Məhkəmə qərarları › İş №3(004)-3953/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3953/2020

23.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3953/2020 23.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X4 iclas katibliyi ilə, inzibati xəta haqqında protokolu müdafiə edən Bakı şəhər Yasamal RPİ-nin 27-ci PB-nin polis sahə inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxx 1987-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 517-2.1 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-si tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 517-2.1 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal RPİ-nin 27-ci PB-si tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-si tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 05:40 radələrində ünvan 1 ünvanında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxxx 2020-ci il tarixli 1166 nömrəli Fərmanına əsasən elan edilmiş hərbi vəziyyət dövründə komendant rejimi qaydalarını pozaraq xüsusi icazəsi olmadan küçədə və digər ictimai yerlərdə gəzişməsi, yəni həmin küçədə “Araz” supermarketin qarşısında saxladığı nəqliyyat vasitəsindəki maqnitofonun musiqisinə yüksək səs verməklə bir nəfər qadınla qabaqda əyləşmişdir. Bundan sonra həmin şəxslər ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamış, şəxsiyyətlərini təsdiq edən sənədləri təqdim etməkdən, onların dəvəti ilə polis bölməsinə gəlməkdən imtina edib, səs-küy salmağa başlamışlar. Bununla da, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 517-2.1 (xüsusi icazə vərəqəsi və ya şəxsiyyəti təsdiq edən sənəd olmadan komendant saatı vaxtında küçələrdə və ya digər ictimai yerlərdə olmağa görə) və 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhər Yasamal RPİ-nin 27-ci PB-nin polis sahə inspektoru X2 inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs barəsində həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, taksi sürücüsü işləyərək qazanc əldə edir. Daimi müştərisini işə çatdırmaqdan ötrü xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında özünə məxsus avtomobilini işə salmış, bu zaman xidmətdə olan polis əməkdaşları ona yaxınlaşaraq komendant saatı olduğunu bildirdikdə o, saatın 06:00 olduğunu demiş və polis əməkdaşılarına saatını göstərmişdir. Polis əməkdaşları isə saatın 05:40 olduğunu bildirdikdə o, saatının düzgün işləmədiyini aşkar etmişdir. Həmin vaxt polis əməkdaşları onu bölməyə dəvət etmişlər, o, isə müştərini düşürtdükdən sonra bölməyə gələcəyini desə də, ona köməklik göstərilməmişdir. O, da qadının bölməyə aparılmasına etiraz etmişdir. Törətdiyi əməlindən səmimi peşimanlıq çəkir. Göstərilən hal nəzərə alınmaqla barəsində inzibati həbslə bağlı olmayan tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yasamal RPİ-nin PPXB-nin polis nəfəri X6 ifadəsində göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə saat 05:40 radələrində inzibati ərazidə xidmət apararkən Ə.Naxçıvani küçəsində “Reno” markalı **-TA-*** dövlət nömrə nişanlı avtomaşında iki nəfərin əyləşmiş vəziyyətdə maqnitafona yüksək səslə qulaq asdıqlarını görüb onlara yaxınlaşmışlar. Həmin şəxslərə yaxınlaşıb özlərini təqdim edərək musiqinin səsini azaltmağı tələb etdikdə sürücü onların ünvanına nalayiq sözlər ifadə etməyə başlamışdır. O, həmin şəxslərin komendant saatında hərəkətləri üçün icazələrinin olub-olmamasına dair sənəd tələb etdikdə sənədlərinin olmadığı müəyyən edilmişdir. Bundan sonra həmin şəxslər Yasamal RPİ-nin 27-ci PB-nə dəvət olunmuş, lakin sürücü tərəfindən onlara şərt qoyularaq bildirmişdir ki, avtomobilində olan qadın müştərini gedəcəyi yerə düşürtməlidir. O, polis bölməsinə getməkdən imtina etdiyi üçün köməyə gələn polis əməkdaşlarının iştirakları ilə bölməyə gətirilərək şəxsiyyəti müəyyənləşdirilmişdir. Polis bölməsində də qanuni rələblərinə tabe olmayıb səs-küy salmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yasamal RPİ-nin PPXB-nin polis nəfəri X5 şahid X3 ifadəsinə uyğun analoji ifadə vermişdir. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadələrini dinləyib, inzibati xəta haqqında materialları araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 517-2.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir və onun barəsində həmin maddələrin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, iş materiallarında olan Yasamal RPİ-nin PPXB-nin polis nəfərləri Amil Kazımov və Telman Ağayev tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli raportdan görünür ki, həmin tarixdə saat 05:40 radələrində inzibati ərazidə xidmət apararkən Ə.Naxçıvani küçəsində “Reno” markalı **-TA-*** dövlət nömrə nişanlı avtomaşında iki nəfərin əyləşmiş vəziyyətdə maqintafona yüksək səslə qulaq asdıqlarını görüb onlara yaxınlaşmışlar. Həmin şəxslərə yaxınlaşıb özlərini təqdim edərək maqintafonun səsini azaltmağı tələb etdikdə sürücü nalayiq sözlər ifadə etməyə başlamış, həmin şəxslərin komendant saatında hərəkətləri üçün icazələrinin olub-olmamasına dair sənəd tələb etdikdə sənədlərinin olmadığı müəyyən edilmişdir. Bundan sonra həmin şəxslər Yasamal RPİ-nin 27-ci PB-nə dəvət olunmuş, lakin sürücü tərəfindən onlara şərt qoyularaq bildirmişdir ki, avtomobilində olan müştərini gedəcəyi yerə düşürtməlidir. O, polis bölməsinə getməkdən imtina etdiyi üçün köməyə gələn polis əməkdaşlarının iştirakları ilə bölməyə gətirilərək şəxsiyyəti müəyyənləşdirilmişdir. İş materiallarına əlavə edilmiş inzibatı xətanın əks olunduğu videogörüntü olan 1 ədəd CD disk məhkəmə iclası zamanı nümayiş etdirilərkən, barəsində protokol tərtib edilmiş Şəxs və onun avtomobilindəki sərnişin xanımın polis işçisinin qanuni tələblərinə tabe olmaması müşahidə edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 517-2.1-ci maddəsinə əsasən xüsusi icazə vərəqəsi və (və ya) şəxsiyyəti təsdiq edən sənəd olmadan komendant saatı vaxtında küçələrdə və ya digər ictimai yerlərdə olmağa görə xəbərdarlıq və ya əlli manat məbləğində cərimə inzibati tənbeh tədbiri nəzərdə tutulmuşdur. “Hərbi vəziyyət haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən, hərbi vəziyyət - Azərbaycan Respublikasının Konstitusiyasına və bu Qanuna uyğun olaraq, Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı yerlərində müvəqqəti tətbiq edilən siyasi, iqtisadi, inzibati, hərbi və digər tədbirlər kompleksini nəzərdə tutan, Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin (bundan sonra - vətəndaşlar) konstitusion hüquq və azadlıqlarının, habelə mülkiyyət və təşkilatihüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatların hüquqlarının və qanuni mənafelərinin qismən və müvəqqəti məhdudlaşdırılmasına və onların üzərinə əlavə vəzifələr qoyulmasına yol verən xüsusi hüquqi rejimdir. Həmin Qanunun 1.0.4-cü maddəsinə görə isə komendant saatı - hərbi vəziyyət dövründə ictimai qayda və ictimai təhlükəsizliyin təmin edilməsi, düşmənin kəşfiyyat, təxribat və digər pozuculuq fəaliyyətinin qarşısının alınması məqsədi ilə xüsusi icazə vərəqələri və şəxsiyyəti təsdiq edən sənədlər olmadan yaşayış yerindən, yaxud iş yerindən kənarda olmanın (hərəkət etmənin) qadağan edildiyi günün müəyyən edilmiş vaxtıdır. Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxxxx 2020-ci il tarixli 1166 nömrəli Fərmanına əsasən, Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, Azərbaycan Respublikasına qarşı silahlı hücumlar etməsi və mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar, 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edilmişdir. Fərmanın 3-cü bəndinə əsasən ölkə ərazində hərbi vəziyyət elan olunmaqla, Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq edilməklə şəxslərin xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənədləri olmadan küçələrdə və digər ictimai yerlərdə olmaları qadağan edilmiş, xüsusi giriş-çıxış rejimi tətbiq edilmiş, nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması üçün tədbirlərin görülməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Odur ki, məhkəmə yuxarıda göstərilənləri nəzərə alıb, tərəflərin izahatlarını dinləyib, protokolları və ona əlavə edilmiş iş materiallarını tədqiq edib belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 517-2.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməsi tam sübuta yetirilir və onun barəsində həmin maddələrin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Hazırki işin hallarından isə müəyyən edilir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 517-2.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları müxtəlif vaxtlarda törətmişdir. Odur ki, onun barəsində İXM-nin 34.3-cü maddəsi ilə tənbeh tədbiri təyin edilməlidir. Məhkəmə İXM-nin 33.1.6-cı maddəsinə əsasən Şəxs hazırki inzibati xətaları hərbi vəziyyət dövründə törətməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi, İXM-nin 32.1.1-ci maddəsinə əsasən səmimi peşmançılığını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 517-2.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, ona İXM-nin 34.3-cü maddəsinin tələbinə əsasən ona törədilmiş daha ağır inzibati xətaya görə barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. İnzibati həbsdə saxlama müddətinin əvvəli isə azadlığı faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx xxxxxx 2020-ci il tarixdən saat 16:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 511.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 517-2.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən saat 16:00dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsində mühafizə altında saxlanılsın. Qərarın icrası Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar