Məhkəmə qərarları › İş №3(004)-385/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-385/2025

11.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-385/2025 11.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3 oğlunun katibliyi, "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Azərbaycan Respublikası Mərkəzi Bankı Hüquq Departamentinin İnzibati İcraat və Məhkəmə İşləri Şöbəsindən "xxxx" MMC barəsində daxil olmuş İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Mərkəzi Bankı Hüquq Departamentinin İnzibati İcraat və Məhkəmə İşləri Şöbəsi tərəfindən "xxxx" MMC barəsində İXM-in 430.4-cü maddəsi ilə 23 yanvar 2025-ci il tarixdə, EP №0191232 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, "xxxx" MMC 188653,00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı qündən 02 ildən artıq müddət keçməsinə baxmayaraq, 174785,71 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən qeri qaytarılmamışdır. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin vəkili və eyni zamanda nümayəndəsi Nümayəndə bildirdi ki, "xxxx" MMC “X1” şirkətinin hesabına qabaqcadn köçürülmüş 188.653 və 21.500 ABŞ dolları məbləğində malların ölkəyə çatdırılması həmin şirkətin istehsal prosesində yaranmış problemlə bağlı olmuşdur. Belə ki, qeyd edilən şirkət sifariş verilən malları istehsal etmək üçün xammalı başqa ölkədən sifariş edir və həmin xammalın göndərilməsində gecikmə olduğundan sifariş verilən mallar vaxtında istehsal edilərək ölkəyə çatdırıla bilməmişdir. Qeyd edilən faktla bağlı “X1” şirkəti ilə danışıqlar aparmışlar və həmin şirkət tərəfindən xx.xx.2025-ci il tarixindı onlara rəsmi cavab verilmişdir. Həmin sənəd məhkəməyə təqdim edilmişdir. Göstərilənlərə əsasən köçürülmüş pulun müqabilində malların ölkəyə idxalında yaranmış gecikmədə və İXM-nin 430.4-cü maddəsi ilə tərtib edilmiş protokolda göstərilən əməldə "xxxx" MMC-nin hər hansı bir təqsiri yoxdur, MMC-dən asılı olmayan obyektiv səbəblərlə əlaqədar sifariş verilən mallar vaxtında istehsal edilərək çatdırılmamışdır. Bunu istehsalçı şirkətin "xxxx" MMC-yə ünvanlandığı məktubu da təsdiq edir. Bu səbəbdən də qeyd edilən əməldə inzibati xəta tərkibi mövcud olmur. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati xəta haqqında iş materialına əlavə olan sənədlərdən görünür ki, "xxxx" MMC 188653,00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı qündən 02 ildən artıq müddət keçməsinə baxmayaraq, 174785,71 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən qeri qaytarılmamışdır. İş materiallarına əlavə olan “X1” İML İNS İTH İHR SAN VE TİC A.S şirkətinin "xxxx" MMC-yə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, "xxxx" MMC tərəfindən öncədən avans yolu ilə ödənmiş 188.653 və 21.500 ABŞ dolları məbləğində pul müqabilində sifariş verilmiş məhsulların çatdırılması həmin məhsulların istehsalı üçün zəruri xammalın xaricdən gətirilməsində yaranmış problemlərə görə gecikmişdir. Eyni zamanda qeyd olunmuşdur ki, ödənən məbləğ qarşılığında mallar ən qısa zamanda istehsal edilərək çatdırılacaqdır. İXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilmişdir. Həmin maddənin dispozisiyasında qeyd edilmiş əməlin formal cəhətdən mövcudluğu, yəni avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması özü-özlüyündə heç də şəxsin əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcudluğunu ehtiva etmir. Belə ki, həmin əməlin mövcudluğunda MMC-nin təqsiri müəyyən edilməlidir. Əgər təqsir vardırsa, onda inzibati məsuliyyət mövcud olur. Əgər təqsir yoxdursa, onda inzibati xəta mövcud olmur. Buna görə də məhkəmə qeyd edir ki, inzibati xəta əlamətlərinin formal mövcudluğu, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün yetərli deyildir. İnzibati xəta əlamətləri formal cəhətdən mövcuddursa da, həmin xətanın törədilməsində MMC-nin təqsiri müəyyən edilməlidir. Təqsirsiz olaraq və ya şəxsin iradəsindən asılı olmayaraq baş vermiş nöqsan, şəxsin inzibati məsuliyyətinə səbəb ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, inzibati işin məhkəmə araşdırması zamanı yuxarıda qeyd edilən mötəbər sübutlara və işin hallarına uyğun olaraq müəyyən edilmişdir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Belə ki, "xxxx" MMC 188653,00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı qündən 02 ildən artıq müddət keçməsinə baxmayaraq, 174785,71 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən qeri qaytarılmamışdır. Sifariş verilən mallar xeyrinə avans yolu ilə köçürülmə aparılmış şirkətin istehsal prosesində yaranmış gecikmə ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş iki illik müddət başa çatmasına baxmayaraq ölkəyə idxal edilməmişdir. Sözügedən faktı "xxxx" MMC-nin nümayəndəsinin məhkəməyə təqdim etdiyi “X1” İML İNS İTH İHR SAN VE TİC A.S şirkətinin "xxxx" MMC-yə ünvanlanan xx.xx.2025-ci il tarixli məktub ilə təsdiq edir. Eyni zamanda həmin məktubda istehsalçı şirkət malların təhvil verilməsində yaranmış gecikməyə görə üzürxahlıq edərək həmin malların ən qısa müddətdə sifarişçiyə çatdırılacağını qeyd edir. Həmin sübutun hüquqazidd olması, saxta olması, həmin sənədin sübut kimi qəbul edilməsini təkzib edən və ya şübhə altına alan hər hansı bir hal müəyyən edilmədiyindən, həmin sənədlərin surətlərindən müəyyən edilir ki, baş vermiş hadisə üzrə hüquqi şəxsin əməlində qəsdən və ya ehtiyatsızlıq formasında təqsir mövcud deyildir. Qeyd edilən əhəmiyyətli halı nəzərə alaraq məhkəmə hesab edir ki, "xxxx" MMC-nin iradəsindən asılı olmayan səbəblərə görə baş vermiş hallara (nəticələrə) görə müqavilə üzrə dəyəri ödənilmiş malların ona təhvil verilməsi obyektiv səbəblərə görə gecikdiyindən onun tərəfindən inzibati xəta hadisəsinin törədilməsində təqsirli olması qənaətinə gəlmək ağlabatan və qanuni hesab edilə bilməz. Formal cəhətdən mövcud olan əməldə şəxsin təqsirinin mütləq müəyyən edilməli olması Konstitusiya Məhkəməsinin də qərarlarında öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Konstiusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair” xx.xx.2020-ci il tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsinin valyuta əməliyyatlarına nəzarətin effektivliyinin artırılması, beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması məqsədinə xidmət edən 430.4-cü maddəsi ilə də avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malların idxal edilməməsi, işlərin görülməməsi və ya xidmətlərin göstərilməməsi halında ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilərək həmin əməli təqsirli olaraq törədən şəxslər üçün inzibati hüquqi məsuliyyət müəyyən edilmişdir. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, qanunverici tərəflərə müqavilə azadlığı və onun şərtlərinin müəyyənləşdirilməsində sərbəstlik versə də, onlar tərəfindən bağlanılan müqavilə qanunla və digər hüquqi aktlarla müəyyənləşdirilmiş və tərəflər üçün məcburi olan imperativ xarakterli qaydalara uyğun olmalıdır. Bu zaman qanunverici həm tərəflərin, həm dövlətin və ictimai münasibətlərin ümumi maraqlarından çıxış etmiş olur. Bundan başqa, idxalda hesablaşmalarla bağlı müddət tələbinə əməl edilməməsi hələ özlüyündə inzibati tənbeh tədbirinin tətbiqi üçün kifayət edən əsas kimi çıxış etmir. Bununla bağlı Konstiusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” 2019-cu il 19 dekabr tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Göründüyü kimi Konstitusiya Məhkəməsinin qərarındada göstərilmişdir ki, valyuta məbləğinin xaricdən ölkəyə gətirilməsi ilə bağlı müəyyən edilmiş müddətlərə əməl edilməməsi özü-özlüyündə inzibati xəta tərkibi yaranması üçün kifayət etmir. Valyutanın geri qaytarılmaması səbəbi araşdırılmalı, şəxsin təqsiri müəyyən edilməlidir. Təqsirin əhəmiyyəti vardır. Təqsir yoxdursa, inzibati məsuliyyət yarana bilməz. Şəxsin əməlində inzibati xətanın elementlərindən olan obyektiv və subyektiv cəhətlər yoxdur. Belə bir vəziyyətdə şəxsin inzibati xətanın törədilməsində qəsdinin və ya ehtiyatsızlığının nədən ibarət olmasına dair də sübut təqdim edilməmişdir. Ümumiyyətlə bunları təsdiq edən sübut toplamamışdır. Şəxsin əməlində inzibati xətanın elementlərindən olan obyektiv və subyektiv cəhətlər yoxdur. Belə bir vəziyyətdə şəxsin inzibati xətanın törədilməsində qəsdinin və ya ehtiyatsızlığının nədən ibarət olmasına dair də sübut təqdim edilməmişdir. Ümumiyyətlə bunları təsdiq edən sübut toplamamışdır. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X2 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti həmçinin İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi həmin Məcəllədən ibarətdir. İXM-nin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. İXM-in İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmədə müəyyən edilmiş yuxarıda qeyd edilən işin halları və sadalanan normalara əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə və protokolda təqsirli bilindiyi İXM-in maddəsi üzrə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, protokolda göstərilən İXM-in maddəsi üzrə inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Bu barədə sübutlar kifayət etmir. Şübhələr və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll etməlidir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXMnin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: "xxxx" MMC barəsində tərtib olunmuş 23 yanvar 2025-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola dair Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar