Məhkəmə qərarları › İş №3(004)-4/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4/2021

06.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4/2021 06.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin qanuni təmsilçisi X1 iştirakı ilə, “Şəxs ” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala baxaraq məhkəmə müəyyən etdi: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 28 iyul 2020-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş 28 iyul 2020-ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC onun mülkiyyətində (istifadəsində) olan “X5” (minik) markalı, 90-AS- 004 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatları səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Bununla da, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-1832/2020 nömrəli 17.09.2020-ci il tarixli qərarından görünür ki, Şəxs MMC barəsində 28 iyul 2020-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1891/2020 nömrəli 03.11.2020-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin rəisi Cəmil Əmirov tərəfindən verilmiş şikayət qismən təmin edilərək, iş üzrə Şəxs MMC barəsində Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-1832/2021 nömrəli 17.09.2020-ci il tarixli qərarı ləğv edilmiş inzibati xəta haqqında iş materialları yenidən baxılması üçün Bakı şəhəri Yasamal Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-4/2021 nömrəli 15.02.2021-ci il tarixli qərarından görünür ki, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 300 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq olunması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-627/2021 nömrəli 19.03.2021-ci il tarixli qərarından görünür ki, Şəxs MMC tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-4/2021 nömrəli 15.02.2021-ci il tarixli qərarı ləğv edilmiş inzibati xəta haqqında iş materialları yenidən baxılması üçün Bakı şəhəri Yasamal Məhkəməsinə göndərilmişdir. Həmin qərarda Şəxs MMC-də “xxxx” soyadlı əməkdaşın işləyib işləməməsi və MMC-nin sərt karantin rejiminin tətbiq edildiyi dövrdə fəaliyyət göstərib-göstərməməsi hallarının araşdırılaraq yenidən hüquqi qiymət verilməli olması qeyd edilmişdir. Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinin nümayəndəsi X3 məhkəməyə ərizə ilə müraciət edərək iş yükünun çox olduğu səbəbindən məhkəmə prosesində iştirak edə bilməyəcəyini, onun iştirakı olmadan işə baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin qanuni təmsilçisi X2 izahatında göstərdi ki, hüquqlarını təmsil etdiyi ASC- nin mülkiyyətində olan “X5” (minik) markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücü barəsində məlumatın verilməsi haqqında Bakı şəhəri Yasamal RPİ- nin DYPŞ-si tərəfindən Şəxs MMC-nə ünvanlanmış sorğu cəmiyyət tərəfindən qəbul edilməmişdir. Poçt xəbəmaməsi qəbul edən “xxxx” soyadlı heç bir işçi cəmiyyətdə çalışmır, bu da elektron sistemdən əldə edilmiş sənədlərin surətundə öz əksini tapır. Şəxs MMC ticarətlə məşğuldur və xəbərnamə üzərindəki qəbul tarixində karantin rejimi ilə əlaqədar cəmiyyət fəaliyyət göstərmədiyindən sorğunun cəmiyyətin hər hansı bir işçisi tərəfindən qəbul edilməsi mümükün deyildir. Bundan qabaq MMC-nin Bakı şəhəri Yasamal rayonu, İnşaatçılar prospekti ev 6, mənzil 12 ünvanına gələn məktublar qəbul olunmuşdur. Göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş materiallarında olan Bakı şəhəri Yasamal RPİ-nin Şəxs MMC-nin rəhbərliyinə ünvanladığı sorğudan görünür ki, həmin MMC-dən mülkiyyətində olan “X5” (minik) markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobili 08 iyul 2020-ci il tarixdə, saat 18:49da idarə edən sürücü barədə Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nə məlumat verilməsi xahiş edilmiş, eyni zamanda həmin məlumatların 5 gün müddətində verilməməsinə görə hüquqi şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, Bakı şəhəri Yasamal RPİ-nin Şəxs MMC-nin rəhbərliyinə (ünvan 3 ünvanladığı sorğu 10 iyul 2020-ci il tarixdə “xxxx” soyadlı şəxs tərəfindən qəbul edilmişdir. İş materiallarına əlavə olunmuş 30.03.2021-ci il tarixli məlumatdan və ona əlavə edilmiş çıxarışdan məlum olur ki, Şəxs MMC-nin hüquqi ünvanı ünvan 4 İş materiallarına əlavə olunmuş İnternet Vergi İdarəsinin kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan məlum olur ki, Şəxs MMC-nin “xxxx” soyadlı işçisinin olması barədə məlumat yoxdur. Göstərilənlərlə yanaşı məhkəmə tərəfindən “xxxx” MMC-yə ünvanlanmış sorğuya daxil olmuş cavab məktubundan müəyyən edilir ki, “SS662869813AZ” saylı ştrix kodlu sifarişli məktub 10.07.2020-ci il tarixdə sənədə imza etdirilməklə Şəxs MMC-nin əməkdaşı xxxxa təhvil verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Barəsində inzibati xəta haqqında icraat aparılan “Şəxs ” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi Azərbaycan Respublikası DİN-nin Yasamal RPİ-nin DYPŞ-nin səlahiyyətli əməkdaşı tərəfindən tərtib edilmiş 28.07.2020-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokolla və digər iş materialları ilə sübuta yetirilir. Belə ki, iş materialları ilə təsdiq olunur ki, Bakı şəhəri Yasamal RPİ-nin Şəxs MMCnin rəhbərliyinə (ünvan 3 ünvanladığı sorğu Şəxs MMC-nin qeydə alındığı hüquqi ünvanla eynilik təşkil edir və həmin sorğu 10 iyul 2020-ci il tarixdə xxxx soyadlı şəxs tərəfindən rəsmi qaydada qəbul edilmişdir. Bu hal “xxxx” MMC-nin 08.02.2021-ci il tarixli, 103-2-11-1- 405 saylı məktubu ilə öz təsdiqini tapır. Digər tərəfdən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Şəxs MMC-nin yerləşdiyi hüquqi ünvan hansına ki, xəbərnaməli məktub göndərilmış və “xxxx” soyadlı şəxs tərəfindən imza edilərək qəbul edilmişdir hər hansı inzibati bina və ya ofis deyildir. Yəni həmin ünvanda yalnız Şəxs MMC-nin işçilərinin ola biləcəyi və başqa şəxslərin olmasını istisna ediləcəyə və bununla da onlara ünvanlanan məktubların məhz rəsmi əmək müqaviləsi əsasında işləyən işçilər tərəfindən imza edərək qəbul ediləcəyi bir yer olmamışdır. Digər tərəfdən həmin ünvan ünvan 5da yerləşən fərdi yaşayış mənzildir və həmin mənzildə xüsusi karantin rejiminin olub olmaması, MMC-nin “xxxx” soyadlı rəsmi işçisinin olub olmamasından, MMC-nin həmin dövrdə fəaliyyət göstərib-göstərməməsindən asılı olmayaraq istənilən şəxsin həmin ünvanda olması və zərfi qəbul etməsi mümkündür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində məhz bu hallar nəzərdə tutulmuşdur. Belə ki, sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. İnzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, «Şəxs » MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbehin tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: «Şəxs » MMC 28.07.2020-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzrədə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar