Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3983/2020 09.12.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X3 iclas katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparıan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1972-ci ildə Göyçay rayonunun Bığır kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 mənzil 33 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 517-2.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-si tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 517-2.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-dən baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 05:40 radələrində Bakı şəhəri Yasamal rayonu ərazisində Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxxx 2020-ci il tarixli 1166 nömrəli Fərmanına əsasən elan edilmiş hərbi vəziyyət dövründə komendant rejimi qaydalarını pozaraq xüsusi icazəsi olmadan küçədə və digər ictimai yerlərdə gəzişməsi faktı aşkar edilmişdir. Bununla da, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 517-2.1-ci maddəsində (xüsusi icazə vərəqəsi və ya şəxsiyyəti təsdiq edən sənəd olmadan komendant saatı vaxtında küçələrdə və ya digər ictimai yerlərdə olmağa görə) nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri müəyyən edildiyindən barəsində protokol tərtib edilmişdir. Protokolu tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə, eyni zamanda “Elektron Məhkəmə Sistemi” vasitəsi ilə sms-bildirişləri göndərilmişdir. Lakin, protokol tərtib etmiş qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və tərəfindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, fərdi qaydada işləyərək iki yaşlı insana qulluq edir. Bu səbəbdən saat 06:00-da evdən çıxmaq məcburiyyətindədir. xx xxxxxx 2020-ci il tarixdə iş yerinə getmək üçün tanışı taksi fəaliyyəti ilə məşğul olan Allahverdi Həsənovla əlaqə saxlamış və sifariş vermişdir. Razılaşma əsasən saat 05:40-da işə getmək üçün Allahverdi Həsənovun idarə etdiyi taksiyə əyləşmiş, lakin həmin vaxt o, avtomobilini işə salsa da, hərəkətə başlamamışdır. Bu vaxt onlar polis əməkdaşları tərəfindən saxlanılmış, komendant saatı rejimini pozduğu ona izah edilmişdir. Komendant saatının bitməsinə az müddət qaldığında etiraz etmiş və onunla polis əməkdaşları arasında mübahisə yaranmışdır. Buna görə bölməyə dəvət edilmişlər, orada barələrində protokol tərtib edildikdən sonra sərbəst buraxılmışlar. Şəxs hazırda əməlindən peşman olduğunu, bir daha komendant rejimi qaydasını pozmayacağını və qaydalara riayət edəcəyini bildirərək məhkəmədən ona yüngül tənbeh tədbirinin təyin edilməsini xahiş etdi. Məhkəmə iş üzrə materialları araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 517-2.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir və o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarında olan Yasamal RPİ-nin PPXB-nün polis nəfərləri Amil Kazımov və Telman Ağayev tərəfindən tərtib edilmiş raportdan müəyyən edilir ki, xx xxxxxx 2020-ci il tarixdə xidmətdə olarkən saat 05:40 radələrində Yasamal rayonu ərazisində iki nəfər şəxsin komendant rejimi qaydalarını pozaraq xüsusi icazələri olmadan küçədə və digər ictimai yerlərdə gəzişməsi, yəni həmin küçədə “Araz” supermarketin qarşısında saxladığı nəqliyyat vasitəsindəki maqnitofonun musiqisinə yüksək səs verməklə bir nəfər qadınla qabaqda əyləşməsi aşkar edilmişdir. Bundan sonra həmin şəxslər ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamış, şəxsiyyətlərini təsdiq edən sənədləri təqdim etməkdən, onların dəvəti ilə polis bölməsinə gəlməkdən imtina edib, səs-küy salmağa başlamışlar. Həmin şəxslər bölməyə dəvət edildikdən sonra şəxsiyyətləri yoxlanılıb Şəxs və X1 olması olması müəyyən edilmişdir. Bundan başqa iş materiallarında olan Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 3(004)-3953/2020 nömrəli qərarından müəyyən edilir ki, eyni fakt üzrə X1 İXM-nin 517-2.1 və 535.1-ci maddələri ilə təqsirli bilinərək barəsində 10 gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri təyin edilmişdir. Həmin qərardan həmçinin müəyyən edilir ki, xətanın qeydə alındığı videogörüntü məhkəmə iclasında nümayiş etdirilərkən X1 və onun yanında olan Şəxs polis işçilərinin qanuni tələblərinə tabe olmamaları aşkar edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respulikası İXM-nin 517-2.1-ci maddəsinə əsasən xüsusi icazə vərəqəsi və (və ya) şəxsiyyəti təsdiq edən sənəd olmadan komendant saatı vaxtında küçələrdə və ya digər ictimai yerlərdə olmağa görə xəbərdarlıq və ya əlli manat məbləğində cərimə inzibati tənbeh tədbiri nəzərdə tutulmuşdur. “Hərbi vəziyyət haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən, hərbi vəziyyət - Azərbaycan Respublikasının Konstitusiyasına və bu Qanuna uyğun olaraq, Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı yerlərində müvəqqəti tətbiq edilən siyasi, iqtisadi, inzibati, hərbi və digər tədbirlər kompleksini nəzərdə tutan, Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin (bundan sonra - vətəndaşlar) konstitusion hüquq və azadlıqlarının, habelə mülkiyyət və təşkilatihüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatların hüquqlarının və qanuni mənafelərinin qismən və müvəqqəti məhdudlaşdırılmasına və onların üzərinə əlavə vəzifələr qoyulmasına yol verən xüsusi hüquqi rejimdir. Həmin Qanunun 1.0.4-cü maddəsinə görə isə komendant saatı - hərbi vəziyyət dövründə ictimai qayda və ictimai təhlükəsizliyin təmin edilməsi, düşmənin kəşfiyyat, təxribat və digər pozuculuq fəaliyyətinin qarşısının alınması məqsədi ilə xüsusi icazə vərəqələri və şəxsiyyəti təsdiq edən sənədlər olmadan yaşayış yerindən, yaxud iş yerindən kənarda olmanın (hərəkət etmənin) qadağan edildiyi günün müəyyən edilmiş vaxtıdır. “Hərbi vəziyyət haqqında” Qanunun 5.1-ci maddəsinə əsasən, hərbi vəziyyət Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 29-cu bəndinə və 111-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə elan edilir. Qanunun 10-cu maddəsinə görə hərbi vəziyyət dövründə müəyyən tədbirlərin həyata keçirilməsi nəzərdə tutula bilər. Bu kimi tədbirlərə komendant saatı tətbiq edilməklə şəxslərin xüsusi icazə vərəqələri və şəxsiyyəti təsdiq edən sənədləri olmadan günün müəyyən edilmiş vaxtlarında küçələrdə və ya digər ictimai yerlərdə olmalarının qadağan edilməsi; eyni zamanda şəxslərin xüsusi icazə vərəqələrinin və şəxsiyyətini təsdiq edən sənədlərinin yoxlanılması, qanunda nəzərdə tutulmuş əsaslarla onların şəxsi əşyalarına, mənzillərinə və nəqliyyat vasitələrinə baxış keçirilməsi, şəxslərin və nəqliyyat vasitələrinin tutulub saxlanılması da daxildir. Bundan başqa “Hərbi vəziyyət haqqında” Qanunun 27-ci maddəsinə görə sözügedən Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxxxx 2020-ci il tarixli 1166 nömrəli Fərmanına əsasən, Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, Azərbaycan Respublikasına qarşı silahlı hücumlar etməsi və mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar, 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edilmişdir. Fərmanın 3-cü bəndinə əsasən ölkə ərazində hərbi vəziyyət elan olunmaqla, Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq edilməklə şəxslərin xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənədləri olmadan küçələrdə və digər ictimai yerlərdə olmaları qadağan edilmiş, xüsusi giriş-çıxış rejimi tətbiq edilmiş, nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması üçün tədbirlərin görülməsi müəyyən edilmişdir. Fərmanın 4-cü bəndinə əsasən komendant saatının tətbiqindən irəli gələn tədbirlərin həyata keçirilməsinin təmin edilməsi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə həvalə edilmişdir. Həmçinin Fərmanla hərbi vəziyyət dövründə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatların hüquqlarının və qanuni mənafelərinin, vətəndaşların hüquq və azadlıqlarının qismən və müvəqqəti məhdudlaşdırılmasını nəzərdə tutan tədbirlərin vəziyyətin kəskinliyindən irəli gələn hüdudlar daxilində və Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq tətbiq edilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Bundan başqa Məcəllənin 89.3-cü maddəsinə əsasən fövqəladə və ya hərbi vəziyyət elan olunmuş ərazidə şəxs xüsusi verilmiş icazə vərəqələri olmadan komendant saatı vaxtında küçələrdə və başqa ictimai yerlərdə olduqda - komendant saatı bitənədək və ya onun üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadan komendant saatı vaxtında küçələrdə və başqa ictimai yerlərdə olduqda - tutulanın şəxsiyyəti müəyyən edilənədək müddətə inzibati qaydada tutula bilər. 31.4-1-ci maddəyə görə isə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İş materiallarından görünür ki, Şəxs inzibati qaydada tutulmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən Azərbaycan Respublikasının İXM-nin 32 və 33cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Barəsində inzibati icraat aparılan şəxs Şəxs şəxsiyyətini və iş üzrə tədqiq olunmuş digər halları araşdırıb belə nəticəyə gəlir ki Şəxs Azərbaycan Respublikası İXM-nin 517- 2.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 517-2.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 50 (əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-3983/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3983/2020
09.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver