Məhkəmə qərarları › İş №3(004)-3908/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3908/2023

21.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3908/2023 21.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X3 iclas katibliyi ilə, X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin EQ 15323800 saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin EQ 15323800 saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, barəsində çıxarılmış həmin qərarın ləğv olunması və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətində və məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, o, 26 iyun 2023-cü il tarixində ona məxsus “Volkswagen İD.6” markalı **-ZC-*** qeydiyyat nişanlı minik avtomobili Bakı şəhəri, Azadliq prospekti 131 ünvanında yerləşən nəzarət kamerası vasitəsilə qeydə alınaraq ona qarşı İnzibati Xətalar Məcəlləsinin 469.3-cü “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə” 50,0 manat məbləğində cərimə tətbiq edilmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsi “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının məqsədi və təyinatı”nı tənzimləyir. Qanunun 50.2.1-ci bəndinə əsasən üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin sığortası icbari olan avtonəqliyyat vasitələri dedikdə, mühərrikinin silindrlərinin həcmi 50 sm3-dən artıq olan avtonəqliyyat vasitələri nəzərdə tutulmuşdur. Ona məxsus, yuxarıda qeyd edilən avtonəqliyyat vasitəsi elektrik mühərriklidir VJ mühərrikin iş həcmi 0,0 sm3 olduğu üçün “İcbari sığortalar haqqında” Azərbaycan Respublikas Qanununun 50-ci maddəsinin təsir dairəsinə düşmür. Avtomobilin DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli BB428890 nömrəli nəqliyyat vasitəsinin qeydiyya şəhadətnaməsinin “Mühərrikin həcmi” bəndində də mühərrikin həcmi göstərilməmişdir. Beləliklə, hesab edir ki, tərəfindən inzibati xəta hadisəsi törədilməmiş və elektron qərarın qəbul edilməsinə əsas verən inzibati xəta tərkibi yoxdur. Beləliklə, İXM-nin 53.1.2-c bəndinə əsasən inzibati xəta haqqında başlanmış icraata xitam verilməlidir. EQ 15323800 saylı xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında elektron qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin EQ 15323800 saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən X5 xx.xx.2023-cü il tarixdə saat 18:01 radələrində “VOLKSWAGEN İD 6 PRO minik” markalı, **-ZC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Azadlıq prospekti 131 ünvanında nəzarət kamerası vasitəsilə qeydə alınaraq qanunla mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə İXM-in 469.3-cü maddəsi ilə təqsirli bilinib 50 manat cərimə edilmişdir. Belə ki, İXM-nin 469.3–cü maddəsinə əsasən qanunla mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmaması inzibati xəta kimi müəyyən edilmişdir. Lakin iş materiallarındakı BB428890 saylı texniki pasporta əsasən mühərrikinin həcmi yoxdur. Həcmi müəyyən edilməmişdir. Belə ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsi “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının məqsədi və təyinatı”nı tənzimləyir. Qanunun 50.2.1-ci bəndinə əsasən üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin sığortası icbari olan avtonəqliyyat vasitələri dedikdə, mühərrikinin silindrlərinin həcmi 50 sm3-dən artıq olan avtonəqliyyat vasitələri nəzərdə tutulmuşdur. Bununla da baş vermiş əməldə inzibati xəta tərkibi yoxdur. Əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi həmin Məcəllədən ibarətdir. İXM-nin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. İXM-in İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmədə müəyyən edilmiş yuxarıda qeyd edilən işin halları və sadalanan normalara əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə və protokolda təqsirli bilindiyi İXM-in maddəsi üzrə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, protokolda göstərilən İXM-in maddəsi üzrə inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Bu barədə sübutlar kifayət etmir. Şübhələr və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll etməlidir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmçinin İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 barəsində İXM-nin 469.3-cü maddəsi ilə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin EQ 15323800 saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar