Məhkəmə qərarları › İş №3(004)-4014/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4014/2020

26.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4014/2020 26.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X7 iclas katibliyi ilə, inzibati xəta haqqında protokolları tərtib etmiş Bakı şəhər Yasamal RPİ-nin 27-ci PB-nin polis sahə inspektoru X4 və Azərbaycan Respublikası DİN-nin Bakı şəhər BPİ DYPİ-nin Yol Patrul Xidməti baş inspektoru X3 və, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1980-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 517-2.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-si tərəfindən tərtib edilmiş və həmin Məcəllənin 327.1, 327.3, 332.1, 333.3 və 511.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər BPİ DYPİ-si tərəfindən tərtib edilmiş protokollara və onlara əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1 və 517-2.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal RPİ-nin 27-ci PB-si tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə daxil olmuş və 3(004)-4014/2020 nömrəli icraat açılmışdır. Bundan başqa eyni tarixdə Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.1, 327.3, 332.1, 333.3 və 511.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Bakı şəhər BPİ DYPİ-si tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə daxil olmuş və 3(004)-4015/2020 nömrəli icraat açılmışdır. Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadına əsasən eyni şəxs barəsində açılmış və baxılması məhkəmənin səlahiyyətinə aid olan 3(004)- 4014/2020 və 3(004)-4015/2020 nömrəli inzibati xətaya dair işlərə bir icraatda birləşdirilərək eyni vaxtda baxılması qərara alınmışdır. Yasamal RPİ-nin 27-ci PB-si tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 21:20 radələrində Bakı şəhəri Yasamal rayonu Azərbaycan prospektindən Ş.Bədəlbəyli küçəsi ilə hərəkətdə olarkən qəza törətmiş və həmin vaxt ictimai qaydanın mühafizə vəzifələrini icra edən Bakı şəhər BPİ DYPİ-nin YPX əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Eyni zamanda, Şəxs Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxxx 2020-ci il tarixli 1166 nömrəli Fərmanına əsasən elan edilmiş hərbi vəziyyət dövründə komendant saatı rejimi qaydalarını pozaraq xüsusi icazəsi olmadan saat 21:00dan sonra küçədə və digər ictimai yerlərdə gəzmişdir. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 517-2.1 (xüsusi icazə vərəqəsi və ya şəxsiyyəti təsdiq edən sənəd olmadan komendant saatı vaxtında küçələrdə və ya digər ictimai yerlərdə olmağa görə) və 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair protokol tərtib edilmişdir. Azərbaycan Respublikası DİN Bakı şəhəri BPİ DYPİ-si tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 21:20 radələrində etibarnaməsi olmadan, sərxoş vəziyyətdə idarə etdiyi “Toyota Corolla” (minik) markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Yasamal rayonu Azərbaycan prospektində hərəkətdə olarkən yol nişanlarının və ya yol hərəkəti hissəsinin işarələrinin tələblərini pozub yol nəqliyyat hadisəsi törədərək yol kənarındakı bardürə və mağazaya çırpılmış, nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurmuşdur. Şəxs bu vaxt DYPİ-nin YPX-nin avtomobilini görüb özünün idarə etdiyi avtomobillə hərəkətinə davam etdirib hadisə yerindən uzaqlaşmış və YPX-nin əməkdaşlarının “saxlama” barədə tələbini qəsdən yerinə yetirməmişdir. Daha sonra o, ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək hərəkətinə davam etdirmişdir. Bununla da, Şəxs oğu barəsində Azərbaycan Respublikasının İXM-nin 327.1 (yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud ara məsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulması, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsi, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılması); 327.3 (dəmiryol keçidlərindən keçmə qaydalarının pozulmasına, yaxud müvafiq icra hakimiyyəti orqanı (DİN) əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsi); 332.1 (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi); 333.3 (həmin Məcəllənin 333.1-ci maddədə (sərxoşluq vəziyyətində) nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması) və 511.1-ci (avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər etmə) maddələrində nəzərdə tutulmuş xətaları törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən ******* nömrəli inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər Yasamal RPİ-nin 27-ci PB-nin polis sahə inspektoru X6 izahatında göstərmişdir ki, Bakı şəhər BPİ DYPİ YPX-nin əməkdaşları raportla ərazi aidiyyəti üzrə Yasamal RPİ-nin 27-ci PB-nə müraciət edərək Şəxs barəsində müvafiq tədbir görülməsini xahiş etmişlər. Araşdırma zamanı müəyyən edilmişdir ki, o, xx xxxxxx 2020-ci il tarixdə saat 21:20 radələrində Azərbaycan prospektində idarə etdiyi «Toyota Corolla» markalı **- PR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə hərəkət sürətini aşaraq manevr etmə qaydasını pozmuş, nəticədə bardürə və mağazaya çırpılıb maddi zərər vurmuşdur. Hadisənin bilavasitə şahidi olan Bakı şəhər BPİ DYPİ YPX-nin əməkdaşları xidmətdə olduqları avtopatrul avtomobili ilə hadisə yerinə yaxınlaşdıqda sürücü Şəxs hadisə yerindən qəsdən yayınmış və YPX-nin əməkdaşlarının “Saxla” əmrinə tabe olmayıb hərəkətini davam etdirmişdir. Şəxs hərəkət zamanı davamlı olaraq ətrafda hərəkətdə olan digər nəqliyyat vasitələrinə təhlükəli vəziyyət yaratmış, yalnız idarə etdiyi nəqliyyat vasitəsinin təkəri daha əvvəl baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində zədə aldığından yerindən çıxıb maneəyə dəydikdən sonra onun bu qanunsuz hərəkətlərinin qarşısının alınması mümkün olmuşdur. Saxlanıldıqdan sonra Şəxs yenə də öz qanunsuz hərəkətlərinə davam etdirib polis işçilərinin qanuni tələblərini yerinə yetirməkdən imtina edib sənədlərini təqdim etməmişdir. Daha sonra onun nəqliyyat vasitəsinin cərimə meydançasına aparılması, özünün isə aidiyyəti üzrə 27-ci PB-nə gətirilməsi təmin edilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, Əzizov X1 saatında ictimai yerlərdə sərbəst hərəkəti üçün qanunla müəyyən edilmiş qaydada icazəsi olmamışdır. Beləliklə, Şəxs əməlində İXM-nin 517-2.1 və 535.1-ci maddələrinin tərkib əlamətləri müəyyən edildiyindən barəsində protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. O, izahatında göstərilən xüsusatlar nəzərə alınaraq Şəxs barəsində İXM-nin müvafiq maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Verilmiş suallar əsasında protokol tərtib etmiş X6 əlavə olaraq bildirmişdir ki, aparılmış araşdırma zamanı Şəxs Bakı şəhər Narkoloji Mərkəzdə tibbi müayinədən keçirilmiş və onun narkotik vasitə aludəçisi olması müəyyən edilsə də, lakin onun hadisə zamanı narkotik vasitə və ya spirtli içkinin təsiri altında sərxoş vəziyyətdə olub-olmaması yoxlanılmamışdır. Məhkəmə iclasında iştirak edən ******* nömrəli inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhər BPİ DYPİ-nin Yol Patrul Xidməti baş inspektoru X5 izahatında göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhər BPİ DYPİ YPX-nin əməkdaşları X9 və X8 avtopatrul avtomobilində xidmətdə olduqları vaxt saat 21:20 radələrində Azərbaycan prospektində «Toyota Corolla» markalı **-PR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünün həmin ərazidə müəyyən edilmiş hərəkət sürətinin yuxarı həddini aşaraq manevr etmə qaydasını pozmasını, nəticədə bardürə və mağazaya çırpılıb maddi zərər vurmasını görmüşlər. Onlar hadisə yerinə yaxınlaşdıqda isə sürücü avtomobillə hərəkət edib qəsdən hadisə yerindən yayınmışdır. Hətta sürücü polis işçilərindən yayınmaq məqsədilə svetoforun qadağanedici qırmızı işığını keçib sürətlə hərəkətinə davam etdirmişdir. YPX-nin əməkdaşları “Saxla” əmrini versələr də, sürücü onların bu qanuni tələblərinə tabe olmayıb davamlı olaraq ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarını müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə yol vermişdir. Onun bu hərəkətlərinin qarşısının alınması məqsədilə efir vasitəsilə köməyə digər YPX-nin patrul avtomobilləri də cəlb edilmişdir. Buna baxmayaraq «Toyota Corolla» markalı **-PR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü sürətlə hərəkətinə davam etdirmiş, davamlı olaraq yol hərəkət hissəsinin nişanlarının, eləcə də svetoforun qadağanedici işarələrinin tələblərini pozmuşdur. Bununla da sürücü ətrafda hərəkətdə olan digər nəqliyyat vasitələrinə təhlükəli vəziyyət yaratmış, yalnız idarə etdiyi nəqliyyat vasitəsinin təkəri daha əvvəl baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində zədə aldığından yerindən çıxıb maneəyə dəydikdən sonra onun bu qanunsuz hərəkətlərinin qarşısının alınması mümkün olmuşdur. Bundan sonra da sürücü polis işçisinin qanuni tələblərinə tabe olmaqdan, şəxsiyyətini və nəqliyyat vasitəsinə aid müvafiq sənədləri təqdim etməkdən imtina etmişdir. Bu səbəbdən sürücü ərazi aidiyyəti üzrə 27-ci PB-nə təhvil verilmiş, onun barəsində müvafiq tədbir görülməsi üçün raportla müraciət edilmiş, nəqliyyat vasitəsinin cərimə meydançasına aparılması təmin edilmişdir. Bölmədə şəxsiyyəti yoxlanıldıqda sürücünün Şəxs olması müəyyən edilmişdir. X5 izahatında göstərilən xüsusatlar nəzərə alınaraq sürücü Şəxs barəsində İXM-nin müvafiq maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Verilmiş suallar əsasında protokol tərtib etmiş X5 əlavə olaraq bildirmişdir ki, onun tərəfindən aparılmış araşdırma zamanı sürücü Şəxs hadisə vaxtı sərxoşluq vəziyyətinin müəyyən edilməsi məqsədilə o, hər hansı bir alkotester və ya tibbi müayinədən keçirilməmişdir. Yalnız 27-ci PB-də aparılan araşdırma zamanı sürücü Bakı şəhər Narkoloji Mərkəzdə tibbi müayinədən keçirilmiş və onun narkotik vasitə aludəçisi olması müəyyən edilsə də, lakin hadisə zamanı narkotik vasitə və ya spirtli içkinin təsiri altında sərxoş vəziyyətdə olub-olmaması yoxlanılmamışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğu özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə icarəyə götürdüyü “Toyota Corolla” markalı **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri Yasamal rayonu Azərbaycan prospektindən Füzuli küçəsi istiqamətinə dönmə manevrini düzgün yerinə yetirməmiş, nəticədə qəza törədərək bardürə və onun kənarındakı mağazaya çırpılmışdır. Bu vaxt YPX-nin avtomobilinin yaxınlaşdığını görsə də, bir anlıq qorxub həyəcan keçirmiş, bu səbəbdən nəqliyyat vasitəsilə oradan uzaqlaşıb yayınmaq qərarına gəlmişdir. YPX-nin əməkdaşları ona saxlama əmrini vermələrinə baxmayaraq yayına biləcəyini ehtimal edib sürətlə nəqliyyat vasitəsini idarə etmişdir. Avtomobilin təkəri çıxdıqdan sonra nəqliyyat vasitəsini saxlamışdır. Polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra qorxmuş məsuliyyətdən yayınmaq üçün sənədlərini təqdim etməmişdir. Hadisə vaxtı ayıq olmuş, hər hansı spirtli içki, narkotik vasitə və ya psixotrop maddə qəbul etməmişdir. Hazırda əməlindən çox peşmandır və barəsində inzibati həbslə bağlı olmayan tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə əvvəla qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 34-cü maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. İnzibati xətalar qanunvericiliyinin tələbinə görə, inzibati tənbeh tətbiq edən orqan və vəzifəli şəxslərdən fərqli olaraq, rayon məhkəmələri nisbətən ağır sanksiya (tənbeh) ilə nəticələnən inzibati xətalara dair işlərə baxırlar. Baxılması rayon məhkəmələrinə aid edilən inzibati xətalar haqqında işlər İXM-nin 43-cü maddəsində nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Qərarda həmçinin qeyd edilmişdir ki, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Məhkəməyə təqdim edilmiş MN seriyalı ******* nömrəli və İXP seriyalı ******* nömrəli protokollardan isə görünür ki, İXM-nin 327.1, 327.3, 332.1, 333.3, 511.1, 517-2.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş xətaların törədilməsinə görə tərtib edilmişdir. İXM-nin 43.1-ci maddəsinə görə protokolda qeyd edilənlərdən yalnız 333.3, 511.1, 517-2.1 və 535.1-ci maddələrdə nəzərdə tutulmuş inzibati xətaya dair işə baxılması məhkəmənin səlahiyyətinə aid olduğundan, məhkəmə Şəxs hərəkətlərində yalnız həmin maddələrin tərkibinin olub-olmamasına qiymət verir. Belə ki, iş materiallarında olan Yasamal RPİ-nin Bakı şəhər BPİ-nin DYPİ-nə bilavasitə tabe olan YPXA-nın MEB-nin İİİ tağımının inspektorları Tural Həmidov və Həsən Rüstəmov tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli raportdan görünür ki, həmin tarixdə saat 21:20 radələrində Azərbaycan prospektində xidmətdə olduqları vaxt Azərbaycan prospekti ilə üzü Ş.Bədəlbəyli istiqamətinə hərəkət edən “Toyoto Corolla” markalı **-PR-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü anidən manevr etmə qaydasını pozaraq avtomaşını yolun sağında olan bardür və mağazaya çırpmışdır. Onlar yol nəqliyyat hadisəsini görüb dərhal hadisə yerinə patrul avtomaşını ilə yaxınlaşmış, lakin həmin sürücü patrul avtomaşınını gördükdə onlara tabe olmayıb, yenidən avtomaşını hərəkət etdirib çox təhlükəli şəkildə avtomaşını idarə edərək əzik vəziyyətdə sürəti artırıb Ş.Bədəlbəyli küçəsi ilə Füzuli küçəsi istiqamətinə hərəkət etmişdir. Həmin sürücü onlarda şübhə doğurduğu üçün tərəflərindən digər YPX əməkdaşlarının olduğu patrul avtomobili çağırılmışdır. Sürücü polisin saxla əmrinə davamlı olaraq tabe olmayıb avtomobilini patrul avtomaşınlarının üzərinə sürmüşdür. Sürücünün idarə etdiyi nəqliyyat vasitəsinin qabaq sağ təkəri hadisə zamanı zədələndiyindən çıxmış, həmçinin o, şəhərin mərkəzində digər sürücülərə və dinc əhaliyə açıq aşkar hörmətsizlik edərək təhlükə yaratmışdır. Onlar operativ şəkildə YPX əməkdaşları ilə həmin avtomaşının saxlanmasını təmin etmişlər. Saxlanılan zaman sürücü onların qanuni tələblərinə yenidən tabe olmadığı üçün onu Yasamal RPİ-nin 27-ci PB-nə aparmışlar. Sürücünün avtomaşınının isə evakuator vasitəsi ilə müvəqqəti duracaqda saxlanılmasını təmin etmişlər. Təhlükəsiz şəhər müşahidə kameraları vasitəsilə inzibati xəta hadisəsinin qeydə alınmış görüntüləri olan disk məhkəmə iclasında nümayiş etdirilərkən “Toyoto Corolla” markalı **-PR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünün manevretmə qaydasını pozaraq bardürə çırpılması, hadisə yerinə YPX-nin xidməti patrul avtomobilinin və polis əməkdaşlarının həmin avtomobildən enərək hadisə yerinə yaxınlaşmasına baxmayaraq sürücünün avtomobili təhlükəli manevrlə arxaya sürətlə hərəkət etdirib svetoforun qadağanedici qırmızı işığından keçərək oradan yayınması müşahidə edildi. Videogörüntünün nümayişi zamanı həmçinin aşkar edildi ki, sürücü YPX-nin xidməti patrul avtomobillərindən yayınaraq sürətlə davamlı olaraq yol hərəkəti qaydalarını pozmuş, hərəkətdə olan digər nəqliyyat vasitələrinin hərəkətinə təhlükə yaratmış, onları öz hərəkət istiqamətlərini dəyişməsinə məcbur edib dəfələrlə qəza şəraiti yaratmışdır. Bundan başqa “Toyoto Corolla” markalı **-PR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təkəri ayrılaraq yola çıxmış, buna baxmayaraq sürücü nəqliyyat vasitəsini saxlamadığından təkərin diski tüstüləməyə başlamış, yaranmış bu vəziyyətdə belə sürücü nəqliyyat vasitəsinin hərəkətini dayandırmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 511.1-ci maddəsinə əsasən avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 517-2.1-ci maddəsinə əsasən xüsusi icazə vərəqəsi və (və ya) şəxsiyyəti təsdiq edən sənəd olmadan komendant saatı vaxtında küçələrdə və ya digər ictimai yerlərdə olmağa görə xəbərdarlıq və ya əlli manat məbləğində cərimə inzibati tənbeh tədbiri nəzərdə tutulmuşdur. “Hərbi vəziyyət haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən, hərbi vəziyyət - Azərbaycan Respublikasının Konstitusiyasına və bu Qanuna uyğun olaraq, Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı yerlərində müvəqqəti tətbiq edilən siyasi, iqtisadi, inzibati, hərbi və digər tədbirlər kompleksini nəzərdə tutan, Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin (bundan sonra - vətəndaşlar) konstitusion hüquq və azadlıqlarının, habelə mülkiyyət və təşkilatihüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatların hüquqlarının və qanuni mənafelərinin qismən və müvəqqəti məhdudlaşdırılmasına və onların üzərinə əlavə vəzifələr qoyulmasına yol verən xüsusi hüquqi rejimdir. Həmin Qanunun 1.0.4-cü maddəsinə görə isə komendant saatı - hərbi vəziyyət dövründə ictimai qayda və ictimai təhlükəsizliyin təmin edilməsi, düşmənin kəşfiyyat, təxribat və digər pozuculuq fəaliyyətinin qarşısının alınması məqsədi ilə xüsusi icazə vərəqələri və şəxsiyyəti təsdiq edən sənədlər olmadan yaşayış yerindən, yaxud iş yerindən kənarda olmanın (hərəkət etmənin) qadağan edildiyi günün müəyyən edilmiş vaxtıdır. Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxxxx 2020-ci il tarixli 1166 nömrəli Fərmanına əsasən, Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, Azərbaycan Respublikasına qarşı silahlı hücumlar etməsi və mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar, 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edilmişdir. Fərmanın 3-cü bəndinə əsasən ölkə ərazində hərbi vəziyyət elan olunmaqla, Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq edilməklə şəxslərin xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənədləri olmadan küçələrdə və digər ictimai yerlərdə olmaları qadağan edilmiş, xüsusi giriş-çıxış rejimi tətbiq edilmiş, nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması üçün tədbirlərin görülməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Odur ki, məhkəmə yuxarıda göstərilənləri nəzərə alıb, tərəflərin izahatlarını dinləyib, protokolları və ona əlavə edilmiş iş materiallarını tədqiq edib belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1, 517-2.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməsi tam sübuta yetirilir və onun barəsində həmin maddələrin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Lakin məhkəmə baxışı zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsinin tərkib əlamətləri müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 333.3-cü maddəsinə əsasən həmin Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Göründüyü kimi, İXM-nin 333.3-cü maddəsinin tərkib əlamətinin yaranması üçün ilk növbədə şəxsin əməlində 333.1-ci maddənin tərkibi olmalıdır. Həmin Məcəllənin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Dolayısı ilə 333.3-cü maddənin tərkibinin yaranması üçün şəxs nəqliyyat vasitəsini şərxoş vəziyyətdə idarə etməlidir. İş materiallarında olan Bakı şəhəri Narkoloji Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli 277 nömrəli aktından müəyyən edilir ki, Şəxs tibbi analiz nəticələrində MOP və OPİ müsbət aşkar edilmişdir. Lakin sözügedən aktda Əzizov X2 vəziyyətinə dair diaqnoz qoyulmamışdır. Protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən isə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hadisə zamanı nəqliyyat vasitəsini idarə edərkən sərxoş vəziyyətdə olmasına dair hər hansı bir mötəbər sübutu nə iş materiallarına əlavə etməmiş, nədə məhkəmə baxışı zamanı sübut təqdim edə bilməmişdir. Bundan əlavə, vurulmuş zərər və kimə zərər vurulması araşdırılmamışdır. Məhkəmə qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk növbədə subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Həmçinin İXM-nin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti həmçinin İXM-nin aşağıdakı normaları ilə təsdiq edilir. Belə ki, İXM-nin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi həmin Məcəllədən ibarətdir. Həmin Məcəllənin 1.3-cü maddəsinə görə inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız həmin Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. 6.3-cü maddəyə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. 3-cü maddəyə görə yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəyə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə müəyyən edilmiş yuxarıda qeyd edilən işin halları və sadalanan normalara əsasən hesab edir ki, İXM-nin 333.3-cü maddəsinə münasibətdə Şəxs əməlində məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin əlamətləri mövcud deyildir. Bu barədə sübutlar kifayət etmir. Şübhələr və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll edilib iş üzrə icraata hissəvi xitam verilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən aşağıdakı halları nəzərə alır: Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınır. İXM-nin 34-cü maddəsinə görə 34.1. Bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. 34.2. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 34.4. Şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, İXM-nin 34.4-cü maddəsi şəxsin məhz müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya görə tənbeh tətbiq edilməsi qaydasını tənzimləyir. Belə ki, həmin maddəyə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş həddlərdən artıq ola bilməz. İXM-nin 34.4-cü maddəsindən göründüyü kimi, qanunverici müxtəlif vaxtlarda törədilən inzibati xətalara dair işlərə həmin Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq eyni vaxtda baxılmasının eyni orqan tərəfindən tərtib edilmiş protokollar və həmin xətalara baxılmasının eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni şəxs tərəfindən müxtəlif vaxtlarda törədilən inzibati xətalara dair işlərə baxılması eyni orqanın səlahiyyətindədirsə, bu xətaların heç birinə görə ona inzibati tənbeh tətbiq edilməmişdirsə və törədilən inzibati xətaların heç birinə görə inzibati məsuliyyətə cəlb etmə müddəti keçməmişdirsə məhkəmə və ya müvafiq səlahiyyətli orqan (vəzifəli şəxs) bu inzibati xətalara dair işlərə eyni vaxtda baxmalıdır. Bu tələb birbaşa İXMnin 34.2 və 34.4-cü maddələrinin müddəalarından irəli gəlir. Beləliklə, Konstitusiya Məhkəməsinin şərhinə əsasən İXM-nin 34.4-cü maddəsinə görə, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin orqan Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq bu xətalara dair işlərə eyni vaxtda baxmalıdır. Belə işlərə baxılarkən hər bir inzibati xətaya görə müəyyən edilmiş tənbeh nəzərə alınmalı və tətbiq olunan tənbeh İnzibati Xətalar Məcəlləsinin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş həddlərdən artıq olmamalıdır. Hazırki işin hallarından isə müəyyən edilir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1, 517-2.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları müxtəlif vaxtlarda törətmişdir. Odur ki, onun barəsində İXM-nin 34.4-cü maddəsi ilə tənbeh tədbiri təyin edilməlidir. Məhkəmə İXM-nin 33.1.6-cı maddəsinə əsasən Şəxs hazırki inzibati xətaları hərbi vəziyyət dövründə törətməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi, İXM-nin 32.1.1-ci maddəsinə əsasən səmimi peşmançılığını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Bundan başqa iş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 22:20-də inzibati qaydada tutulmuşdur. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1, 517-2.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, ona İXM-nin 34.4-cü maddəsinin tələbinə əsasən inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. İnzibati həbsdə saxlama müddətinin əvvəli isə azadlığı faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx xxxxxx 2020-ci il tarixdən saat 22:20-dən hesablanmalıdır. Şəxs barəsində başlanmış inzibati iş üzrə icraata Azərbaycan Respublikasının İXM-nin 333.3-cü maddəsi ilə hissəvi xitam verilməlidir. Bundan başqa Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.1, 327.3 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların tərkib əlamətlərinin olubolmamasına hüquqi qiymət verilməsi üçün toplanmış materialların surəti aidiyyəti üzrə Azərbaycan Respublikası DİN-nin Bakı şəhər BPİ-nin Dövlət X14 göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 34, 40, 43, 48-51, 53, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1, 517-2.1 və 535.1ci maddələri ilə təqsirli bilinsin və həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən ona 1 (bir) ay müddətinə inzibati həbs növündə tənbeh tədbiri təyin edilsin. Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə hissəvi xitam verilsin. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1, 327.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaların tərkib əlamətlərinin olubolmamasına hüquqi qiymət verilməsi üçün toplanmış materialların surəti aidiyyəti üzrə Azərbaycan Respublikası DİN-nin Bakı şəhər BPİ-nin Dövlət X14 göndərilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən saat 22:20dən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsində mühafizə altında saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Baş Polis İdarəsi Dövlət X16 və Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar