Məhkəmə qərarları › İş №3(004)-3885/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3885/2022

12.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3885/2022 12.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X3 iclas katibliyi ilə, X1 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsinin TP ******* saylı, xx.xx.2022-ci il tarixli qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətçi şikayətində və məhkəməyə verdiyi izahatında şikayətini onunla əsaslandırmışdır ki, o, Gürcüstan Respublikası vətəndaşı olmaqla Abşeron rayonu, Mehdiabad qəsəbəsi, ünvansız evə müvəqqəti qeydiyyatdadır və ünvan 2 ünvanda yaşayır. 02 aprel 2022-ci il tarixdə idarə etdiyi AZ **-BF-*** dövlət qeydiyyat nişanlı, «QAZEL» markalı yük avtomobilini Bakı şəhəri, Moskva prospektində idarə edərkən Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanıldı və müxtəlif bəhanələr gətirilərək, yəni əsassız və qanunsuz olaraq gah yol hərəkəti qaydalarını pozmağı, gah yükdaşıma qaydalarını pozmağı, gah da nəqliyyat vasitəsinə əlavə avadanlıq quraşdırmağı bildirilməklə idarə etdiyi yük avtomobili cərimə duracağına aparıldı və 02 aprel 2022-ci il tarixli, İXP ******* saylı protokol tərtib edilməklə 04 aprel 2022-ci il tarixdə TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edildi və 150 manat cərimə edildi. Əslində isə həmin vaxt, həmin ərazidə heç bir yol hərəkəti qaydalarını pozmamışdı, yükdaşıma qaydalarını pozmamışdı, həmçinin nəqliyyat vasitəsinə əlavə avadanlıq quraşdırmamışdı. Buna baxmayaraq barəsində protokol tərtib edilməklə qərar qəbul edildi. Qeyd etdiyi qanunsuzluqla əlaqədar müvafiq olaraq aidiyyatı qurumlara müraciət etsə də bir fayda olmadı. Həmin protokoldan və qərardan narazıdır, ona görə də məhkəmədən barəsində olan inzibati xəta haqqında protokolun və qərarın ləğv olunmasını xahiş edir. Qərarından şikayət verilən orqanın nümayəndəsi, protokol tərtib etmiş şəxs Nümayəndə1 bildirdi ki, inzibati xətanın törədilməsi tam təsdiq edilir, bu barədə fotoşəkillərdə də təsdiq edilir və videogörüntüdə də bu fakt təsdiq edilir. Ona görə də şikayətin rədd edilməsini xahiş etdi. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsinin TP ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən X5 02 aprel 2022-ci il tarixdə saat 09:10 radələrində “QAZ 33021 yük” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, 20 Yanvar dairəsində yol-hərəkət qaydalarının pozulmasına görə İXM-in 327.1, 342.2.2 və 342.5-ci maddələri ilə təqsirli bilinib 150 manat cərimə edilmişdir. Həmin qərar xx.xx.2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında iş üzrə protokol əsasında qəbul edilmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, işikayətçinin məhkəməyə təqdim etdiyi telefonundakı fotoşəkillərdən görünür ki, şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da protokolla da müəyyən edilir ki, şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsinin TP ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında qərardan verdiyi şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar