Məhkəmə qərarları › İş №3(004)-3857/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3857/2024

08.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3857/2024 08.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, Barəsində inzibati qaydada icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X3 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 518.1-ci maddəsi ilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X7 Xidməti 2-ci Ərazi X7 İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında MN ******* saylı, 22 iyul 2024-cü il tarixli protokola əsasən Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 140 ünvanda yerləşən Şəxs MMC-yə məxsus mağazada planlı YTM keçirilən zaman YTQ N01-2001, bənd 2.5, 5.3, 9.7, YTQ N03-2002, bənd 2.2.7 bəndinin pozulması aşkar edilmişdir. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-in 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati qaydada icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X6 bildirmişdir ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X7 Xidməti 2-ci Ərazi X7 İdarəsi Şəxs MMC-də yoxlama keçirmişdir. Həmin yoxlama üçün icazə 17-19 iyul tarixi aralığı üçün alınmışdır. Lakin Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X7 Xidməti 2-ci Ərazi X7 İdarəsi 11 iyul tarixində qanunsuz olaraq obyektə daxil olaraq yoxlama keçirmişlər. Həmçinin 13 iyul tarixində müayinə aktı tərtib olunmuşdur. Qeyd olunan faktlar açıq-aşkar prosessual pozuntulardır. Onu da qeyd etmişdir ki, Şəxs MMC həmin obyektdə icarə əsasında fəaliyyət göstərir və yanğın təhlükəsizliyi ilə bağlı sazlamalar öhdəliyi icayə verənin üzərinə düşür. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X7 Xidməti 2-ci Ərazi X7 İdarəsinin səlahiyyətli nümayəndəsi gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir Məhkəmə, inzibati işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X7 Xidməti tərəfindən qəbul edilmiş “Yanğın-texniki müayinənin aparılması haqqında” 3277 saylı, 11 iyul 2024-cü il tarixli qərardan görünür ki, Şəxsnə məxsus Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 140 ünvanda yerləşən mağazada planlı yoxlamanın aparılması qərara alınmışdır. 3277 saylı, 19 iyul 2024-cü il tarixli “Yanğın-texniki müayinə aktı”ndan və “Yanğıntexniki müayinə materiallarına baxılmasının nəticələri üzrə” 3277 saylı, 19 iyul 2024-cü il tarixli qərardan görünür ki, obyektin elektrik təsərrüfatının istismarı zamanı avtomatik yanğın xəbərverici siqnalizasiyanın işlək vəziyyətdə olmadığı, təxliyyə yollarında maneəedici əşyaların saxlanılmasına yol verildiyi, təxliyyə planının tərtib olunmadığı, mallar yığılan zaman odsöndürən vasitələrin və alışmanın eynilik əlamətləri nəzərə alınmaqla maddə və materialların birgə saxlanılması qaydalarına riayət edilmədiyi müəyyən edilmişdir. İnzibati xəta haqqında MN ******* saylı, 22 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 140 ünvanda yerləşən Şəxs MMC-yə məxsus mağazada planlı YTM keçirilən zaman YTQ N01-2001, bənd 2.5, 5.3, 9.7, YTQ N03-2002, bənd 2.2.7 bəndinin pozulması aşkar edilmiş, protokolun tərtib olunması zamanı MMC-nin səlahiyyətli nümayəndəsi izahat verməkdən imtina etmişdir. 01 iyul 2022-ci il tarixli icarə müqaviləsindən görünür ki, müqavilə iki tərəf arasında tərtib edilmiş, bir tərəfdə icarəyə verən – X2, digər tərəfdə icarəçi – Şəxs MMC / VÖEN:********** adından X4 çıxış etmiş, həmin müqavilənin 5.1.11-ci maddəsinə əsasən yanğın siqnalizasiya sisteminin çəkilişini və texniki sazlığını təmin etmək icarəyə verənin öhdəliyi sırasında qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. “X1” AR Qanununun 6-cı maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun bölmələrinin vəzifəli şəxsləri öz xidməti vəzifələrini yerinə yetirərkən onların ərazilərə, binalara, qurğulara və müəssisənin başqa obyektlərinə daxil olmasını təmin etmək, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun bölmələrinin vəzifəli şəxslərinin tələbi ilə müəssisələrdə yanğın təhlükəsizliyi vəziyyəti barəsində, o cümlədən istehsal etdikləri məhsulun yanğın təhlükəsizliyi, habelə öz ərazilərində baş vermiş yanğınlar və onların nəticələri barəsində məlumatlar və sənədlər vermək anğın təhlükəsizliyi sahəsində müəssisələrin vəzifələridir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafıəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Avropa İnsan Hüquqları Məhkəməsi “Karelin Rusiyaya qarşı” işi üzrə (xx.xx.2016) qəbul etdiyi qərarında Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) qərəzsizlik tələbinə riayət olunmaması ilə əlaqədar pozuntu baş verdiyini qərara almışdır. Həmin maddəyə görə “hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ... işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnzibati xəta haqqında protokolda rəsmiləşdirən məmurun məhkəmədə işə baxılarkən inzibati xətaya görə təqsiri sübut etmək səlahiyyətinə malik olmadığını, ittihamedici orqanın və ya rəsminin olmaması şəraitində isə ona qarşı ittihamın sübut edilməsi yükünün bütünlükdə hakimin üzərinə düşdüyünü, bunun isə hakimə müdafiə tərəfinin ifadələrini rədd etmək üçün proprio motu arqumentlər axtarmaqdan başqa yol qoymadığını qeyd etmişdir. O, bunun öz növbəsində sübutların qiymətləndirilməsində balansı pozduğunu, nəticədə onun Avropa İnsan Hüquqları Konvensiyası ilə nəzərdə tutulan ədalətli məhkəmə araşdırması hüququnun pozulduğu göstərilmişdir. Məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlarla Şəxs əməlində AR İXMnin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinin iş materialları ilə sübuta yetirilməməsi səbəbindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əsasən müəyyən edilir ki, əvvəla 01 iyul 2022-ci il tarixli icarəyə verən X2 və icarəçi – Şəxs MMC/VÖEN:********** adından X4 arasında bağlanmış icarə müqaviləsinin 5.1.11-ci maddəsinə əsasən yanğın siqnalizasiya sisteminin çəkilişini və texniki sazlığını təmin etmək icarəyə verənin öhdəliyi sırasında qeyd edilmiş, daha sonra Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X7 Xidməti 2-ci Ərazi X7 İdarəsi Şəxs MMC-də yoxlama keçirmiş, həmin yoxlama üçün icazə 16 iyul 2024-cü il tarixində məhz 17-19 iyul tarixi aralığı üçün alınmış, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X7 Xidməti 2-ci Ərazi X7 İdarəsi 11 iyul tarixində yoxlama keçirilmişdir. Məhkəmə inzibati icraat aparılan Şəxs icarə müqaviləsinə əsasən inzibati xətanın subyekti olmadığını, həmçinin yoxlama üçün icazənin 16 iyul 2024-cü il tarixində məhz 17- 19 iyul tarixi aralığı üçün alındığını, ancaq 11 iyul tarixində yoxlama keçirildiyini nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlir. Şərh olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, Şəxs MMC-nin təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Konstitusiya Məhkəməsinin mövqeyini rəhbər tutan məhkəmə qeyd edir ki, hazırda məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokol sübutedici qüvvəsi olmayan ittiham yönümlü sənəd olduğundan həmin protokolda göstərilən hallar digər zəruri sübutlarla təsdiq olunmalıdır. Belə olan halda, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, Şəxs MMC-nin AR İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə təqsirli olması sübuta yetirilmədiyindən AR İXM-nin 53.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 109, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar