Məhkəmə qərarları › İş №3(004)-3848/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3848/2020

17.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3848/2020 17.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X3 iclas katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib edən Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinin polis sahə inspektoru X2, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1989-cu ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 mənzil 18 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal RPİ-nin 29-cu Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-si tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə atası X1 ailəlikcə icarə işlətdikləri Yasamal rayonu, Ə.Əhmədov küçəsi, ev 9 ünvanından “Sony” markalı 500 manat dəyərində kompüteri oğurlamışdır. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci (xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinin polis sahə inspektoru X5 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək göstərmişdir ki, o, atası ilə birlikdə Yasamal rayonu, Ə.Əhmədov küçəsi, ev 9 ünvanında yerləşən Ocaq kafesində işləyir. Həmin kafenin gəliri isə bütün ailə üzvlərinin birgə maddi ehtiyaclarına sərf olunur. Belə ki, onun həmin kafeyə sərbəst şəkildə daxil olmaq səlahiyyəti olmuşdur. Pula ehtiyacı olduğu üçün kafedə olan kompüteri götürmüş və hesabat jurnalına kompüterin onun tərəfindən götürülməsi barədə qeyd yazmışdır. Sonradan həmin kompüteri Yasamal rayonunda yerləşən “Asan Xidmət” mərkəzinin qarşısında tanımadığı şəxsə 30 manat müqabilində satmışdır. Şəxs həmçinin qeyd etmişdir ki, son dövrlər valideynləri ilə sevdiyi qıza görə münasibətləri pozulduğundan atası əsəbləşib ondan şikayət etmişdir. Şəxs gizli olaraq hər hansı bir talama əməli törətmədiyindən, kompüteri götürməsi barədə ailə üzvlərinə məlumat vermək üçün qeydiyyat apardığından, hazırda atası ilə münasibətlərinə aydınlıq gətirildiyindən, göstərilənlərə əsasən əməlində xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X4 izahatında bildirmişdir ki, Yasamal rayonu, Ə.Əhmədov küçəsi, ev 9 ünvanında yerləşən Ocaq kafesini ailəlikcə icarəyə götürərək işlədirlər. Oğlu Şəxs da həmin kafedə onunla birlikdə həmin kafedə işləmişdir. xx xxxxxx 2020-ci il tarixdə səhər saatlaırnda işə gedərkən kompüterin yerində olmamasını, qeyd dəftərində isə oğlunun həmin kompüteri götürməsinə dair qeydiyyat apardığını aşkar etmişdir. Bundan sonra o, oğlunun bu hərəkətindən hirslənib polisə şikayət etmişdir. O, hazırda oğlu ilə barışmış, ondan heç bir tələbi və şikayəti yoxdur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə olan inzibati xətanın tərkib əlamətləri olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Yasamal RPİ-nin 29-cu PŞ-nin təhqiqatçısı Fuad İsgəndərov tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, X4 xx.xx.2020-ci il tarixdə Yasamal RPİ-nin 29-cu PŞ-nə ərizə ilə müraciət edərək oğlu Şəxs işlətdiyi kafedən “Sony” markalı kompüteri oğurlaması barədə məlumat vermiş, fakt üzrə araşdırma aparılmış və nəticədə Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi üzrə inzibati tədbir görülməsi qərara alınmışdır. Bundan başqa iş materiallarında olan zərərçəkmiş şəxs X4 tərəfindən məhkəməyə ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli ərizədən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs oğlu Şəxs qarşı heç bir şikayəti yoxdur və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hüquq nəzəriyyəsinə görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. İXM-nin 227-ci maddəsinin dispozisiyasından isə görünür ki, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgənin əmlakını talamağa görə məsuliyyət müəyyən edilmişdir. Hazırki işin faktiki hallarından isə müəyyən edilir ki, barəsində protokol tərtib edilmiş şəxsin əməlində İXM-nin 227-ci maddənin obyektiv cəhətinə daxil olan hər hansı bir bir hərəkət və ya hərəkətsizlik mövcud deyildir. Belə ki, işin hallardan müəyyən edilir ki, Şəxs özünün və ailəsinin birgə istifadəsində olan kompüteri götürərkən bu barədə dəftərdə qeydiyyat aparıb digər ailə üzvlərini məlumatlandırmışdır, yəni burada hər hansı bir gizli talama əməli yoxdur. Bundan başqa işin hallarında görünür ki, onun həmin kompüter barəsində sərbəst istifadə etmək və sərəncam vermək hüququ olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri olmadığından iş üzrə icraata xitam verilməlidir. Həmçinin iş materiallarında müəyyən edilir ki, Şəxs 16 noyabr 2020-ci il tarixdə saat 21:57-də inzibati qaydada tutulmuşdur. Məhkəmə hesab edir ki, inzibati qaydada tutulmuş Şəxs əməlində İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri olmadığından o, məhkəmə iclas zalından dərhal azad edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, şəxsin əməlində inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət yoxdur. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi mövcud deyildir və onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 48-51, 53, 114-117, 128-130 və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. İnzibati qaydada tutulmuş Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar