Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4010/2020 11.12.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X2 iclas katibliyi, protokol tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, “X4” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş protokol üzrə işə açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “X4” MMC-nin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, AP seriyalı ******* nöməli inzibati xəta haqqında protokoldan görünür ki, “X4” MMC mülkiyyətində (istifadəsində) olan “Citroen C4” (minik) markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatları səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Bununla da, “X4” MMC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Yasamal RPİ-nin DYPŞ-nin nümayəndəsi X3 protokolun dəlillərinə uyğun çıxış edərək hüquqi şəxs barəsində inzibati tənbeh tədbirinin təyin edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X4” MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildirişlər göndərilmişdir. Lakin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və tərəfindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 64.3-cü və 112.1.4-cü maddələrinə əsasən hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, “X4” MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulan xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin “X4” MMC-yə ünvanladığı sorğu məzmunlu blanksız məktubdan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə saat 12:31 cəmiyyətin mülkiyyətində (istifadəsində) olan “Citroen C4” (minik) markalı, **- PB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən fiziki şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Qeyd olunan məktubla avtomobili idarə etmiş sürücü barədə məlumat verilməsi xahiş edilmiş, eyni zamanda həmin məlumatların 5 gün müddətində verilməməsinə görə hüquqi şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Sorğuda onun qeydiyyat nömrəsi HQ 292596 kimi göstərilməsinə baxmayaraq, onun tərtib edildiyi tarix göstərilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Yasamal RPİ-nin DYPŞ-si tərəfindən barəsində protokol tərtib edilmiş hüquqi şəxsə göndərilməsi iddia edilən sözügedən blanksız və tarixi bəlli olmayan, dolayısı ilə İXM-nin 347-ci maddəsinin tərkibinin yaranmasına əsas olan sorğunun özü-özlüyündə qüsurlu olması və bu sorğuya cavab verilməməsi belə həmin xətanın tərkibinin yaranmasına əsas ola bilməz. Qeyd olunan xətanın tərkib əlamətlərinin yaranmasından ötrü səlahiyyətli qurumun sorğusu kifayət qədər dəqiq və ətraflı olmalıdır ki, ünvan sahibi ondan nə tələb edildiyini dəqiq müəyyən edə bilsin. Sorğu dəqiq və ətraflı olduğu təqdirdə ona cavab verilməməsi xətanın tərkibini yarada bilər. Odur ki, cəmiyyətə ünvanlanmış qüsurlu şəkildə tərtib edilmiş sorğu sözügedən xətanın yaranması üçün əsas rolunu oynaya bilməz. Digər tərəfdən iş materiallarında olan poçt göndərişinin verilməsi haqqında “SS680981853AZ” ştrix kodlu xəbərnamədən isə görünür ki, o, Yeni Yasamal-1 məhəllə 3147 mənzil 46 ünvanında yerləşən “X4” MMC-yə **-PB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə bağlı xx xxxxxx 2020-ci il tarixdə ünvanlanmış HQ 292596 nömrəli sorğuya aiddir. Xəbərnamədəki qeydə əsasən sorğu xx.xx.2020-ci il tarixdə şəxsiyyəti müəyyən edilməmiş şəxs tərəfindən imzalanmaqla ünvan sahibinə çatdırılmışdır. Lakin ad soyadı qeyd edilməyən imza sahibinin hüquqi şəxslə nə kimi bağlılığının olması göstərilməmişdir. Həmçinin xəbərnamə məhkəmə tərəfindən tədqiq edilərkən müəyyən edilir ki, onun üzərində 3 ədəd yəni, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli və xx xxxxxx 2020-ci il tarixli poçt ştampları həkk edilmişdir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, şəxsiyyəti məlum olmayan şəxs tərəfindən imzalanmış və xx xxxxxx 2020-ci il tarixli sorğuya 2 aydan artıq müddət keçdikdən sonra poçt müəssisəsinin ştampı həkk edilmiş xəbərnamədəki məlumatların mötəbərliliyinə dair məhkəmədə kifayət qədər şübhə yaratmışdır. Protokol tərtib edilmiş inzibati orqan tərəfindən isə həmin məlumatların həqiqətə uyğunluğuna dair hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə tərəfindən “xxxx” MMC-yə ünvanlanmış sorğuya daxil olmuş xx xxxxxx 2020-ci il tarixli 103-2-11-1-349 nömrəli cavab məktubundan isə müəyyən edilir ki, Yasamal RPİ-nin DYPŞ-si tərəfindən “X4” MMC-yə ünvanlanan “SS680981853AZ” ştrix kodlu sifarişli məktub xx.xx.2020-ci il tarixdə (yəni DYPŞ-nin xx xxxxxx 2020-ci il tarixli sorğusunun verilməsindən 2 ay 15 gün sonra) 122 saylı poçt şöbəsinə qəbul edilərək ünvanı üzrə göndərilmişdir. Həmin məktub xx.xx.2020ci il tarixdə xidmət ərazisi üzrə 138 saylı PŞ-yə daxil olmuş, lakin həmin ünvanda qeyd edilən idarə köçdüyü üçün F.20 yarlıkında müvafiq qeyd aparılaraq eyni tarixdə ünvan sahibinə çatdırılmadan göndəriciyə, yəni DYPŞ-nə geri qaytarılmışdır. Bundan başqa məhkəmə bildirişləri barəsində protokol tərtib edilmiş “X4” MMC-nin Yeni Yasamal-1 məhəllə 3147 mənzil 46-da yerləşən hüquqi ünvanına göndərilməsinə baxmayaraq “ünvan tam deyil” qeydi ilə çatdırılmadan geri qaytarılmışdır. Göründüyü kimi, Yasamal RPİ-nin DYPŞ-nin “SS680981853AZ” ştrix kodlu sifarişli-xəbərnaməli məktubu ünvan sahibinə çatdırılmamış və göndəriciyə geri qaytarılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, məktubun naməlum şəxs tərəfindən qəbul edilməsinə dair iş materiallarına əlavə edilmiş xəbərnamə sübut olaraq qəbul edilə bilməz. Protokol tərtib etmiş qurum tərəfindən isə bunun əksini sübut edən hər hansı bir dəlil məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 57.2-ci maddəsinə əsasən hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Həmin Məcəllənin 57.3-cü maddəsinə əsasən sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. 57.5-ci maddəyə əsasən inzibati xəta haqqında iş üzrə sənəd 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan; 57.3-cü maddəsində nəzərdə tutulmuş hallarda isə ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan və sənədin çatdırılması tapşırılmış digər şəxslər sənədin çatdırılması barədə müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verdiyi vaxtdan rəsmi qaydada verilmiş hesab edilir. Göstərilənlərlə yanaşı iş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin inzibati xəta haqqında protokol tərtib edilərkən iştirakı təmin edilməmiş, hüquq və vəzifələrinin izah edilməsi, həmçinin tərtib edilmiş protokolun surətinin ona təqdim edilməsi və ya göndərilməsi təmin edilməmiş, bununla da barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öz müdafiə hüququnu qurmaqdan məhrum edilmişdir. Belə ki, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinin tərkibini yaradır. Lakin, hazırki işin hallarından müəyyən edilmişdir ki, “X4” MMC-nin mülkiyyətində (istifadəsində) olan avtomobili idarə etmiş fiziki şəxs haqqında məlumatın əldə olunması üçün Yasamal RPİ-nin DYPŞ-nin müvafiq sorğusu hüquqi şəxsə qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmi olaraq çatdırılmamışdır. Beləliklə, məhkəmə iş materiallarında mövcud olan şübhələri barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin xeyrinə həll etməklə hesab edir ki, hüquqi şəxs “X4” MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 347ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri yoxdur. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində protokol tərtib edilmiş “X4” MMC-yə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) və ona istinad edilən inzibati xəta tərkibinin əlamətləri mövcud deyildir. Ona görə də, “X4” MMC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114-117, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “X4” MMC barəsində xx xxxxxx 2020-ci il tarixli, AP seriyalı ******* nömrəli protokol əsasında Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-4010/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4010/2020
11.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver