Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3859/2024 20.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclas katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndələri 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı X1, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin vəkili və etibarnamə üzrə nümayəndəsi X2, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən, Şəxs MMC-nin tərəfindən ətraf mühitin müəssisə monitorinqinin, ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatı aparılmamışdır. Həmçinin Ətraf mühit üzrə dövlət fonduna ödəniş təmin edilməmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsi 88 ünvanında yerləşən Şəxs MMC barəsində idarənin əməkdaşları tərəfindən araşdırma aparılmışdır. Araşdırma zamanı müvafiq qanunvericilik əsasında ödənişlərin hesablanması üçün "X6” MMC tərəfindən təsərrüfat fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar ekoloji normativ sənədlər əsasən ətraf mühitə atılan (axıdılan) çirkləndirici maddələrin aylıq uçot və hesabatının o, cümlədən əmələ gələn istehsalat və məişət tullantılarının (təhlükəli və təhlükəsiz) həcmi barədə məlumatların idarəyə təqdim edilmədiyi həmçinin məlumatlar əsasında tərtib edilmiş 2TG (hara, təhlükəli tullantılar su təsərrüfatı) illik statistik hesabatların qanunla müəyyən olunmuş vaxtda idarəyə təqdim edilərək razılaşdırılmadığı və ətraf mühitə atılan tullantılara görə ödənişlərin "Ətraf mühitinin mühafizəsi üzrə Dövlət Fondu”na ödənilmədiyi müəyyən edildi. Ekoloji normativ sənədlərin və 2TG illik statistik hesabatların idarəyə təqdim edilməsi üçün "X6” MMC-yə xx.xx.2023-cü il tarixli 3-14-26/2-1693/2023 nömrəli məktub ünvanlanmış, lakin müəssisə tərəfindən məktuba heç bir cavab verilməmişdir. Göstərilənləri nəzərə alaraq "X6” MMC barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "X6” MMC-nin vəkili və eyni zamanda nümayəndəsi X4 bildirmişdir ki, inzibati xəta haqqında protokol tərtib edilərkən bir sıra xətalara yol verilmişdir. Belə ki, "X6” MMC-nin fəaliyyət göstərdiyi ünvan qismində Yasamal rayonu, H.B.ünvan 1 ünvan hazırda "xxxx" MMC-nin mülkiyyətindədir. Eyni zamanda məhkəmə iclasının iki dəfə təxir edilməsinə baxmayaraq tərtib edilmiş protokolda inzibati xətanın dispozisiyasında qeyd edilənlərin nəyə görə sırf "X6” MMC tərəfindən edilməli olmasına dair orqan tərəfindən hər hansı bir izahat və sübut məhkəməyə təqdim edilə bilməmişdir. Belə ki, "X6” MMC-nin hansı fəaliyyətinə görə həmin hərəkətləri etməli olması protokolda konkret olaraq qeyd edilməmişdir. Bütün bunları nəzərə alaraq Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolun ləğv edilməsini və başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 85939 saylı aktdan görünür ki, araşdırma aparılaraq müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsi 88 ünvanında fəaliyyət göstərən Şəxs MMC “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası qanununun 18-ci maddəsinin tələblərin pozmuşdur. Belə ki, həmim maddənin tələblərinə əsasən hüquqi şəxs kimi (təbiətdən istifadələr) ətraf mühitin müəssisə (istehsalat) monitorinqini, onların həyata keçirdiyi ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunu və hesabatını aparmağa borclu olduğu halda buna riayyət etməmişdir. Eyni zamanda həmin qanunun 24-cü maddəsinin tələblərini pozmaqla ətraf mühitin çirkləndirilməsinə, tullantıların yerləşdirilməsinə, habelə təbii resurslardan istifadəyə görə ödənişlər qanunvericiliklə müəyyən edilmiş qaydada Ətraf mühitin mefafizəsi üzrə dövlət fonduna ödənişlə etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İnternet vergi idarəsindən elektron qaydada əldə edilmiş çıxarışdan görünür ki, Şəxs MMC-nin hüquqi və faktiki ünvanı Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi pr-ti 3166-cı məhəllə ünvanıdır və əsas fəaliyyəti isə “Sərgi zalları da daxil edilməklə qeyri yaşayış binalarının istismara və kirayəyə verilməsi”dir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "X6” MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məlum olduğu kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsinə əsasən ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmamasına görə - vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Yuxarıda qeyd edilən maddənin məzmunundan da göründüyü kimi həmin maddədə nəzərdə tutulmuş inzibati xəta hadisəsinın baş verməsi üçün şəxs bir sıra hərəkətlər etməli o, cümlədən ətraf mühitin müəssisə (istehsalat) monitorinqini, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatını aparmamalıdır. Digər tərəfdən “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası qanununun 18-ci maddəsinə əsasən hüquqi şəxslər (təbiətdən istifadəçilər) ətraf mühitin müəssisə (istehsalat) monitorinqini, onların həyata keçirdiyi ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunu və hesabatını aparmağa borcludurlar. Maddənin məzmunundan da göründüyü kimi hüquqi şəxslər təbiətdən istifadəçi olduğu, istehsalatla məşğul olduğu halda ətraf mühitin müəssisə (istehsalat) monitorinqini aparmağa borcludur və əgər həyata keçirdiyi fəaliyyət ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətidirsə məhz o halda ətraf mühitə təsirinin uçotunu və hesabatını aparmağa borcludur. Məhkəmə yuxarıda qeyd edilmiş qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, "X6” MMC yalnız o, halda inizbati xətanın törədilməsində təqsirli bilinərək barəsində tənbeh tətbiq edilə bilər ki, onun təbiətdən istifadəçi olduğu, istehsalatla məşğul olması halında, həmçinin həyata keçirdiyi fəaliyyətin ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyəti olması mötəbər sübutlarla öz təsdiqin tapmış olsun. Bununla bağlı məhkəmə qeyd edir ki, inzibati orqan tərəfindən təqdim edilmiş inzibati araşdırmaya dair sənədlərdə nə də ki, məhkəmə araşdırması zamanı yuxarıda qeyd edilən halları təsdiq edən heç bir sübut müəyyən edilməmişdir. Digər tərəfdən məhəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "X6” MMC inzibati xətalar haqqında protokolda qeyd edildiyi kimi fəaliyyətini Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsi 88 ünvanında deyil, Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi pr-ti 3166-cı məhəllə ünvanında fəaliyyət göstərir. Belə olan halda məhkəmə qeyd edir ki, inzibati orqan tərəfindən barəsində protokol tərtib edilmiş hüquqi şəxsin fəaliyyət göstərmədiyi ünvanda araşdırma aparmışdır və ona görə də həmin ünvanda həyata keçirilən fəaliyyətin "X6” MMC-yə aid edilməsi mümkün deyildir. Eyni zamanda məhkəmə qeyd edir ki, "X6” MMC barəsində tərtib edilmiş inzibati xətaya dair protokolda İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsinin dispoziyası ilə əhatə olunmayan hərəkətlərin törədilməsi qeyd edilmişdir. Belə ki, ətraf mühit üzrə dövlət fonduna ödəniş təmin edilməməsi kimi bir hal həmin maddənin dispozitiv şərti olmadığı halda inzibati orqan MMC-tərəfindən belə bir xətanın törədilməsini hesab edərək inzibati protokol tərtib etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsi 88 ünvanında ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin olması və yaxud da hüquqi şəxslərin təbiətdən istifadəçi olduğu, istehsalatla məşğul olması, həmin fəaliyyətin məhz "X6” MMC tərəfindən həyata keçirilməsi ilə bağlı mötəbər sübutlar mövcud deyildir.Əksinə iş materialinda olan mötəbər sübutla müəyyən olunur ki, "X6” MMC-nin ünvanı Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 3166-cı məhəllə ünvanıdır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati orqan tərəfindən inzibati xəta haqqında protokol düzgün və əsaslı tərtib edilməmiş, inzibati xəta hadisəsini sübut edən sənədlər işə əlavə edilməmişdir. Məhkəmə tərəfindən iki dəfə məhkəmə iclası təxirə salınmasına baxmayaraq, zəruri sənədlər və iş üçün əhəmiyyət kəsb edən sübutlar məhkəməyə təqdim edilə bilinməmişdir. Bununla da məhkəmə qeyd edir ki, hazırki iş üzrə "X6” MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi yoxdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsinə əsasən ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmamasına görə - vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1 -ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1 -ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Ona görə də, "X6” MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114-117, 128-130 və 239-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibatiiXətalar Məcəlləsinin 239-cu maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-3859/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3859/2024
20.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver