Məhkəmə qərarları › İş №3(004)-3927/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3927/2023

01.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3927/2023 01.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 428.5-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsi "xxxx" MMC barəsində İXM-in 428.5-ci maddəsi ilə 08 iyul 2023-cü il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, 07 aprel 2022-ci il tarixdə "xxxx" MMC tərəfindən “Hyundai H350” markalı **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan reklam yerləşdirilmişdir. Nəticədə "xxxx" MMC tərəfindən İXM-in 428.5-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi X2 inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, "xxxx" MMCnin həmin dövr üçün reklam yayınlaması üçün müvafiq icazəsi olmuşdur. Göstərilənlərə əsasən "xxxx" MMC inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Protokolu tərtib etmiş orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmiş və gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə heç bir məlumat verməmiş. Ona görə də məhkəmə protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Nəqliyyat vasitələrində yerləşdirilən reklama dair” 19 oktyabr 2022-ci il tarixli AB seriyalı 006124 nömrəli texniki şərtlər pasportundan görünür ki, "xxxx" MMC tərəfindən “Hyundai H350” markalı **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində müvafiq reklamın yayınlanması üçün 19 oktyabr 2022-ci il tarixdən 20 oktyabr 2023-cü il tarixədək müddətinə icazə verilmişdir. Məhkəmə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını dinləyib, tərəflərin məhkəməyə təqdim etdiyi sənədləri tədqiq edib, material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, "xxxx" MMC-nin hərəkətlərində Azərbaycan Respublikası İXM-in 428.5-ci maddəsinin tərkibi aşkar edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. İXM-in 428.5-ci maddəsinə əsasən Müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi qaydaları pozulmaqla nəqliyyat vasitələrində reklamın yayılmasına görə-fiziki şəxslər otuz manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. “Reklam haqqında” Azərbaycan Respublikası Qanunun 25-ci maddəsinə əsasən: 25.1. Nəqliyyat vasitələrində reklam ona mülkiyyət və ya sərəncam hüququ olan şəxslə reklam yayıcısı yaxud reklam agenti arasında bağlanan müqavilə əsasında nəqliyyat vasitələrinin üzərində və ya salonunda yerləşdirilir. 25.2. Nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanının razılığı olmalıdır. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 3 noyabr tarixli 596 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Reklam yayımına icazə (razılıq) verilməsi Qaydaları”nın: 4.1. Nəqliyyat vasitələrində reklamın yayılması nəqliyyat vasitələrinin mülkiyyətçiləri ilə bağlanmış müqavilələr və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Dövlət Yol Polisi İdarəsi tərəfindən bu Qaydaların 2.6-cı və 2.7-ci bəndləri ilə müəyyən edilmiş qaydada verilən razılığa əsasən həyata keçirilir. 4.2. Azərbaycan Respublikasının ərazisində müvafiq qaydada dövlət qeydiyyatından keçmiş, texniki cəhətdən saz və müvafiq xarici görkəmi olan, bu Qaydalarda göstərilən şərtlərə cavab verən nəqliyyat vasitələri reklam daşıyıcısı kimi istifadə edilə bilər. 4.15. Nəqliyyat vasitələrində reklamın yayılma müddəti reklam yayıcısı ilə nəqliyyat vasitəsinin mülkiyyətçisi arasında bağlanmış müqavilədə nəzərdə tutulur. 4.16. Nəqliyyat vasitələrində reklam yayımına verilən razılıq sənədinin forması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polis İdarəsi tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Belə ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-in 53.1, 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, "xxxx" MMC tərəfindən “Hyundai H350” markalı **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində müvafiq reklamın yayınlanması üçün icazə verilmişdir. Bu səbəbdən "xxxx" MMC-nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində tərtib olunmuş 08 iyul 2023-cü il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 48-51, 53, 55, 114.1.4, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsi tərəfindən tərtib olunmuş 08 iyul 2023-cü il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar