Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3914/2020 11.12.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X1 iclas katibliyi, “Şəxs” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “Şəxs” MMC-nin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Protokoldan görünür ki, “Şəxs” MMC-nin mülkiyyətində (istifadəsində) olan “Lexus LX 570” (minik) markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatları səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Bununla da, “Şəxs” MMC-nin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “Şəxs” MMC-yə və protokol tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nə məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildirişlər göndərilmişdir. Lakin, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və protokol tərtib etmiş orqanın nümayəndələri məhkəmə iclaslarına gəlməmiş və tərəflərindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 64.3 və 112.1.4-cü maddələrinə əsasən işə barəsində protokol tərtib edilən “Şəxs” MMC və protokol tərtib etmiş orqanın nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, “Şəxs” MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulan xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin “Şəxs” MMCnə ünvanladığı sorğu məzmunlu blanksız məktubundan görünür ki, xx xxxxxxxx 2020-ci il tarixdə saat 11:10-da cəmiyyətin istifadəsində olan “Lexus LX 570” (minik) markalı, **-AA- *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən fiziki şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Qeyd olunan məktubla avtomobili idarə etmiş sürücü barədə məlumat verilməsi xahiş edilmiş, eyni zamanda həmin məlumatların 5 gün müddətində verilməməsinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Sorğuda onun qeydiyyat nömrəsi HQ 312133 kimi göstərilməsinə baxmayaraq, tərtib edildiyi tarix göstərilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Yasamal RPİ-nin DYPŞ-si tərəfindən barəsində protokol tərtib edilmiş hüquqi şəxsə göndərilməsi iddia edilən sözügedən blanksız və tarixi bəlli olmayan, dolayısı ilə İXM-nin 347-ci maddəsinin tərkibinin yaranmasına əsas olan sorğunun özü-özlüyündə qüsurlu olması və bu sorğuya cavab verilməməsi belə həmin xətanın tərkibinin yaranmasına əsas ola bilməz. Qeyd olunan xətanın tərkib əlamətlərinin yaranmasından ötrü səlahiyyətli qurumun sorğusu kifayət qədər dəqiq və ətraflı olmalıdır ki, ünvan sahibi ondan nə tələb edildiyini dəqiq müəyyən edə bilsin. Sorğu dəqiq və ətraflı olduğu təqdirdə ona cavab verilməməsi xətanın tərkibini yarada bilər. Odur ki, cəmiyyətə ünvanlanmış qüsurlu şəkildə tərtib edilmiş sorğu sözügedən xətanın yaranması üçün əsas rolunu oynaya bilməz. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 122.1-ci maddəsinə görə həmin Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. 122.2-ci maddəyə görə inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində tərtib edilir. Həmin Məcəllənin 123-cü maddəsi məhz foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən və hüquqi şəxsə (dövlət qurumuna) məxsus nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən törədilən inzibati xəta haqqında iş üzrə icraatın aparılması qaydalarını tənzimləyir. Belə ki, 123.1-ci maddəyə görə həmin Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. 123.2-ci maddəyə görə isə hüquqi şəxsin (dövlət qurumunun) müvafiq vəzifəli şəxsi sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə səlahiyyətli orqana (vəzifəli şəxsə) məlumat verməlidir. 123.3-cü maddəyə görə Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulmuş sorğuya cavab verməyən hüquqi şəxs, yaxud dövlət qurumunun vəzifəli şəxsi həmin Məcəllənin 347ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Sadalanan normaların məzmundan görünür ki, Azərbaycan Respublikası İXM-nin 328.1ci maddəsilə nəzərdə tutulmuş xətanın törədilməsinə görə inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs barəsində tərtib edilir. Xəta hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda həmin hüquqi şəxsə səlahiyyətli orqan tərəfindən bu barədə dərhal sorğu göndərilir. Hüquqi şəxsin müvafiq vəzifəli şəxsi isə sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə səlahiyyətli orqana məlumat verməlidir. Sadalanan normaların məzmunundan göründüyü kimi, dövlət orqanının özü deyil yalnız həmin orqanın vəzifəli şəxsi İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Eyni zamanda məhkəmə qeyd edir ki, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinin tərkibini yaradır və maddənin sanksiyasına görə dövlət qurumunun müvafiq vəzifəli şəxsi, hüquqi şəxsin isə özü həmin xətaya görə inzibati məsuliyyətə cəlb edilə bilər. Göründüyü kimi, qeyd olunan inzibati xətanın subyekti qismində hüquqi şəxs və ya dövlət qurumunun vəzifəli şəxsi çıxış edir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hazırkı iş üzrə qeyd edilən xətaya görə məsuliyyətə cəlb edilə bilməyən və dövlət qurumunun nəzarətində olan “xxxx” QSC-nin nəzdində olan “Şəxs” MMC barəsində protokol tərtib edilmişdir. Göründüyü kimi, protokol üzrə inzibati xəta haqqında məsuliyyətə cəlb edilməli olan subyekt düzgün müəyyən edilməmişdir. Yəni “Şəxs” MMC İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın subyekti ola bilməz. Qeyd edilir ki, Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə görə yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəyə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəyə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş “Şəxs” MMC-nə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) və ona istinad edilən inzibati xəta tərkibinin əlamətləri mövcud deyildir. Ona görə də “Şəxs” MMC barəsində Yasamal RPİ-nin DYPŞ-si tərəfindən Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, AP seriyalı ******* nömrəli protokol üzrə Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114-117, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Şəxs” MMC barəsində Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-si tərəfindən Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, AP seriyalı ******* nömrəli protokol üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli İş № 3(004)-1779/2020 Yasamal Rayon Məhkəməsi məhkəmə iclasının PROTOKOLU xx xxxxxx 2020-ci il Bakı şəhəri Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X1 iclas katibliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxılır. İclas saat 14:30-da başlandı. Sədrlik edən məhkəmə iclasını açır və baxılacaq inzibati işi elan edir. İş üzrə icraatda iştirak edən şəxslərin məhkəməyə gəlmələri vəziyyəti yoxlanılır. Məhkəmə iclas katibi məruzə edərək bildirir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və protokol tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və protokol tərtib etmiş şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmiş və tərəflərindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Sədrlik edən məhkəmə bildirişinin tərəflərə çatdırılmasının nəticələrini yoxlayır. Sədrlik edən yerində müşavirə edərək qərara aldı: İşə tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilsin. Sədrlik edən inzibati xəta haqqında protokola əlavə edilmiş sübutları araşdırır. Sədrlik edən müşavirə otağına gedir,qayıdıb gəldikdən sonra inzibati xəta haqqında iş üzrə qərarı oxuyub elan edir. Məhkəmə iclası saat 14:40-da bağlı elan olunur. Protokol xx xxxxxx 2020-ci il tarixdə tərtib olundu. Sədrlik edən: Məhkəmə iclas katibi: AZƏRBAYCAN RESPUBLİKASİ BAKİ ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ AZ 1138, Bakı şəhəri, Mikayıl Müşviq küçəsi 1H Tel: (012) 510-74-99, Faks: (012) 537-22-76 www.yasamalcourt.gov.az Elektron ünvan İş № 3(004)-778/2020 02.03 2020-ci il Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs: “xxxx” MMC Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 206, məhəllə 466, AZ 1065 İnzibati xəta haqqında protokolu tərtib etmiş orqan: Yasamal Rayon Polis İdarəsi Ünvan: Bakı şəhəri, Ə.Salamzadə küçəsi, 1055-ciməhəllə, AZ 1122 Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 3(004)-778/2020 saylı qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: 02 vərəq, 01 nüsxə. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-3914/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3914/2020
11.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver