Məhkəmə qərarları › İş №3(004)-3945/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3945/2023

26.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3945/2023 26.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X3 iclas katibliyi ilə, X1 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN Bakı şəhər X9 İdarəsinin İXP ******* saylı, xx.xx.2023-cü il tarixli protokol əsasında qəbul edilən TP ******* saylı, xx.xx.2023-cü il tarixli qərardan şikayət verərək, həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətdə və məhkəməyə verdiyi izahatında şikayətini onunla əsaslandırdı ki, o, xx.xx.2023-cü il tarixdə Şəfayət Mehdiyev küçəsində idarə etdiyi **-UY-*** qeydiyyat nişanlı Toyota Prius markalı nəqliyyat vasitəsilə gecə saat 02:00 radələrində qəza törədib. Onun yanında olan yoldaşlardan biri 102-yə məlumat vermişdir. Lakin 1 saat gözləsələr də hadisə yerinə heç bir polis əməkdaşı yaxınlaşmamışdır və o, saat 03:00-da hadisə yerini tərk edib evə getmişdir. Səhəri gün saat 09:05 radələrində polis əməkdaşı Məmməd Səmədov ona zəng edib hadisə yerinə yaxınlaşmağını istəyib. O, durub hadisə yerinə gedib. Onu həkim müayinəsinə (içkili testinə) aparmışlar, yoxlanışdan keçib, heç bir şəkildə sərxoşluq çıxmayıb və ona bildirilib ki, ona ehtiyatsızlıqdan qəza törətdiyinə görə cərimə yazılacaq. Lakin bu gün xx.xx.2023-cü il tarixdə ona 100 manat hadisə yerindən yayındığına görə cərimə gəlib. Guya o, gecə hadisə yerindən yayınıb, polis əməkdaşını gözləməyib və yaxud orada problemli sürücü olub. Halbuki onlar özləri yaxşı bilir ki, elə bir şey olmayıb. Polis əməkdaşı sadəcə gecə nə qədər gözləsə də gəlməyib. Sərxoşluq testindən də keçib, ərazidə nəzarət kameraları da var, testinin sənədi də əlindədir. Ona görə də bu məsələyə yenidən baxılmasına dair göstəriş verilməsini xahiş etdi. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı şəhər X9 İdarəsinin İXP ******* saylı, xx.xx.2023-cü il tarixli protokol əsasında qəbul edilən TP ******* saylı, xx.xx.2023-cü il tarixli qərara əsasən X6 27 iyun 2023-cü il tarixdə saat 02:00 radələrində “TOYOTA PRİUS minik” markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, ş.Mehdiyev küçəsində hərəkət edərkən yol nişanlarının tələblərinə riayət etmədiyinə görə İXM-in 327.6 və 327.1-ci maddələri ilə təqsirli bilinib 100 manat cərimə edilmişdir. İXP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə protokol əsasında qəbul edilən TP ******* saylı, xx.xx.2023-cü il tarixli qərara əsasən X.Əliyev İXM-in 327.6 və 327.1ci maddələri ilə təqsirli bilinib 100 manat cərimə edilmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, şikayətin məzmununda da görünür ki, şəxsin təqsirli bilindiyi və tənbeh edildiiyi inzibati xəta hadisəsi baş vermişdir. Ona görə də şəxsin inzibati xəta törətməsi öz təsdiqini tapır. Həmçinin, iş materiallarında olan yuxarıda qeyd edilən inzibati xəta haqqında iş üzrə protokol və qərara əsasən şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da həmin protokolla müəyyən edilir ki, şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası DİN Bakı şəhər X9 İdarəsinin İXP ******* saylı, xx.xx.2023-cü il tarixli protokol əsasında qəbul edilən TP ******* saylı, xx.xx.2023-cü il tarixli qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar