Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4010/2025 24.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, X1 iştirakı ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X9 İdarəsinin 11 iyun 2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X9 İdarəsinin 11 iyun 2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdı ki, 11 iyun 2025-ci il tarixdə DYP əməkdaşı onu saxlayaraq avtomobilinin təkər ölçülərinin standarta uyğun olmadığını iddia edərək heç bir protokol tərtib etmədən avtomobilini duracağa qoymuşdur. 12 iyun 2025-ci il tarixdə bu barədə protokolun bildirişi ona gəlmişdir. Bununla bağlı "xxxx"-a müraciət edərək avtomobilinin təkərlərinin standarta uyğun olduğuna dair rəsmi sənəd almışdır. Həmin sənədi BDYPİ-yə təqdim etmiş, lakin müsbət nəticə almamışdır. Hesab edir ki, protokol əsassız olaraq tərtib olunmuşdur. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X9 İdarəsinin 11 iyun 2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, şikayətini müdafiə edir və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X9 İdarəsinin tərtib etdiyi 11 iyun 2025-ci il tarixli TP seriyalı ******* nömrəli tənbeh vermə haqqında qərarın ləğv edilməsini və başlanmış icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, həmin təkərləri avtomobildən çıxarmışdır. BMW 428İ modelinin zavod istehsalı konfiqurasiyasında ön bamperdə duman fənərləri nəzərdə tutulmasına baxmayaraq modifikasiyalar aparmışdır. Qərarından şikayət verilmiş orqana qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, orqan məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə qərarından şikayət verilmiş orqanın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X9 İdarəsi tərəfindən tərtib olunmuş 11 iyun 2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış fiziki şəxs X6 11 iyun 2025-ci il tarixdə saat 15:40-da Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində “BMW 428İ MİNİK” markalı **-ZT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı, nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5 və 342.2.3-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 150 (bir yüz əlli) manat miqdarında cərimə edilmişdir. 12 iyun 2025-ci il tarixli, 233 nömrəli "xxxx" MMM tərəfindən BMW 428İ markalı avtomobilin sahibi X5 ünvanlanmış cavab məktubundan görünür ki, 2013-cü ildən istehsal olunan F32 indeksli BMW 4-cü Seriya avtomobillərində, R18, R19 və R20 radiusları ilə təkərlər mövcud olmuşdur. X3 olduğu VİN kodu WBA4A9C57GG50591 olan, BMW 428İ avtomobilinə istehsalçı tərəfindən R18, R19 və R20 ölçüdə təkərlərin istifadəsinə icazə verilir. İş materiallarına əlavə olunmuş fotogörüntülərə məhkəmə iclasında baxış zamanı müəyyən olunmuşdur ki, “BMW 428İ MİNİK” markalı **-ZT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində bir sıra konstruktiv nasazlıqlar vardır və qeyri-standart modifikasiyalar aparılmışdır. Belə ki, ön bamperdə duman əleyhinə fənərləri quraşdırılmamışdır. Bu isə həmin nəqliyyat vasitəsinin zavod çıxış konfiqurasiyasına uyğun gəlmir. Həmçinin nəqliyyat vasitəsinin təkərləri standart göstəricilərdən fərqlənir. İş materiallarına əlavə olunmuş “www.bmwusa.com” internet saytından əldə olunmuş çıxarışdan görünür ki, BMW 428İ modelinin zavod istehsalı konfiqurasiyasında ön bamperdə duman fənərləri nəzərdə tutulmuşdur. Həmçinin nəqliyyat vasitəsinin təkərlərinin zavod istehsalı konfiqurasiyası fərqlənir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 30-cu maddəsinin V bəndinə əsasən istismarda olan nəqliyyat vasitəsinə həmin modelin normativ-texniki sənədlərində nəzərdə tutulmayan hissələr quraşdırmaq yolu ilə onun konstruksiyasının parametrlərinin dəyişdirilməsi beynəlxalq normativlərə və standartlara uyğun gəlməlidir. Nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, habelə tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsi qadağandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.3-cü maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni: nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə əsasən xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə əlli manat məbləğində cərimə edilir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X9 İdarəsinin 11 iyun 2025-ci il tarixli TP seriyalı ******* nömrəli il tarixli inzibati xəta haqqında qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-4010/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4010/2025
24.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver