəcəsi verilmiş və ona pensiya təyin edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə- üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. 333-1.3-cü maddəsinə əsasən bu məcəllənin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla doqquz yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı ilə yanaşı, inzibati protokolu tərtib etmiş şəxsin izahatı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X16 Şəxsi Ambulator X1 haqqında 22 iyul 2024-cü il tarixli, 4941 saylı rəyi, eləcə də inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi sərxoşluq vəziyyətinin müəyyən edilməsinə dair akt, məhkəmə iclasında etirafedici izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən hal kimi törətdiyi inzibati xətanı etiraf edərək peşman olmasını, ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsində iştirak etdiyini, məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini, narkotik vasitə qəbul edən şəxsin həmin vasitənin təsiri altında nəqliyyat vasitəsini idarə etməsinin, nəinki həmin şəxsin özünün, o cümlədən, cəmiyyətin digər üzvlərinin (həmin avtomobildə əyləşən sərnişinlərin, yolu keçən piyadaların) həyat və sağlamlığı üçün real təhlükə yaratdığını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 333-1.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək AR İXM-nin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla AR İXM-in 333-1.3-cü maddənin sanksiyasının hədləri daxilində nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılmaqla barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Bununla yanaşı, məhkəmə səlahiyyətli orqanın diqqətini şəxsin qanunla müəyyən edilmiş müddətdən artıq tutularaq saxlanılmasının qanuni olmamasına cəlb edir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Şəxs 21 iyul 2024-cü il tarixdə, saat 01:35-də inzibati qaydada tutulmuş və o, polis nəzarəti altında 23 iyul 2024-cü il tarixdə, saat 18:03-dən sonrakı saatlarda məhkəmə qarşısına çıxarılmışdır ki, bu şəxsin qanunla müəyyən edilmiş müddətdən artıq saxlanılaraq azadlıq hüququnun məhdudlaşdırılmasına dəlalət edir. Halbuki, AR İXM-nin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1, 535 və 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 333-1.3-cü maddələri nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək AR İXM-nin 34.3cü maddəsinin tələbləri nəzərə alınmaqla nəqliyyat vasitələrini idarə etmə hüququ 02 il müddətə məhdudlaşdırılmaqla barəsində 600 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs dərhal məhkəmə iclas zalında azad edilsin. Səlahiyyətli orqanın diqqəti Şəxs qanunla müəyyən edilmiş müddətdən artıq tutularaq saxlanılmasının qanunsuz olmasına cəlb edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №3(004)-3811/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3811/2024
23.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver