Məhkəmə qərarları › İş №3(004)-3917/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3917/2020

08.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3917/2020 08.12.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X3, İnzibati xəta haqqında iş üzrə qərar qəbul etmiş Bakı Nəqliyyat Agentliyinin səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X3 Bakı Nəqliyyat Agentliyinin xx.xx.2020-ci il tarixli, BNA ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X5 Bakı Nəqliyyat Agentliyinin xx.xx.2020-ci il tarixli, BNA ******* saylı qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Nəqliyyat Agentliyi tərəfindən çıxarılmış BNA/ _0966307 saylı xx xxxxxxx 2020-ci il tarixli İnzibati tənbeh haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə idarə etdiyi və mülkiyyətində olan “Toyota Corolla” markalı 99FN091 dövlət qeydiyyat nişanlı avtomobilə BNA əməkdaşı tərəfindən qeyri-qanuni olaraq inzibati xəta haqqında protokol tərtib edilmiş və onun əsasında qanunsuz qərar qəbul edilmişdir. Belə ki, qərarda nəqliyyat vasitəsinin xx.xx.2020-ci il tarixdə 19:28 radələrində Dilarə Əliyeva küçəsində "Dayanmaq qadağandır” 3.27 yol nişanının tələbini pozulduğu bildirilmiş, İnzibati Xətalar Məcəlləsinin (bundan sonar İXM) 346.1-ci maddəsində göstərilmiş inzibati xətanın törədilməsinə görə inzibati xəta haqqında tənbeh tətbiq edildiyi göstərilmişdir. İlkin olaraq tərtib olunan protokol və qəbul edilən qərar İXM-nin 122.2-ci maddəsinə uyğun olaraq adıçəkilən avtomobilə verilmiş sonuncu etibarnamə üzrə X2 adına tərtib edilmiş, daha sonra BNA-ya rəsmi müraciətindən və avtomobilə dair sənədləri təqdim etdikdən sonra protokol və qərar onun adına rəsmiləşdirilmişdir. BNA-nın xx.xx.2020-ci il tarixli BNA/_0966307 saylı İnzibati tənbeh haqqında Qərarı xx.xx.2020-ci il tarixdə ona rəsmi olaraq poçt vasitəsilə təqdim edilmişdir. bu tam qanunsuz tərtib edilmiş protokol və qərardır. Belə ki, qərarda qeyd olunan Dilarə Əliyeva küçəsinin qeyd olunan hissəsinin “Dayanmaq qadağandır” 3.27 yol nişanın tələbinin ərazi dairəsinə düşməsi görünmür. Birincisi, fotoşəkili göstərilən nişanın yanında və ya ondan aralıda onun avtomobilinin dayanması görsənmir. Bu şəkil çəkilən zaman idarə etdiyi avtomobilin orda olması heç bir halda sübut olunmur. Danılmaz faktdır ki, ilk şəkilin onun idarə etdiyi avtomobillə heç bir aidiyyəti yoxdur və tam əsassızdır. Fikrincə qeyd olunan nişanın özünün belə dayağın arxasına gizlədilməsi görünür elə ilk növbədə BNA özünə xidmət edir ki, nə qədər çox avtomobil həmin nişanı görməsə, həmin ərazidə avtomaşını saxlasa BNA əməkdaşlarının çəkilişləri də bir o qədər çox olar. İkinci məsələ, sonrakı fotoçəkilişlərdə qeyd olunan zaman kəsiyində onun avtomobilinin olduğu yer həmin küçədir və həmin dayaq arxasında gizlədilən nişanın təsir dairəsinə düşür. Həmin fotolara diqqət yetirilsə, cəmi 15 saniyəlik intervalda (19:28:35-19:28:50) avtomobilin orada durduğu, dayanmadığı müəyyən edilər. Adıçəkilən nişanın tələbinə görə dayanmaq qadağandır, bu durmaq da qadağandır demək deyil. Həmin vaxtı o, avtomobilin içərisində olmuşdur. Avtomobildə olan sərnişini düşürdükdən sonra avtomobilndə çox qısa müddət ərzində nasazlıq yaranmışdır, daha sonra avtomaşını sürüb getmişdir. Qeyd olunan cəmi 15 saniyəlik intervaldan məharətlə istifadə edən BNA əməkdaşı həmin qısa müddətdə protokol tərtib etməyə imkan tapmışdır. Üstəlik bu çəkilişlər tamamilə gizli şəkildə həyata keçirə bilmişdir. Görünür, bu qədər yüksək istedada malik əməkdaşlar BNA-da çoxdur. Belə olmasaydı BNA rəhbərliyinə izahlı şəkildə etdiyi müraciətinə cavab olaraq qanunsuz protokolun düzgün tərtib olunduğu cavabı verilməzdi. Bundan əlavə BNA-ya müraciətlərində bağlı ona olunan telefon zənglərində hətta zəng edən əməkdaş BNA əməkdaşının gizli şəkildə də fəaliyyət göstərdiyini bildirmiş, bunun mümkünlüyünü təkidlə vurğulamışdır. Üçüncü məsələ, mübahisəli xx.xx.2020-ci il tarixli qərara diqqət yetirilsə görünər ki, inzibati xətanın törədilmə vaxtı 19:28:55 olaraq qeyd olunmuş, lakin həmin qərara əlavə edilmiş şəkillərdə həmin xətanın son tarixi 19:28:50 olaraq görünür. Görünür BNA heç cürə 15 saniyəlik intervala izah verə, don geyindirə bilmir və buna görə də heç olmasa 20 saniyə olsun prizmasından işinə yanaşır. Dördüncü məsələ, adıçəkilən qərara əlavə edilmiş fotoşəkildən də görünür ki, bu tamamilə gizli şəkildə aparılmış çəkilişdir. Belə ki, həmin vaxtı o, şəxsən avtomobildə sükan arxasında olmuşdur və çəkiliş aşkar aparılsa idi bunu o görərdi. Elə bundandır ki, avtomaşının ön hissəsindən edilmiş çəkiliş tamamilə bulanıq şəkildə çəkilmiş, sanki kameranın gizlədilməsi zamanı aparılan çəkiliş təəssüratı yaradır. Əgər belə olmasaydı həmin BNA əməkdaşı elə sükan arxasını da çəkərdi, necə ki, yol patrul xidməti əməkdaşları bu qəbildən inzibati xəta haqqında protokol tərtib edərkən həmin şəffaf çəkilişləri həyata keçirirlər. Heç bir qanuni uyğunluğa cavab vermədən edilən çəkilişlər davam edir. Dövlət tərəfindən bu səlahiyyət onlara verilən məhz qanunun tələblərinə riayət etməyə, vətəndaşların hüquqlarının qorunmasına xidmət etməyə, o cümlədən bu sahədə dövlətin siyasətini düzgün aparılması üçün verilmişdir. Real həyatda isə sadə vətəndaşlar tam əksini görür, istər BNA seçilən əməkdaşlar, istər həmin əməkdaşlar barəsində edilən şikayətlərə biganə yanaşan əməkdaşlarda yuxarıda qeyd etdiyi düşüncə formalaşmışdır. Məhkəmə iclasında iştirak edən X5 şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Bakı Nəqliyyat Agentliyinin səlahiyyətli nümayəndəsi X4 şikayətə etiraz təqdim edərək bildirmişdir ki, X5 inzibati qərardan şikayətini inzibati xəta hadisəsini fiksə edən fotoşəkillərin gizli çəkilməsi, eləcə də idarə etdiyi nəqliyyat vasitəsininin durması ilə əsaslandırmışdır. Aşağıda göstərilənlərə əsasən hesab edirlər ki, X5 tərəfindən verilmiş şikayət əsassızdır və şikayət təmin edilməməklə Bakı Nəqliyyat Agentliyinin inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə, xx xxxxxx 2020-ci il tarixdə saat 19:27:23-dən 19:28:50-dək “Toyota Corolla” markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ünvan 1 ünvanında 3.27 (dayanmaq qadağandır) yol nişanının təsir zonasında durması faktı inzibati xəta haqqında qərar və etiraza əlavə edilmiş fotoşəkillə tam təsdiq olunur. Çünki işdə olan şəkildən görünür ki, həmin ərazidə 3.27 (dayanmaq qadağandır) nişanı quraşdırılmışdır. Bundan əlavə, “Yol hərəkəti haqqında” Qanunun 1-ci maddəsinin 29-cu bəndində nəqliyyat vasitəsinin dayanması, 31-ci bəndində nəqliyyat vasitəsinin durmasının anlayışı verilmişdir. Həmin anlayışların Qanunun digər normaları ilə qarşılıqlı təhlilindən aydın olur ki, dayanmanın qadağan edildiyi yerlərdə məcburi dayanma və üstün hərəkət rejiminə malik nəqliyyat vasitələrinin dayanması halı istisna olmaqla müddətdən asılı olmayaraq nəqliyyat vasitələrinin hərəkətsiz vəziyyətə gətirilməsi yolverilməzdir. Həmçinin, “Yol hərəkəti haqqında” Qanunun 52-ci maddəsinin 6-cı bəndində dayanmanın qadağan edildiyi yerlərdə nəqliyyat vasitəsinin durması qadağan edilmişdir. Eyni zamanda, qanunun tələblərinə əsasən, bu tip inzibati xətalar bir qayda olaraq Bakı şəhərinin müxtəlif ərazilərində quraşdırılmış foto və ya video qeydiyyat funksiyalarına malik kameralar, habelə nəqliyyat vasitələrində quraşdırılmış və ya aidiyyəti dövlət orqanının (qurumunun) vəzifəli şəxsinə təhkim edilmiş planşetlərlə aşkar edilir və inzibati xəta törətmiş şəxsin iştirakı olmadan inzibati tənbeh vermə haqqında qərar tərtib edilir. Beləliklə, Bakı Nəqliyyat Agentliyinin inzibati tənbeh vermə haqqında qərarı mövcud qanunvericiliyin tələblərinə uyğun qəbul edildiyindən X3 şikayətləri əsassızdır və təmin edilməməlidir. Məhkəmə proses iştirakçılarını dinləyib iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı Nəqliyyat Agentliyinin xx.xx.2020-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh verilməsi haqqında qərarından görünür ki, X5 xx.xx.2020-ci il tarixində 19:28:55-də dayanma və ya durma qaydalarını pozduğuna görə azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 20 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən Bu Məcəllənin 346.1 və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxsin nəqliyyat vasitəsi mühafizə edilən duracağa aparılarkən həmin şəxs nəqliyyat vasitəsinin yanına yaxınlaşdıqda, onun nəqliyyat vasitəsinin qaytarılmamasına görə-iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, şikayət vermiş X5 öz şikayətini əsaslandıran sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə, işdə olan video diskdən və fotoşəkillərdən aydın olur ki, X5 tərəfindən xx.xx.2020-ci il tarixdə 19:28 radələrində Dilarə Əliyeva küçəsində nəqliyyat vasitəsinin dayanması halı müəyyən edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 29cu bəndinə əsasən nəqliyyat vasitəsinin dayanması — adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxt ərzində nəqliyyat vasitəsinin hərəkətsiz vəziyyətə gətirilməsidir. Həmin Qanunun 1-ci maddəsinin 31-ci bəndinə əsasən nəqliyyat vasitəsinin durması — əgər nəqliyyat vasitəsi digər yol istifadəçisi və ya hər hansı maneə ilə toqquşmanın qarşısını almaq və ya hərəkət qaydalarının göstərişlərini yerinə yetirmək səbəblərindən başqa digər səbəblərə görə hərəkətsiz vəziyyətə gətirilmişdirsə və onun dayanması adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxtla məhdudlaşmırsa, nəqliyyat vasitəsi durmuş hesab edilir. Həmin Qanunun 52-ci maddəsinin 10-cu bəndinə əsasən, 3.27 yol nişanının və bu nişanla birlikdə tətbiq edildikdə 1.4 nişanlanma xəttinin təsir zonalarında dayanma qadağandır. Hazırkı halda, X5 sözügedən yerdə sərnişini avtomobildən düşürdükdən sonra yaranmış qısamüddətli nasazlıqla əlaqdar durduğunu (dayanmadığını) bildirsə də, iş materilları ilə sübuta yetirilir ki, o, xx.xx.2020-ci il tarixdə 19:28 radələrində Dilarə Əliyeva küçəsində "Dayanmaq qadağandır” 3.27 yol nişanı olan yerdə nəqliyyat vasitəsini saxlamışdır. Qanunvericiliyin yuxarıda qeyd edilən normaları ilə isə konkret olaraq 3.27 yol nişanının təsir zonalarında nəqliyyat vasitəsinin durması qadağan edilmişdir. Məhkəmə hesab edir ki, X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır və Bakı Nəqliyyat Agentliyinin xx.xx.2020-ci il tarixli, BNA ******* saylı qərarı qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X3 Bakı Nəqliyyat Agentliyinin xx.xx.2020-ci il tarixli, BNA ******* saylı qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar