Məhkəmə qərarları › İş №3(004)-3886/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3886/2023

21.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3886/2023 21.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X4 iclas katibliyi ilə, X1 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin EQ 15656392 saylı, xx.xx.2023-cü il tarixli qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətçi şikayətində və məhkəməyə verdiyi izahatında şikayətini onunla əsaslandırmışdır ki, o, xx.xx.2023-cü il tarixdə saat 14:01 radələrində idarə etdiyi “TOYOTA PRADO minik” markalı, **-VD-*** d.q.n. avtomobillə A.Abbasov küçəsi ilə düşüb Mətbuat küçəsi ilə kəsişməyə çatdıqda, sol dönmə işığını yandırıb “Qələbə” dairəsi istiqamətində hərəkətini davam etdirmişdir. Bildirir ki, A.Abbasov küçəsi ilə düşdükdə nə işıqfordan əvvəl nə də sonra (Mətbuat prospekti iki kəsişmədən ibarət olduğundan orada iki nişan mütləqdir) heç bir “Əmredici” yol nişanı yoxdur. Yalnız 150 metr yuxarıda səkidə “5.8.1” nişanı mövcüddur, o da məhdud görünmə bucağında yerləşir, qarşısında ağac var və görməyə maneə yaradır, lakin 5.8.1 nişanı 1.18 nişanı ilə dubl olunmalıdır (asfalt örtüyünün üstünə çəkilən nişan, orda isə 1.18 nişanı tamamilə silinib gedib, qanunvericilikdə isə deyilir ki, bir nişan görünüşünün 30%dan çoxunu itiribsə, qüvvədən düşmüş hesab edilir, bu da onu bildirir ki, sola dönməyə heç bir məhdudiyyət yoxdur. Lakin ona kamera vasitəsi ilə cərimə yazılıb. Cərimə qanunsuz olduğundan ləğv edilməsini məhkəmədən xahiş etdi. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də, məhkəmə onların iştrakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin EQ 15656392 saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən X5 12 iyul 2023-cü il tarixdə saat 14:01 radələrində “TOYOTA PRADO minik” markalı, **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti ilə A.Abbasov küçəsinin kəsişməsində yol-hərəkət qaydalarının pozulmasına görə İXM-in 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat cərimə edilmişdir. Həmin qərar xx.xx.2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında iş üzrə protokol əsasında qəbul edilmişdir. Şikayətçi şikayətində inzibati xətanın mövcudluğunu mübahisələndirmir, sadəcə yol nişanının aydın görünmədiyini bildirir, faktiki olaraq şikayətində inzibati xəta törədildiyini təsdiq edir. Lakin bununla bağlı göstərdiyi dəlil, inzibati xətanı aradan qaldırmır, şəxsi törətdiyi inzibati məsuliyyətdən azad edən hal deyildir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, hazırkı şikayətdə qeyd edilən ərazidə eyni ilə oxşar hadisə üzrə verilmiş şikayət üzrə artıq yuxarı instansiya məhkəməsinin mövqeyi mövcuddur. Belə ki, Yasamal Rayon Məhkəməsinin 3(004)-464/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarda həmin ərazidə avtomobilin qeyd edilən şəraitdə idarə edilməsinin İXM-nin 327.1-ci maddəsinin tərkibini yaratmadığı, idarəetmənin düzgünlüyü qeyd edilsə də, Bakı Apellyasiya Məhkəməsinin 3(004)-388/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə rayon məhkəməsinin qərarı ləğv edilmiş və həmin ərazidəki qeyd edilən şəraitdə avtomobilin idarə edilməsində İXMnin 327.1-ci maddəsindəki inzibati xəta tərkibinin olması təsdiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da protokolla da müəyyən edilir ki, şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXMin yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin EQ 15656392 saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında qərardan verdiyi şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar