Məhkəmə qərarları › İş №3(004)-4023/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4023/2024

23.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4023/2024 23.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 vəkili və eyni zamanda nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhər BDYPİ tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli protokola əsasən, EQ 21401281 saylı xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan X2 şikayətinə və ona əlavə edilmiş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhər BDYPİ tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli protokola əsasən, EQ 21401281 saylı xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan X2 şikayəti Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin (VÖEN: **********) mülkiyyətində olan **-JJ-*** dövlət qeydiyyat nömrəli, Volkswagen Passat markalı minik avtomobili xx.xx.2023- cü il tarixində X5 ( ŞA/: AA 2156569, FİN: 1JF31XQ) və X3 ( ŞA/: AA0995351, FİN: 2VKP8HT) və X4 ( ŞA/: AZE 14978686, FİN: 15199VT) Azərbaycan Respublikası ərazisində idarə edilməsi üçün etibarnamələr verilmişdir. Avtomobil idarə edilərək etibar edilənlər müəyyən vaxtlarda avtomobili müəyyən postlarda və s. baxış məntəqəqlərində istənildiyi və tələb edildiyi hallarda DYP-nin əməkdaşlarına təqdim etmişdir. Etibarnamə olmadan avtomobilin idarə edilməsi qanunvericiliklərimizə əsasən avtomobilin saxlanması və hətta dayanacağa yerləşdirilməsi üçün əsaslardan biridir, indiyə qədər intizamlı idarə edildiyi üçün belə bir hal baş verməmiş və inzibati protokol/qərar tərtib edilməmişdir. MMC **-JJ-*** dövlət qeydiyyat nömrəli, Volkswagen Passat markalı minik avtomobilini texniki baxışdan keçirərkən bir neçə inzibati protokol olduğu məlum olub. MMC-nin vəkili və nümayəndəsi (order və etibarnaməsi əlavə edilib) DYPİ də olduqda bildirdilər ki, bundan başqa köhnə cərimələrdə var və hansı ki çoxdan guya olub onu da əlavə olaraq heç bir araşdırma aparmadan, MMC-yə sorğu və cavab alınmadan, qanunvericiliyə uyğun sübüt edilmədən sistemə saldıqları vəkil sorğusu zamanı bilinib. DYPİ-dən gəldikdən sonra MMC-tərəfindən DİN-liyinə cənab Vilayət Eyvazova şikayət ərizəsi yazılıb. Nizami rayon DYPİ-dən bildirişlə dəvət olduqda məlum oldu ki, MMC-yə bir neçə cərimlər eyni zamanda etibarnamə olmadan avtomobil idarə etmə və təkrarçılıqla cərimələr yazılıb, yəni MMC barəsində tərtib edilib. Buna baxmayaraq heç bir cərimə barəsində MMC-yə rəsmi məlumatı göndərməyiblər. Cərimənin nə vaxt göndərildiyini və törədilmə görüntülərini təqdim edə bilməyiblər. Həmin ərəfələrdə mənim cərimə ilə heç bir aidiyyətim olmayıb. Barəsində tərtib olunmuş EQ 21401281 nömrəli protokolun haqsız yerə tərtib olunduğunu bildirərək ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 vəkili və eyni zamanda nümayəndəsi X6 şikayətdə göstərdiklərini müdafiə edərək şikayətin təmin edilməsini, Bakı şəhər BDYPİ tərəfindən tərtib olunmuş xx.xx.2024cü il tarixli protokola əsasən, EQ 21401281 saylı xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Qərarından şikayət verilmiş orqana qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, orqan məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə qərarından şikayət verilmiş orqanın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, şikayət vermiş şəxsi dinləyərək hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər Bakı şəhər BDYPİ tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli protokola əsasən, EQ 21401281 saylı xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən araşdırılaraq baxılması üçün Bakı şəhər BDYPİ-nə göndərilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər BDYPİ tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli protokola əsasən, EQ 21401281 saylı xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 xx.xx.2024-cü il tarixində saat 11:33-də, Bakı şəh., Puşkin 17c ünvanında ona məxsus olan, “Volkswagen Passat” minik markalı, **-JJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən bu məcəllənin 332.3-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə, dayanma qaydalarını pozmağa görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü, 346.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və həmin xətanı törətdiyinə görə 300 (üç yüz) manat məbləğində cərimə edilmişdir. Məhkəmə hesab edir ki, iş materialları araşdırılarkən qərar qəbul etmiş orqan tərəfindən bir sıra halların şikayət etmiş şəxsin iştirakı ilə yenidən araşdırılaraq müvafiq qərar qəbul edilməsi zərurəti yaranmışdır. Belə ki, xx.xx.2024-cü il tarixli protokola əsasən, EQ 21401281 saylı xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin sənədlərdə X7 tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İXM-nin 332.3-cü, 346.1-ci maddələrinin dispotozitiv şərtlərini sübut edən hallar tam əks olunmamış, protokolu tərtib etmiş Bakı şəhər BDYPİ nümayəndəsi təkzibedici sübutları, hadisəni əks etdirən foto və video materialları məhkəməyə təqdim etməmişdir. Beləliklə də, həmin hadisənin baş vermə şəraiti qeyri-müəyyən olduğundan şikayət üçün əsas olmuş halların məhkəmə prosesində araşdırılması mümkün olmamışdır. Odur ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda göstərilməklə, X2 iştirakı ilə yenidən əsaslı qərar qəbul olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 125.2.3.-cü maddəsinin tələblərinə görə inzibati xəta haqqında elektron protokol və ya inzibati xəta haqqında iş üzrə qərar ona əlavə edilmiş materiallarla birlikdə kağız daşıyıcıda çap olunaraq səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətanın törədildiyi vaxtdan 2 gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3. Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1. Bu Məcəllənin 346.2– 346.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dayanma və ya durma qaydalarını pozmağa görə iyirmi manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, X2 şikayət ərizəsi qismən təmin edilməli, Bakı şəhər BDYPİ tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli protokola əsasən, EQ 21401281 saylı xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün Bakı şəhər BDYPİ-ə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 125, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. Bakı şəhər BDYPİ tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli protokola əsasən, EQ 21401281 saylı xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün Bakı şəhər BDYPİ-ə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar