Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-385/2021 28.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X2 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun müdafiəçisi X3 iştirakları ilə, xx xxxxxx 1993-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin (BPİ) X10 İdarəsi (DYPİ) tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri BPİ DYPİ tərəfindən tərtib edilmiş 17 noyabr 2020-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Yasamal Rayon Məhkəməsinin 3(004)-385/2021 nömrəli, 09 fevral 2021-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsi ilə təqsirli bilinərək, barəsində xətanın bilavasitə obyekti olan xüsusi (çoxavazlı) səs siqnalı müsadirə edilməklə 500 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Həmin qərardan Şəxs oğlu tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə Bakı Apellyasiya Məhkəməsində yenidən baxılmış və apellyasiya məhkəməsinin 24.05.2021-ci il tarixli 3(103)-1193/2021 nömrəli qərarı ilə şikayət qismən təmin edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09.02.2021-ci il tarixli, 3(004)- 3(004)-385/2021 nömrəli qərarı ləğv edilmiş və inzibati iş materialları hərtərəfli araşdırma aparılıb məhkəmənin qərarının təsviri hissəsində göstərilənlərə hüquqi qiymət verilib yenidən baxılması üçün adiyyəti üzrə işə baxan birinci instansiya məhkəməsinə göndərilmişdir. Bakı şəhəri BPİ DYPİ tərəfindən tərtib edilmiş 17.11.2020-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu idarə etdiyi «X11» markalı **-MU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 17.11.2020-ci il tarixdə idarə edərkən əhalinin dincliyini nümayişkaranə şəkildə pozan xüsusi çoxavazlı səs siqnalı quraşdıraraq istifadə etmişdir. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 342.9-cu (nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X1 Vüqar Oqtay oğlu izahatında göstərmişdir ki, Bakı şəhər BPİ X10 İdarəsi tərəfindən tərtib edilmiş 17 noyabr 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol hüquqlarını müdafiə etdiyi şəxsə təqdim edilməmiş, hətta hüquq və vəzifələri izah edilmədən ona protokolla tanış olması üçün şərait yaradılmamış, bundan başqa DYPŞ-nin əməkdaşları tərəfindən inzibati xətalar haqqında qanunvericiliyin tələbləri pozulmaqla xüsusi səs siqnalının aşkar edilməsi iddia edilən nəqliyyat vasitəsinə onun sahibinin iştirakı olmadan baxış keçirilmiş, baxış zamanı tərtib edilmiş protokolda hal şahidlərinin iştirakının salınmasına baxmayaraq videoçəkilişin aparılması təmin edilməmişdir. Halbuki barəsində protokol tərtib edilmiş Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməmiş, protokol tərtib etmiş qurum tərəfindən isə onun təqsirliliyinə dəlalət edən hər hansı bir mötəbər sübut iş materiallarına əlavə edilməmişdir. Yeganə sübut olaraq işə əlavə edilmiş “nəqliyyat vasitəsinə baxış haqqında protokol” isə DYPŞ-si tərəfindən Azərbaycan Respublikası İXM-nin tələbləri pozulmaqla tərtib edildiyindən şəxsin təqsirliliyinə dəlalət edən sübut olaraq qəbul edilə bilməz. Odur ki, göstərilənlərə əsasən müdafiəçi X6 hüquqlarını müdafiə etdiyi Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsinin tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirib, proses iştirakçılarını dinləyərək və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 342.9-cu maddəsində nəzərdə tutulan xətanın tərkib əlamətləri olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs oğlu barəsində Bakı çəhəri BPİ X10 İdarəsi tərəfindən tərtib edilmiş 17.11.2020-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material idarənin rəisi tərəfindən imzalanmış 19.01.2021-ci il tarixli ***-**** nömrəli müşayiət məkubu ilə məhkəməyə daxil olmuşdur. Məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında iş üzrə material ümumilikdə 04 vərəqdən, yəni 2 (iki) vərəq “İnzibati xəta haqqında protokol”dan, 1 (bir) vərəq “Avtonəqliyyat saxlanılma qəbulu barədə Akt”dan və 1 (bir) vərəq “Nəqliyyat vasitəsinə baxış haqqında Protokol”dan ibarət olmuşdur. Müşayiət məktubunun “qoşma” adlı qeyd hissəsində sürücü Şəxs tərəfindən törədilməsi istinad edilən inzibati xətanın bilavasitə aləti olan “çoxavazlı səs siqnalı”nın adının göstərilməsinə baxmayaraq, məhkəməyə qeyd olunan maddi sübut faktiki olaraq təqdim edilməmişdir. Məhkəmə iclasında tərəflərin izahatlarından müəyyən edilmişdir ki, tərtib edilmiş inzibati xəta haqqında protokolda maddi sübutun götürülməsinin qeyd olunmasına baxmayaraq “çoxavazlı səs siqnalı” ümumiyyətlə DYPİ-nin əməkdaşları tərəfindən götürülməmiş və aşkar edilmiş səs siqnalının əlamətləri barədə hər hansı rəsmi sənəddə qeydiyyat aparılmamışdır. Bununla da səlahiyyətli qurum olan Bakı şəhər BPİ DYPİ-in əməkdaşları tərəfindən Azərbaycan Respubikası İXM-nin tələbləri pozulmaqla inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən və törədilməsi iddia edilən inzibati xətanın bilavasitə aləti olan maddi sübutun, yəni “çoxavazlı səs siqnalı”nın iş üzrə icraat başa çatanadək qorunub saxlanılması zəruri tədbirlərin görülməsi təmin edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 77-ci (maddi sübutlar) maddəsinə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. Maddi sübutların fotoşəkilləri çəkilir və onlar inzibati xəta haqqında işə əlavə edilir. Maddi sübutlar inzibati xətalar haqqında protokolda qeyd edilir. İcraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Bundan başqa məhkəmə tərəfindən iş materialları tədqiq edilərkən müəyyən edilmişdir ki, Bakı şəjəri BPİ X10 İdarəsinin inspektoru X4 tərəfindən tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmiş hazırki protokol düzgün tərtib edilmədiyindən, yəni qüsurlu olduğundan və sübutlar təqdim edilmədiyindən Yasamal Rayon Məhkəməsinin 07.12.2020-ci il tarixli 3(004)3975 nömrəli qərardadı ilə geri qaytarılmışdır. Hazırki halda isə müəyyən edilir ki, yeni inzibati xəta haqqında protokol tərtib edilmədən, yəni qüsurlu protokol yenidən baxılması üçün məhkəməyə gömdərilmişdir. Qeyd olunan hal isə Azərbaycan Respublikası İXM-nin tələblərinin kobud şəkildə pozulması kimi qiymətləndirildiyindən ümumiyyətlə həmin protokol özü-özlüyündə mötəbər sübut olaraq məhkəmə tərəfindən qəbul edilə bilməz. Bundan başqa, iş materiallarına əlavə edilmiş diskdəki fotoşəkillərə və videogörüntüyə baxış keçirilərkən nəqliyyat vasitəsinə baxış prosessual hərəkətin keçirilməsində kimlərin iştirak etməsi, sahibinin nəqliyyat vasitəsinin yanında olubolmaması, eləcə də kimlərin hal şahidi olmasını müəyyən etmək mümkün olmamışdır. Belə ki, proses iştirakçılarının özləri videogörüntüdə görünmür. Belə olan halda isə sübur olaraq təqdim edilmiş disk də məhkəməyə tərəfindən mötəbər sübut olaraq qəbul edilə bilməz. İlkin olaraq hal şahidlərinin iştirakı olmadan nəqliyyat vasitəsinə baxış keçirilməsinə dair tərtib edilmiş protokol məhkəmə tərəfindən geri qaytarıldıqdan sonra yenidən protokola hal şahidlərinin adlarının qeyd edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, bu hal da qanunvericiliyin tələblərinin ciddi pozulması kimi qiymətləndirilərək sözügedən protokol da mötəbər sübut olaraq qəbul edilə bilməz. Bundan başqa, nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında 17.11.2020-ci il tarixdə tərtib edilmiş protokoldan həmçinin müəyyən edilmişdir ki, həmin protokolda avtomobilin mühərrik hissəsində xüsusi (çoxavazlı) səs siqnalının aşkar edilməsi qeyd olunmasına baxmayaraq, həmin səs siqnalının götürülməsi və onun xüsusi əlamətləri barədə heç bir qeydiyyat aparılmamışdır. Göründüyü kimi, Bakı şəhəri BPİ X10 İdarəsinin inspektoru X4 tərəfindən Azərbaycan Respublikası İXM-nin 93-cü (Nəqliyyat vasitəsinə baxış) maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, həmin maddənin tələbinə görə nəqliyyat vasitəsinə baxış onun qanuni sahibi ilə yanaşı iki hal şahidinin iştirakı ilə keçirilməli, yalnız təxirəsalınmaz hallarda baxış qanuni sahibin iştirakı olmadan videoyazı aparılmaqla keçirilə bilər. Eyni zamanda baxış zamanı aşkar edilmiş əşyaların növü, miqdarı və digər eyniləşdirmə əlamətləri barədə məlumatlar tərtib edilmiş protokolda göstərilməli, maddi sübutların qeydə alınması məqsədi ilə fotoşəkillərin, videoyazıların aparılması tətbiq edilməli, protokolda fotoşəkillərdən, videoyazıdan istifadə edilməsi barədə qeyd aparılmalı və əldə edilmiş materiallar müvafiq protokola əlavə olunmalıdır. Hazırki işin materiallarından göründüyü kimi Bakı şəhəri BPİ X10 İdarəsinin inspektoru X4 tərəfindən pozulmuşdur. Belə ki, İXM-nin 69.2-ci maddəsinə görə şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər. 93.2-ci (Nəqliyyat vasitəsinə baxış) maddəyə görə nəqliyyat vasitəsinə baxış nəqliyyat vasitəsi sahibinin və iki hal şahidinin iştirakı ilə aparılır. Təxirə salınmayan hallarda nəqliyyat vasitəsinə baxış nəqliyyat vasitəsinin sahibinin iştirakı olmadan videoyazı aparılmaqla keçirilə bilər. 93.3-cü maddəyə görə nəqliyyat vasitəsinə baxış haqqında protokol tərtib olunur və bu protokolda protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib edən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; nəqliyyat vasitəsinin sahibi barəsində məlumatlar; nəqliyyat vasitəsinə baxış keçirilməsi üçün əsaslar; nəqliyyat vasitəsinin tipi, markası, modeli, dövlət qeydiyyat nişanı və digər eyniləşdirmə əlamətləri barədə məlumatlar; aşkar edilmiş əşyaların növü, miqdarı və digər eyniləşdirmə əlamətləri, o cümlədən silahın markası, modeli, seriyası və nömrəsi, döyüş sursatının növü və miqdarı barədə məlumatlar; aşkar edilmiş sənədlərin növü və rekvizitləri göstərilir. Həmin Məcəllənin 97.1-ci (Nəqliyyat vasitələrinin saxlanılması) maddəsinə görə həmin Məcəllənin 346.1 və 346.2-ci maddələrində nəzərdə tutulan inzibati xəta törədildiyi halda (əgər sürücü həmin nəqliyyat vasitəsinin yanında deyildirsə), həmçinin Məcəllənin 96.1-ci maddəsində göstərilən hallarda nəqliyyat vasitəsi müvəqqəti olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mühafizə olunan duracağında saxlanılır. Həmin Məcəllənin 96.1.5-ci maddəsinə görə digər hallarla yanaşı nəqliyyat vasitəsində normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə, nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkildikdə, nəqliyyat vasitəsi müvafiq icazə olmadan xüsusi səs (çoxavazlı) və ya sayrışan işıq siqnalları ilə təchiz edildikdə, bu pozuntuları yerində aradan qaldırmaq mümkün olmadıqda fiziki şəxslər nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır. Qeyd olunan normaların məzmunundan göründüyü kimi nəqliyyat vasitəsi normativ tələblər pozulmaqla avadanlıq, o cümlədən müvafiq icazə olmadan xüsusi səs (çoxavazlı) siqnalları ilə təchiz edildikdə bu pozuntuları yerində aradan qaldırmaq mümkün olmadıqda sürücü nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılmaqla nəqliyyat vasitəsi müvəqqəti olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mühafizə olunan duracağında saxlanılır. Lakin hazırki işin faktiki hallarından, barəsində protokol tərtib edilmiş Şəxs oğluna məxsus «Hyundai Santafe» markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobildə müvafiq icazə olmadan xüsusi səs (çoxavazlı) siqnalının təchiz edilib-edilməməsini, əgər təchiz edilmişdirsə hansı növ əlamətlərə malik səs siqnalının təchiz edilməsini və ya həmin avtomobilin hansı hissəsində təchiz edilməsini, təchiz edilmiş səs siqnalının yerində aradan qaldırılmasının mümkün olub-olmamasını və bunun üçün nəqliyyat vasitəsinin mühafizə olunan duracaqda saxlanılması üçün əsasların olub-olmamasını müəyyən etmək mümkün deyildir, həmçinin qeyd olunan inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri BPİ X10 İdarəsi tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Bunun əksinə olaraq məhkəmə tərəfindən məyyən edilmişdir ki, sürücü Şəxs oğlu barəsində tərtib edilmiş 17.11.2020-ci il tarixli, İXP seriyalı ******* nömrəli “İnzibati xəta haqqında protokol”, eyni tarixli “Avtonəqliyyat saxlanılma qəbulu barədə Akt” və “Nəqliyyat vasitəsinə baxış haqqında Protokol” Azərbaycan Respublikası İXM-nin tələbləri pozulmaqla tərtib edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qanuna zidd olaraq əldə edilmiş sübutlar məhkəmə tərəfindən qəbul edilə və istifadə oluna bilməz. Təqsirsizlik prezumpsiyasına əsasən barəsində protokol tərtib edilmiş Şəxs oğlunun öz təqsirsizliyini sübut etmək vəzifəsi olmadığından mövcud şübhələr onun xeyrinə həll edilməklə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 76-cı maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 3-cü (İnzibati məsuliyyətin əsasları) maddəyə görə yalnız Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci (Təqsirsizlik prezumpsiyası prinsipi) maddəyə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Şərh olunanlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 342.9-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibinin olması sübuta yetirilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 510-cu maddələrini rəhbər tutaraq, məhəkmə QƏRARA ALDİ: Şəxs barəsində Bakı şəhəri BPİ X10 İdarəsi tərəfindən tərtib edilmiş 17.11.2020-ci il tarixli, İXP seriyalı ******* nömrəli protokol əsasında Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-385/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-385/2021
28.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver