Məhkəmə qərarları › İş №3(004)-4032/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4032/2024

12.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4032/2024 12.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X4 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru X3, Zərərçəkmiş şəxs X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxx 1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə 12 avqust 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1078/2024 saylı, xx.xx.2024-cü il tarixli, icra sənədi üzrə Şəxs hər ay cəmi 470 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X5 xeyrinə ödənilməlidir, icra vərəqəsində qeyd olunan tələb icra məmurunun müəyyən etdiyi müddətdə icra edilməmiş, nəticədə borclu Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru X8 öz izahatında göstərmişdir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-1078/2024 saylı icra vərəqəsinə əsasən Şəxs hər ay cəmi 470 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X5 xeyrinə ödənilməsi qət edilmişdir. Lakin borclu icra sənədini icra etməklə bağlı onların qanuni tələblərini icra etməmişdir. Həmçinin tələbkarlar borcun tam şəkildə ödənilməsini tələb edir. Qeyd edilənləri nəzərə alaraq şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, ümumi olaraq ödənişin edilməsindən 1995 manat qalmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs öz izahatında göstərmişdir ki, maddi vəziyyəti ilə əlaqədar ödənişlər etməkdə çətinlik çəkir. Heç bir yerdə işləmir. Ödənişin icrasından yayınmır, sadəcə olaraq maddi imkanı olmadığı üçün az miqdarda ödənişlər etmişdir. Qeyd olunanları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin hazırda 800 manat ödəniş edə biləcəyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar şəxs X9 öz izahatında göstərmişdir ki, o, icra sənədinin tam şəkildə icra edilməsini tələb edir. Qızı universitetə yeni qəbul olunub və universitetin illiyini ödəməyə gücü çatmır. Həmçinin oğlunun qan xəstəliyi var və onun müalicə olunması üçün pul lazımdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 22 fevral 2024-cü il tarixli, 2(004)- 1078/2024 saylı icra vərəqinə əsasən xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdeh Şəxs hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat, cəmi 470 (dörd yüz yetmiş) manat miqdarında sabit pul məbləğində aliment tutularaq iddiaçı X7 verilməsi qət edilmişdir. “İcraata başlamaq haqqında” 26 fevral 2024-cü il tarixli qərarın surətindən görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1078/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış, qərar və tələbin könüllü icrası barədə bildiriş Şəxs tərəfindən 01 mart 2024-cü il tarixdə rəsmi qaydada qəbul edilmişdir. “Borclunun axtarışı haqqında” 24 may 2024-cü il tarixli qərardan görünür ki, borclu Şəxs barəsində axtarış elan edilmişdir. Şəxs tərəfindən verilmiş və iş materiallarına əlavə edilmiş 12 avqust 2024-cü il tarixli izahatından görünür ki, o, barəsində olan icra sənədindən xəbərdar olduğunu, heç bir qərəzinin olmadığını, işsiz olduğu, bir neçə yerə kredit ödədiyi, alimentdən gücünün çatdığı qədər ödəniş etdiyini və ödəyəcəyini, icra sənədi üzrə bugünə qədər müəyyən ödənişlər etdiyini, qalıq borcu 5 ay müddətində tam şəkildə icra edəcəyini, adına daşınmaz əmlak olduğunu, həmçinin aidiyyəti təşkilatlarda qiymətli kağız və ya əmanəti olmadığını qeyd etmişdir. Qəbzin surətindən görünür ki, Şəxs tərəfindən 12 avqust 2024-cü il tarixdə X1 800 manat ödəniş etmişdir. 12 avqust 2024-cü il tarixli ərizədən görünür ki, tələbkar X9 tələbkar olduğu xx.xx.2024-cü il tarixli, Şəxs borclu olduğu icra sənədinə əsasən verilən protokola xitam verilməsini, ödəmədiyi halda 1 aydan sonra Şəxs həbs edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və icra məmurunun izahatları əsasında, o cümlədən, məhkəməyə təqdim edilmiş icra işində olan sənədlərlə Şəxs icra sənədi üzrə borcundan müəyyən ödənişlər etdiyini, borcunu ödəməkdən yayınmadığını, eyni zamanda icra sənədi üzrə borcunu ödəməkdən qərəzli şəkildə yayınmaması, məhkəmə baxışı zamanı 800 manat ödəniş etməsi, tələbkarın iş üzrə icraata xitam verilməsi barədə ərizəsi, Şəxs əməlində heç bir qərəz olmadığı öz təsdiqini tapmışdır. Göründüyü kimi, Şəxs əməlində üzürsüz səbəbdən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi halı olmamış, o, borcundan müəyyən ödənişlər etmişdir, həmçinin tələbkar da hazırda Şəxs barəsində iş üzrə icraata xitam verilməsini xahiş etdiyindən, göstərilən bu hallar Şəxs üzürsüz səbəbdən və ya qərəzli olaraq borcunu ödəməkdən yayınmasını istisna edir. Bununla yanaşı, “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzürsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanın olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmuru, tələbkar və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qətnaməsini məhz üzrsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamışdır. Məhkəmə onu da qeyd edir ki, iş materiallarından görünür ki, məhkəmə qətnaməsinin icraya yönəlməsindən qısa müddət keçməsinə baxmayaraq icra məmuru məhkəmə qətnaməsinin icrası üçün Azərbaycan Respublikası “İcra haqqında” Qanununda nəzərdə tutulmuş lazımi tədbirləri görmədən (işlə təmin olunmasının təmin edilməsi Dövlət Məşğulluq Xidmətində qeydiyyata durması hüququnun izah edilməsi, adına məhkəmə qətnaməsinin icrasının yönəldilə biləcəyi hər hansı əmlakın olub-olmamasının müəyyən edilməsi və.s.), yəni qətnamənin icrası üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün imkanlar tükənmədən inzibati xəta haqqında protokol tərtib etmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs alimentdən müəyyən ödənişlər etdiyi, hazırda da 800 manat ödəniş etdiyi, tələbkarın iş üzrə icraata xitam verilməsini xahiş etməsi və bununla da icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar