Məhkəmə qərarları › İş №3(004)-4054/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4054/2024

27.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4054/2024 27.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan ”Meta-Kapital” MMC-nin direktoru Şəxs, İnzibati xəta haqqında protokol tərtib etmiş orqan Azərbaycan Respublikası Mərkəzi Bankın Hüquq və təşkilatı işlər departamentinin İnzibati icraat və məhkəmə işləri şöbəsinin nümayəndəsi X1 iştirakı ilə, ”Meta-Kapital” MMC-nin direktoru Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankın Hüquq və təşkilatı işlər departamentinin İnzibati icraat və məhkəmə işləri şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Mərkəzi Bankın Hüquq və təşkilatı işlər departamentinin İnzibati icraat və məhkəmə işləri şöbəsi ”Meta-Kapital” MMC-nin direktoru Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə EP seriyalı ******* nömrəli 05 avqust 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, xx.xx.2024 - xx.xx.2024-cü il tarixlərində plandankənar tematik yoxlama aparılmışdır. Yoxlama prosesində sahibkar tərəfindən yoxlamaya aid sənədlər təqdim edilməmişdir. Nəticədə ”Meta-Kapital” MMC-nin direktoru Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankın Hüquq və təşkilatı işlər departamentinin İnzibati icraat və məhkəmə işləri şöbəsinin nümayəndəsi X3 tərtib olunmuş protokolu müdafiə edərək izahatında ilkin olaraq bildirmişdir ki, "xxxx" MMC-də (MMC) xx.xx.2024 xx.xx.2024-cü il tarixlərində plandankənar tematik yoxlama aparılmışdır. Yoxlamanın ilk günündə yoxlayıcıların tələbi ilə təqdim edilmiş valyuta mübadiləsi məntəqəsindəki müşahidə kameralarına baxış keçirilməyə başlanılmış və görüntülərin ilkin tədqiqi həyata keçirilmiş, MMC tərəfindən xarici valyuta əməliyyatlarmm aparılması qaydasının pozulması və valyuta əməliyyatları barədə məlumatların "Valyuta tənzimi haqqında" Azərbaycan Respublikasmm Qanununa uyğun olaraq vahid informasiya sisteminə təqdim edilməməsinə işarə edən hallar aşkar edilmişdir. Növbəti gün yoxlamanm davam etdirilməsi məqsədilə müşahidə kameralarmdakı görüntülər "xxxx" MMC-nin direktoru Aslanov X6 tərəfindən yoxlayıcıya təqdim edilməmişdir. Buna səbəb olaraq müşahidə kamerasmm yaddaş qurğusunun sıradan çıxması göstərilmişdir. Halbuki, "Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarmm aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası'nın (Qayda) 4.6-cı və 4.7-ci bəndlərinə görə valyuta mübadiləsi məntəqəsində xəzinədarı və müştərini, habelə müştəriyə xidmət sahəsini qeydə ala biləcək yerdə müşahidə kameraları quraşdırılmalıdır. Qeydə alman görüntülər ən azı 6 (altı) ay müddətində qeydə almdığı valyuta mübadiləsi məntəqəsində, əlavə obyekt olduğu halda həmin görüntülərin ehtiyat nüsxələri isə valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxsin əsas binasında saxlanmalıdır. Son olaraq ”Meta-Kapital” MMC-nin direktoru Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs barəsində tərtib olunmuş protokola etiraz edərək, bildirmişdir ki, protokolda göstərilən çatışmazlıqları aradan qaldırmışdır. Bunu nəzərə alaraq barəsində inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş yüngül tənbeh tədbirinin seçilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Mərkəzi Bankın Hüquq və təşkilatı işlər departamentinin İnzibati icraat və məhkəmə işləri şöbəsinin rəisi X2 ”Meta-Kapital” MMC-nin direktoru Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə tərtib EP seriyalı ******* nömrəli 05 avqust 2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024 - xx.xx.2024-cü il tarixlərində plandankənar tematik yoxlama aparılmışdır. Yoxlama prosesində sahibkar tərəfindən yoxlamaya aid sənədlər təqdim edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının 6-1-06/3-2-38/2024 saylı, xx.xx.2024-cü il tarixli Yoxlama haqqında qərarına əsasən “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununun 52.4.1.3- cü maddəsinə və “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası”nın (Qayda) 8.2-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankının (Mərkəzi Bank) əməkdaşları Ruslan Cəfərov (Qrup rəhbəri) və Ələskər Mahmudzadə tərəfindən "xxxx" MMC-də (Cəmiyyət) 09-xx.xx.2024-cü il tarixlərində plandankənar, tematik yoxlama aparılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; Həmin məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 17-ci maddəsinin “Qeyd” hissəsinə müvafiq olaraq hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq təşkilati-sərəncamverici və ya inzibatitəsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən fiziki şəxslər də vəzifəli şəxslər hesab edilirlər. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-nin 602.4-cü maddəsinə əsasən sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə-vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, "xxxx" MMC-nin direktoru Aslanov X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin direktoru Aslanov X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 (bir min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar