Məhkəmə qərarları › İş №3(004)-3981/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-3981/2025

01.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-3981/2025 01.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal rayon Məhkəməsinin hakimi Cavadzadə Rəşad Bəylər oğlu, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1- 1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 4 iyun 2025-ci il tarixli, MN ******* saylı protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən vəzifəli şəxs X1 tərəfindən inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında qərarın icrası ilə əlaqədar DƏMX-nin Bakı şəhər idarəsinin xx.xx.2025-ci il tarixli 3-17-5/2-28985/2025 nömrəli məktubunda nəzərdə tutulmuş tədbirlər görülməmiş və bununla da Şəxs MMC tərəfindən AR İXM-nin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iş materiallarında olan inzibati xəta haqqında protokol və materialları araşdıraraq hesab edir ki, protokol və digər sənədlər düzgün tərtib olunmamış, təqdim edilmiş materiallar natamam olduğu üçün səlahiyyətli orqana geri qaytarılmalıdır. Belə ki, protokolda inzibati xətanın mahiyyəti tam olaraq öz əksini tapmamış və inzibati xətanın konkret nə vaxt, harada törədilməsi protokolda qeyd edilməmişdir. Protokol tərtib tərtib etmiş şəxs bu müddəti protokolda göstərmədiyi üçün, inzibati xətanın törədildiyi vaxtdan hesablanmaqla, İXM-nin 38-ci maddəsində müəyyən edilmiş inzibati məsuliyyətə cəlb etmə müddətinin keçib-keçməməsini müəyyən etmək mümkün deyildir. Həmçinin iş üzrə kifayət qədər sübut toplanılmamış və materiallara hüquqi şəxsin nümayəndəsinin izahatı alınaraq əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 100.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. 106.0-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: 106.0.3. inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; 106.0.5. mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə hakim və ya səlahhiyyətli orqan tərəfindən qərardad qəbul edilir. Onu da qeyd etmək lazımdır ki, şəxsin təqsirliliyinə dair sübutları məhkəmə toplamamalıdır. Qeyd edilənlərə əsasən, inzibati xəta haqqında iş üzrə protokol tərtib edilənədək prosessual pozuntulara yol verilməsi və həmin pozuntuların işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə olması son nəticədə protokolun düzgün tərtib olunmamasına, yaxud təqdim edilmiş materialların natamam olmasına, sübutların kifayət etməməsinə dəlalət edir. Belə ki, səlahiyyətli orqan tərəfindən inzibati qərarın Şəxs MMC-ə çatdırılması, həmin qərar lazımi qaydada təqdim edildikdən 10 gün müddət bitdikdən sonra qüvvəyə minməsi və bundan sonra qərarın icrası üçün göstərişin Şəxs MMC-yə göndərilməsini təsdiq edən (sübut olan) xəbərnamə iş materiallarında olmamışdır. Həmçinin o da qeyd edilməlidir ki, səlahiyyətli orqan tərəfindən işin halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, tədbir görmək imkanı olması müəyyən edilmədən protokol tərtib edərək məhkəməyə göndərməklə kifayətlənmiş və faktı təsdiq edilməsi üçün kifayət qədər subutlar toplanılmamışdır. Beləliklə məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, materiallar və digər sənədlər düzgün tərtib olunmamış, təqdim edilmiş materiallar natamam olmuşdur, kifayət qədər sübut toplanılmamışdır. Həmin pozuntular işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə prosessual pozuntular kimi qiymətləndirilir və pozuntular protokol tərtib edilənədək yol verilmiş pozuntulardır. Göstərilən pozuntuları işin məhkəmə mərhələsində aradan qaldırmaq mümkünsüzdür. Belə olduğu təqdirdə qərarda göstərilən yol verilmiş pozuntuların aradan qaldırılması üçün inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən, QƏRARA ALDİ: İnzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsinə geri qaytarılsın. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar