Məhkəmə qərarları › İş №3(004)-3845/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3845/2024

26.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3845/2024 26.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X2 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci polis şöbəsinin polis sahə inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxx 2004-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2da yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 510 və 535.1-ci maddələri ilə Bakı şəhəri Yasamal RPİ-nin 28-ci polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal RPİ-nin 28-ci polis şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 510 və 535.1-ci maddələri ilə 25 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında 25 iyul 2024-cü il tarixli, MN ******* saylı protokola əsasən Şəxs polis şöbəsində iş rejimini pozmuş, izahat verməkdən imtina etmiş və nalayiq ifadələr işlətmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci polis şöbəsinin polis sahə inspektoru X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, X5 müraciəti əsasında aparılan təhqiqat araşdrıması ilə bağlı, barəsində şikayət olunmuş Şəxs PŞ-nə dəvət olunmuşdur. PŞ-də olarkən o özünü qeyri-adekvat apararaq, polisin qanuni tələblərinə tabe olmamış, səs-küy salaraq polisin iş rejimini pozmuş və polisin ünvanına nalayiq ifadələr işlətmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, PŞ-nə çağırıldıqdan sonra anası ilə ora yaxınlaşmışdır. Təhqiqatçının xidməti otağına gəldikdə təhqiqatçı ona ayaq üstə qalmağını bildirmişdir. O da əsəbi olduğu üçün biraz da aqressivləşərək təhqiqatçı ilə kobud danışmışdır. Daha sonra təhqiqatçı onu qolundan tutaraq otağdan çıxarıb ona söyüşlər söyməyə başlamışdır və buna görə də polisin tələblərinə tabe olmamış, onları söymüşdür. Nevroloji xəstə olduğunu nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Həmçinin bildirmişdir ki, PŞ-də pilləkəndən düşərkən mübahisələri yaranmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər Yasamal RPİ-nin 28-ci Polis Şöbəsinin təhqiqatçısı X6 öz izahatında bildirmişdir ki, icraatında olan X5 müraciəti ilə əlaqədar onu təhqir etməsi ilə bağlı şikayət olunan Şəxs xx.xx.2024-cü il tarixdə PŞ-nə gəlmişdir. Xidməti otağına anası X3 il birgə daxil olmuş və ondan A. Səfərova ilə aralarındaki mübahisənin səbəbi soruşulmuşdur. Bu zaman Şəxs hiddətlənərək söyüş söyməyə başlamış, ondan sakitləşməsi və izahat yazması tələb olunduqda isə polisin ünvanına nalayiq ifadələr işlətmişdir. Dəfələrlə ona xəbərdarlıq etməyinə baxmayaraq xidməti otaqda yüksək səslə səs-küy salaraq nalayiq ifadələr işlətməyə davam etdiyindən izahat verməkdən qərəzli surətdə yayınmışdır. Onu xidməti otaqdan çölə çıxmağı tələb etsə də qanuni tələblərinə əməl etməmiş və müqavimət göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 öz izahatında bildirmişdir ki, PŞ-nə dəvət edildikdən sonra oğlu Rövşənlə birlikdə ora yaxınlaşmışlar. Təhqiqatçının otağına daxil olduqda təhqiqatçı ona əyləşməyini, Rövşənə isə ayaq üstə gözləməyini bildirmişdir. Daha sonra aralarında mübahisə yaranmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında 25 iyul 2024-cü il tarixli, MN ******* saylı protokola əsasən Şəxs polis şöbəsində iş rejimini pozmuş, izahat verməkdən imtina etmiş və nalayiq ifadələr işlətmişdir. “İnzibati qaydada tutma haqqında” 25 iyul 2024-cü il tarixli, AZA 014867 saylı protokoldan görünür ki, Şəxs 25 iyul 2024-cü il tarixdə, saat 10:30-da tutulmuşdur. Şəxs Polis Şöbəsində verdiyi izahatından görünür ki, o, həmin izahatında sosial şəbəkədə tanış olduğu Aysu adlı xanımın ünvanına nalayiq ifadələr işlətdiyini, 28-ci polis şöbəsinə dəvət edildiyini, təhqiqatçı Nəcmin adlı polis əməkdaşının otağında olarkən onun üzərinə müqavimət göstərdiyini, o da əsəbi olduğu üçün imtina etdiyini, etdiyi əməldən peşman olmadığını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddələrinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin izahatı, barəsində inzibati qaydada icraat aparılan şəxsin özünün izahatı, şahidlərin izahatı, inzibati materialda olan raport və digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs AR İXM-nin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Odur ki, məhkəmənin gəldiyi qənaət ondan ibarətdir ki, Şəxs AR İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hüdudları daxilində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Şəxs törətdiyi inzibati xətanı etiraf etməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək AR İXM-nin 34.3 və 31.4-1-ci maddələrinin tələbləri nəzərə alınmaqla AR İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməli və o, dərhal məhkəmə iclas zalında azad edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək AR İXM-nin 34.3 və 31.4-1-ci maddələrinin tələbləri nəzərə alınmaqla AR İXM-nin 535.1-ci maddəsi ilə barəsində 100 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs dərhal məhkəmə iclas zalında azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar