Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3974/2025 23.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Şükürov Rauf Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi, vəkil Nümayəndə, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi Yosifa Eyxelin, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsi X2 Tərcuməçi: X1 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasındakı filialının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasındakı filialının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən tərtib edilmiş 05 iyun 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən Şəxs MMC-nin Azərbaycan Respublikasındakı filialında xx.xx.2025-ci il tarixdə saat 11:55-də plandankənar yoxlama keçirilərkən lisenziya olmadan özəl praktik tibb (fizioterapevtik) fəaliyyət ilə məşğul olması faktı aşkarlanmışdır. Nəticədə ŞəxsMMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, T-190 nömrəli plandankənar yoxlama aktı ilə təsdiq edilir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsi X7 məhkəmə iclasında protokolda göstərilənlərə uyğun izahat verərək inzibati xəta törətmiş hüquqi şəxsin barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, səhiyyə nazirliyi vətəndaş müraciəti əsasında yoxlama keçirmişdir. Yoxlama əsasında məlum olmuşdur ki, X8 dövlət qurumlarına, Prezident aparatına, Azərbaycan Respublikasının birinci vitse-prezidentinə, həmçinin Səhiyyə Nazirliyinə müraciət etmişdir. Yasin İbrahimovun oğlu autizm xəstəsidir. O, müalicə üçün qeyd edilən tibb müəssisəsinə müraciət etmişdir. İlkin olaraq 15000, daha sonra 17500 avro ödəniş etmişdir. Uşağa göstərilən tibbi xidmətin faydası olmamışdır. Səhiyyə Nazirliyinin Ekspertiza Mərkəzi tərəfindən yoxlama ilə müəyyən olunur ki, praktiki olaraq tibb fəaliyyəti həyata keçirilsə də, lisenziya mövcud deyil. Həmin müəssisədə fizioterapevtik müalicə həyata keçirilir. Bunun da 2 hissəsi var. Müalicəvi bədən tərbiyəsi və müalicəvi masaj. Həmçinin müəssisədə tibbi avadanlıqlar aşkarlanmışdır. Yelena Vladimirovna adlı şəxs orada masajçı kimi işə qəbul edilmişdir. Əmək müqaviləsi bildirişi iş materialına əlavə edilmişdir. Aşkar olunan G-05 çin istehsalı masaj aparatı sənəddə qeyd olunmuşdur. Göstərilənlər nəzərə alınaraq protokol tərtib olunmuş və məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında bildirdi ki, Protokolu qəbul etmir. Tam əsassızdır. Araşdırma qərəzli aparılmışdır. Prokurorluğun qərarı var. Nazirliyin əməkdaşları əlaqəli işləmədiyi üçün işdən xəbərsizdirlər. G-05 cihazın adı çəkildi. Həmin cihaz təlimatda qeyd olunur ki, bədənin estetik quruluşunu tarazlamaq üçün istifadə olunur. Arıqlama, piy kütləsinin atılması, dəri altı qan dövranını sürətləndirmək və s. Müəssisənin işçiləri orada qalır, güman etmək olar ki, bu masaj aparatı şəxsi istifadə üçündür. Çünki müəyyən olur ki, bu aparat ümumiyyətlə uşaqlar üçün nəzərdə tutulmamışdır. Həmçinin təkrar edir ki, inzibati orqan tərəfindən masaj aparatının pasiyentlər üçün istifadə edilməsi barədə sübut inzibati orqan tərəfindən təqdim olunmamışdır. Həmçinin masajist kimi fəaliyyət göstərən şəxsin fizioterapiya ilə məşğul olduğuna dair sübut yoxdur. Heç bir şəxsin izahatı alınmayıb. Ona görə protokola tamamilə etiraz edir. Həmçinin əmtəə nişanında, reklamlarda da masajla əlaqədar xidmətlər qeyd olunmayıb. Xəstəliklərin müalicəsi ilə bağlı mütəxəssis rəyi də iş materiallarına əlavə edilməyib. Ozəl tibbi fəaliyyət haqqında qanunvericiliyə əsasən həmin sahədə lisenziya verilməsi mümkün deyildir. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi Yosefa Eyxel məhkəmə iclasında bildirdi ki, onlar hər şeyi əlləri ilə edirlər. Onlar masaj etmirlər, fizioterapiya ilə məşğul deyillər. Buna qədər pasiyent prokurorluğa müraciət etmişdir. Çox geniş araşdırma aparıldı. Sonda məlum oldu ki, deyilən şikayətlərin onların müəssisəsinə aidiyyəti yoxdur. Pasiyent qisas almaq istəyir. Halbuki onların fəaliyyəti nəticəsində uşaqda böyük irəliləyişlər baş verdi. ”Bakı şəhəri” sözü reklam xarakteri daşıyır, yəni onlar Yerusəlimdə (Qüds) yerləşsələr də, Bakı şəhərində də idarələri var. Tezliklə yeni sayt istifadəyə verəcəklər, orada artıq yalnız Bakı şəhərindəki müəssisəyə aid xidmətlər sərgilənəcək. Yeni sayt tərtibat mərhələsindədir. Kaltz Yelenanın öz obyekti var. O, daha çox instruktor kimi çalışır. Onlar pasiyenti qəbul etdikdə, onun xarakteristikalarını qeyd edirlər və baxırlar ki, ona hansı terapiyalar lazımdır. Ola bilər ki, müalicənin bir hissəsinə masaj da daxildir. Qeyri-ənənəvi metodlar. Yasin onlara nümayəndə vasitəsi ilə müraciət edib. Həmin nümayəndə pasiyentə nə söz verib, o, bilmir. Yasinin uşağı çox pis vəziyyətdə idi. Uşaq yatmırdı, çox əsəbi idi, başqalarının danışığını anlamırdı. Onların səyləri ilə saydığı bütün problemlər həll olundu. Lakin ikinci sessiyada valideyn uşağı götürüb harasa apardı. Uşaq qayıdanda çox pis vəziyyətdə idi. Onu qorxutmuşdular. Valideyni aldadıblar ki, qorxutsan danışacaq. Amma uşaq şoka düşmüşdü. Çox çalışdılar, onu geri qaytarmaq üçün. Lakin uğurlu olmadı. Çünki yenə uşağı başqa-başqa yerlərə apardı. Dərmanlar verdi və sistem pozuldu. Yekunda iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 izahatında bildirmişdir ki, o, mərkəzdə ümumi fiziki məşqlərlə məşğuldur. Onun məşqləri istiqamət verməkdən çox idman oyunu xarakteri daşıyır. O, ixtisas üzrə məşqçidir. O, həm də iqtisadiyyat üzrə ali təhsil bitirmişdir. Əlavə də psixoloq kursu bitirmişdir. Sertifikatı var. Karate ilə də məşğuldur. O, orada masajla məşğul olmamışdır. Masajla məşğul olmağına baxmayaraq niyə masajist kimi sistemə salınmasını bilmir.Əmək müqaviləsi Asan imza ilə bağlanır. O, çox bacarmıram. Kömək etdilər, ancaq knopkanı basdı. Məhkəmə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını dinləyib, tərəflərin məhkəməyə təqdim etdiyi sənədləri tədqiq edib, material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210-cu maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən plandankənar (növbəti) yoxlamanın keçirilməsi haqqında 3- 28-1/3-2-581/2025 nömrəli 02 iyun 2025-ci il tarixli qərardan görünür ki, Şəxs MMC-nin Azərbaycan Respublikasındakı filialına məxsus ünvan 1 ünvanında yerləşən təşkilatın fəaliyyətinin yoxlanılması məqsədilə, xx.xx.2025-xx.xx.2025-ci il tarixlərdə X11, AEM-nin tibb nəzarət şöbəsinin mütəxəssisi, X5, AEM-nin tibb nəzarət şöbəsinin mütəxəssisi, X13, AEM-nin baş hüquq məsləhətçisi tərəfindən həmin müəssisədə plandankənar (növbəti) yoxlama aparılması qərara alınmışdır. İş materiallarında olan Plandankənar Yoxlama haqqında 03 iyun 2025-ci il tarixli T- 190 nömrəli aktdan görünür ki, Şəxs MMC-nin Azərbaycan Respublikasındakı filialında lisenziyasız özəl tibb fəaliyyəti aşkarlanmışdır. Qeyd hissədən görünür ki, Şəxs MMC-nin Azərbaycan Respublikasındakı filialının direktoru Yosefa Eyxelin və müəssisənin administratoru X6 təqdim etdikləri sənədlər əsasında və müəssisəyə baxış zamanı müəyyən edilmişdir ki, “fizioterapevtik” iş üzrə sahə yaradılaraq “autizm” və “uşaq serebral iflici” diaqnozlu xəstələrə müalicəvi bədən tərbiyəsi prosedurları icra olunur, digər otaqda isə “masaj” prosedurunu icra etmək üçün "xxxx" (Çin istehsalı) aparatı aşkar edilmişdir. Müəssisədə əlavə olaraq “psixoloji” və “musiqi terapiya” xidmətləri də göstərildiyi aşkar edilmişdir. Beləliklə, müəssisədə lisenziya olmadan özəl praktik tibb fəaliyyəti ilə məşğul olması (“fizioterapevtik” iş üzrə “müalicəvi bədən tərbiyəsi” və “massaj” prosedurları) aşkar edilmişdir. İş materiallarında olan 02 aprel 2025 tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, X3 David Eyxel və Yosifa Eyxel tərəfindən dələduzluğa məruz qalması barədə müraciəti üzrə həmin hissədə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. 16C-25 nömrəli material üzrə Azərbaycan Respublikası İXM-nin 53.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın başlanması rədd edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli əmək müqavləsi bildirişinə əsasən X10 Şəxs MMC-də xx.xx.2024-cü il tarixdən massajçı kimi işə götürülmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli kassa mədaxil orderindən görünür ki, 20000 manat və 4300 ABŞ dolları vəsait X8 tərəfindən məhz tibb xidmətləri üçün mədaxil edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş sənədindən görünür ki, 7500 Avro (14000 manat) ödəniş İbrahimli Tuqayın terapiya kursu üçün ödənilmişdir. İş materiallarında olan internet saytından əldə edilən fotoşəkillərdən və müəssisənin sosial şəbəkələrdəki rəsmi hesablarından görünür ki, Şəxs MMC “Xüsusi qayğıya ehtiyacı olan X4 Mərkəzi” olaraq “Autizm” “Hidrosefaliya” və “Serebral iflic” kimi xəstəliklərin terapiyasını həyata keçirir. Lisenziyalar və icazələr haqqında Azərbaycan Respublikasının Qanununa əsasən lisenziya – müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi üçün ərizəçiyə lisenziya verən orqan tərəfindən verilən rəsmi sənəddir. Qanunun 4.1-ci maddəsinə əsasən Lisenziya tələb olunan fəaliyyət növləri və icazələr (maliyyə bazarları sahəsində istisna olmaqla) yalnız bu Qanunla müəyyən edildikdən sonra müvafiq sahəni tənzimləyən Azərbaycan Respublikasının digər qanunlarında əks edilir. Lisenziya tələb olunan fəaliyyət növlərini və icazələri müəyyən edən bu Qanundan və müvafiq sahəni tənzimləyən Azərbaycan Respublikasının digər qanunlarından başqa hər hansı digər hüquqi aktda lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin, həmçinin müvafiq sahəni tənzimləyən Azərbaycan Respublikasının qanunlarından başqa hər hansı digər hüquqi aktda lisenziyaların və icazələrin alınmasından azadolma hallarının müəyyən olunmasına yol verilmir. Qanunun 1 nömrəli əlavəsinin Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısına əsasən Özəl tibb fəaliyyəti lisenziya tələb olunan fəaliyyət növüdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı"nın, "Tikintisinə icazə tələb olunan bina və qurğuların mühəndis-axtarış işlərinin Siyahısı"nın, "Tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərinin Siyahısı"nın və "Tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi üzrə işlərin Siyahısı"nın təsdiq edilməsi haqqında 15 may 2017-ci il tarixli 206 nömrəli qərarının 1 nömrəli əlavəsində Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin siyahısının özəl tibb fəaliyyəti üzrə göstərilən xidmətlərə uyğun görülən işlər bölməsinin 2.14-cü bəndinə əsasən fizioterapiya fəaliyyəti lisenziyalaşdırılan işlər siyahısına daxildir. Yuxarıda göstərilənlərə əsasən Şəxs MMC inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, iş materiallarında olan sənədlər və hazırkı qərarda istinad edilən yuxarıdakı yazılı sənədlər, tərəflərin izahatları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 210.1-ci maddəsinə əsasən, lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə-fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə prosesində Azərbaycan Respublikasının İXM-nin 32-ci və 33-cü maddələrinə əsasən Şəxs MMC-nin Azərbaycan Respublikasındakı filialının məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin Azərbaycan Respublikasındakı filialının əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasındakı filialı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 210.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasındakı filialı (VÖEN:**********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 20.000 (iyirmi min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakım Orxan Məmmədli
Məhkəmə qərarları › İş №3(004)-3974/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3974/2025
23.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver