Məhkəmə qərarları › İş №3(004)-3979/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3979/2023

24.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3979/2023 24.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi, xx.xx.1994-cü ildə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1-ci maddələri ilə Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 27-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə materiallara əsasən xx.xx.2023-cü il tarixdə dostu X2 yol nəqliyyat hadisəsi törətdiyinə görə Yasamal rayon Polis İdarəsinin DYPŞ-də onlara növbələrini gözləmək izah olunmuş, həmin vaxt hər iki şəxs narazılıqlarını bildirmiş, səs-küy salmağa başlamışlar. Polislər onlara öz iradlarını bildirsələr də, lakin həmin şəxslər öz hərəkətlərinə davam etmiş, əllərində olan mobil telefonla çəkiliş etmiş, iş rejimini pozmuşlar, polis əməkdaşları onları nizam-intizama dəvət etsələr də, polislərin tələblərinə tabe olmamışdır, səs küy salaraq ətrafdakı insanların diqqətini cəlb etmiş, ictimai qaydanı pozaraq bu zaman polis əməkdaşları onları X5 Alayının köməkliyi ilə Yasamal RPİ-nin 27-ci polis bölməsinə gətirmişlər. Bununla da protokol tərtib etmiş vəzifəli şəxs hesab etmişdir ki, o ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmiş, həmçinin polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də Şəxs barəsində İXM-in 510, 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törədilməsi barədə Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 27-ci Polis Bölməsi tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs məhkəməyə verdiyi izahatında göstərdi ki, yol nəqliyyat hadisəsi baş verdiyi üçün dostu ilə birlikdə Yasamal rayon Polis İdarəsinin DYPŞ-nə yaxınlaşmışlar, orada növbə gözləmişlər. Ancaq növbədən kənar şəxsi içəri salıb, ondan 50 manat aldıqlarını görmüş, onları saxlatdıqları üçün qəzəblənmiş, buna görə həmin otağa yaxınlaşıb iradını bildirmiş, ancaq bu zaman polis əməkdaşları ona hədə-qorxu gələrək post patrul əməkdaşlarını çağıracaqlarını bildirmişlər. O, da sonradan başına gələcəklərdən qorxaraq telefonda səs yazmış, ancaq polisin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə tabe olmuşdur. İdarənin içərisindəki kameralarda hər bir şey öz əksini tapmışdır. Protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 27-ci Polis Bölməsinin sahə inspektoru Eldəniz Hüseynov məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə materiallara əsasən xx.xx.2023-cü il tarixdə dostu X2 yol nəqliyyat hadisəsi törətdiyinə görə Yasamal rayon Polis İdarəsinin DYPŞ-də onlara növbələrini gözləmək izah olunmuş, həmin vaxt hər iki şəxs narazılıqlarını bildirmiş, səs-küy salmağa başlamışlar. Polislər onlara öz iradlarını bildirsələr də, lakin həmin şəxslər öz hərəkətlərinə davam etmiş, əllərində olan mobil telefonla çəkiliş etmiş, iş rejimini pozmuşlar, polis əməkdaşları onları nizam-intizama dəvət etsələr də, polislərin tələblərinə tabe olmamışdır, səs küy salaraq ətrafdakı insanların diqqətini cəlb etmiş, ictimai qaydanı pozaraq bu zaman polis əməkdaşları onları X5 Alayının köməkliyi ilə Yasamal RPİ-nin 27-ci polis bölməsinə gətirmişlər. Bununla da ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmiş, həmçinin polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə qəsdən tabe olmamışdır. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati xəta kimi müəyyən edilmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. “Polis haqqında” Qanunun 3-cü maddəsinin İİ hissəsinin 1-ci bəndinə əsasən ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək polisin əsas vəzifələrinə aid edilmişdir. Həmin Qanunun 14-cü maddəsinə əsasən hər bir şəxsin təhlükəsizliyini təmin etmək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə səlahiyyətlərinə aid edilmiş inzibati xətalara dair işlər üzrə icraatı aparmaq, kütləvi tədbirlər zamanı ictimai asayişi təmin etmək, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşının vəzifələrinəaid edilmişdir. Həmin Qanunun 17-ci maddəsinə əsasən üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının digər hüquqları ilə yanaşı, hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək, cinayət və ya inzibati xəta törətməkdə şübhə edilənlərin şəxsiyyətini müəyyənləşdirmək üçün sənədlərini yoxlamaq hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinə əsasən ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşının digər hüquqları ilə yanaşı, inzibati xətalara dair işlər üzrə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan tədbirləri görmək, ictimai qayda və ya insanların təhlükəsizliyi üçün təhlükə yarandıqda ərazilərə və binalara girişi və orada olmağı məhdudlaşdırmaq, aparılan işləri dayandırmaq, nəqliyyatın hərəkətini məhdudlaşdırmaq və ya qadağan etmək, inzibati xəta törətmiş şəxs barəsində protokol tərtib etmək, şəxsi axtarış aparmaq, əşyalarını yoxlamaq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada və müddətdə onu polisdə saxlamaq hüquqları vardır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kollegiyasının 12 may 2017-ci il tarixli Q25-001-17 nömrəli qərarı ilə təsdiq edilmiş “Yol-patrul xidməti haqqında” Təlimatın 13.13-cü bəndinə əsasən qanun pozuntusunun sənədləşdirilməsi zamanı hərəkət iştirakçısı YPX inspektorunun qanuni tələbini icra etməkdən imtina etdikdə, habelə əsassız iddialar və tələblər irəli sürməklə konfliktli vəziyyət yaratdıqda rəhbər vəzifəli əməkdaşın hadisə yerinə dəvət olunması məqsədi ilə YPX inspektoru növbətçi hissəyə və birbaşa rəisinə məlumat verir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materiallarında olan Yasamal RPİ-nin DYPŞ-nin baş inspektoru N.Yaqubov və DİN-in X5 Alayının 6-cı Patrul bölüyünün polis baş serjantı E.Ağayev tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli raportlarla Şəxs hazırkı inzibati xəta haqqında protokolda göstərilən İXM-nin 510-cu maddəsindəki əməli törətməsi öz əksini tapmışdır. Göstərilənlərə əsasən onun polis idarəsində xidməti otaqda törətdiyi əməl xırda xuliqanlıq etmə kimi qiymətləndirilir. Həmçinin onun törətdiyi əməl barəsində İXM-nin 535.1-ci maddəsi ilə də inzibati xəta haqqında protokol tərtib edilsə də, məhkəmə hesab edir ki, həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə qeyd edir ki, protokol tərtib etmiş şəxsin müəyyən etdiyi və protokolda göstərdiyi hərəkətlər, həmçinin protokolun tərtib edilməsinə əsas olmuş Raportda qeyd edilənlər İXM-in 535.1-ci maddəsinin tərkibini yaratmır. İnzibati xəta törədilməsi sübut olunmur. Çünki İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə şəxsin törədiyi göstərilən əməlin baş vermə şəraitində, yəni Polis İdarəsinin daxilində, xidməti otağında polis əməkdaşı ictimai qaydanın mühafizə vəzifələrini icra etmirdi, həmin vaxtı polis əməkdaşı xidməti otağında xidməti vəzifələrini yerinə yetirirdi. Halbuki, polis əməkdaşının yalnız ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onun tələblərinə tabe olmama, İXM-nin 535.1-ci maddəsinin tərkibini yaradır. Lakin göründüyü kimi həmin əməlin tərkibini yaradan hal, hadisə baş verməmişdir. Həmçinin inzibati xətanın Polis Bölməsinin inzibati binasında törədildiyi qeyd edilmişdir. Belə olduğu təqdirdə həmin binata təhlükəsizlik və digər zərurətlə əlaqədar quraşdırılmış kameralarda bu hadisə qeydə alınmalı idi. Lakin hazırkı iş üzrə belə bir sübut məhkəməyə təqdim edilə bilməmişdir. Beləliklə, sadalananlara əsasən Şəxs İXM-nin 510-cu maddəsində göstərilən inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, özünün məhkəməyə verdiyi izahatı, yuxarıda qeyd edilən Raportlarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İş materiallarındakı xx.xx.2023-cü il tarixli tutma protokoluna əsasən Şəxs həmin tarixdə saat 16:50 radələrində tutulmuşdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə İXM-in 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın törədildiyi yeri, vaxtı nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsi ilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək, 05 (beş) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixindən, saat 16:50 dəqiqədən hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 27-ci Polis Bölməsinə həvalə edilsin. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraatın İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə bağlı hissəsinə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar