Məhkəmə qərarları › İş №3(004)-3889/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3889/2023

13.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3889/2023 13.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə, xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Yasamal Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Yasamal Rayon Məhkəməsinin 2(004)-3004/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən 22 fevral 2018-ci il tarixdən başlayaraq borclu Şəxs yetkinlik yaşına çatmamış uşağın saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X2 ödənilməlidir. Borclu icra vərəqəsində göstərilən tələbi icra etmir və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Bu səbəbdən də hazırkı vaxtadək 9000 manat aliment borcu yaranmışdır. Beləliklə də borclu icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Bununla Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Yasamal rayon icra şöbəsinin icra məmuru tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, barəsində olan icra sənədindən xəbərdar olub, icra məmuru onu xəbərdar edib, lakin o, imkanı olmadığı üçün ödəniş edə bilməmişdir.Özü küçələrdən dəmir yığıb satmaqla dolanır, arada imkanı olduqca uşaqlarına az da olsu pul verir. Hazırda da imkanı olmadığı üçün yığılmış aliment borcunu ödəyə bilmir. Məhkəmə iclasında iştirak edən tələbkar (zərər çəkmiş şəxs) X3 bildirdi ki, borclu icra sənədində göstərilən məbləği ödəmir, müxtəlif bəhanələrlə ödəməkdən yayınır. Ona görə də borclu barəsində tədbir görülməsini məhkəmədən xahiş etdi. Yasamal Rayonu İcra Şöbəsinin icra məmuru Sahib Allahverdiyev məhkəməyə verdiyi izahatında bildirdi ki, borclu dəfələrlə icra şöbəsinə dəvət edilərək borcunu ödəmək ona təklif edilmiş, həmçinin imkanı olmadığı təqdirdə hissə-hissə ödəmək təklif edilsədə, müxtəlif bəhanələrlə icradan yayınmış, hazırda protokolda göstərilən məbləğdə borcu yaranmışdır, bununla da üzrsüz səbəbdən icra vərəqəsini icra etməmişdir. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 2(004)-3004/2018 saylı, xx.xx.2018ci il tarixli icra sənədinə əsasən 22 fevral 2018-ci il tarixdən başlayaraq borclu Şəxs yetkinlik yaşına çatmamış uşağın saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X2 ödənilməsi qət olunmuşdur. İcra məmuru tərəfindən xx.xx.2018-ci il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmişdir, bu barədə borclu məlumatlandırılmışdır. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, icra vərəqəsi, bildiriş, özünün məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xətanın xarakterini, məhkəmə qərarının icra olunmamasındakı müddəti, inzibati xətanın aliment borcunun icrası ilə əlaqədar olduğunu, bu alimentin ödənilməməsində uşağın mənafelərinin pozulduğunu nəzərə alaraq, həmçinin pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin yenidən cərimələnməsinin lüzumsuz olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən, saat 05:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Yasamal Rayon İcra Şöbəsinə və Yasamal Rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar