Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4064/2024 17.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Barəsində qəbul edilmiş qərardan şikayət verən şəxs X1, Qərarından şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X3 iştirakları ilə, X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 30 may 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin 30 may 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, həmin Qərar İXM-nin 192.3 maddəsinə (792.3. işçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əmək haqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.) əsasən tərtib edilmişdir. Hazırkı işlə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinə dəvət edilərkən - ərizə təqdim edilərək xx.xx.2020-ci il tarixdən həmin tarixə, yəni xx.xx.2024-cü il tarixə qədər fəaliyyətlərinin olmaması (vergi orqanına bəyannamə verilərək fəaliyyət dayandırılmışdır), bu səbəbdən işçilər işə cəlb edilmədiyindən əmək haqqı hesablanmadığı, hər hansı işçi tərəfindən boşdayanmaya görə ödəniş edilməsi barədə vəsatət daxil olmadığı (yəni belə öhdəliyim də yaranmamışdır) bildirilmişdir. Eyni zamanda işçilərin əmək haqqının artırılması Əmək Müqaviləsi müqavilə şərtlərinin dəyişdirilməsi hesab olduğundan və Əmək Məcəlləsinə görə buna yalnız hər iki tərəfin razılığı ilə yol verildiyindən və işçilər (əmək müqaviləsi qüvvədə olan) işdə olmadığından birtərəfli qaydada müqaviləyə dəyişiklik edilməsi (yazılı müqavilədə tərəflərin imzası ilə təstiq edilmədən ƏMAS-da dəyişiklik edilməsi) qanunazidd olduğundan ƏMAS-da müqavilənin əmək haqqı hissəsində dəyişiklik edilməmişdir. Beləliklə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinə yazılı şəkildə İnzibati xətaya yol vermədiyim əsaslandırılmış şəkildə bildirsəm də, qanunsuz olaraq barəmdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qeyd edilənləri, o cümlədən barəmdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş 30 may 2024-cü il tarixli MN Ns ******* saylı Qərarın qanunsuz olduğunu nəzərə alaraq, inzibati tənbeh vermə haqqında həmin Qərarın ləğv edilərək icraata xitam verilməsi barədə Qərar verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən şikayətçi X2 şikayətin məzmununa uyğun çıxış edərək təmin edilməsini xahiş etdi. Bununla yanaşı, şikayətçi X2 əlavə olaraq bildirmişdir ki, qərar İXM-nin 192.3-cü maddəsinə əsasən tərtib edilmişdir. Həmin normaya görə, işçiyə müvafiq icra hakimiyyəti omam tərəfindən müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Maddənin dispozitiv şərtlərindən də aydın şəkildə görünür ki, bu maddə çərçivəsində məsuliyyətin yaranması üçün işçiyə minimum əməkhaqqından daha aşağı məbləğdə əməkhaqqının verilməsi zəruridir. İndiki halda isə, bundan söhbət belə gedə bilməz. Belə ki, əvvəlki məhkəmə iclasında iştirak edən İdarənin nümayəndəsi də izahatında bildirmişdir ki, onlar sistem üzərindən yoxlama (monitorinq) apararaq işçilərin sistemdə əks olunan maaşlarının minimum əməkhaqqından aşağı məbləğdə olduğunu müəyyən etmişlər. Yəni, hörmətli nümayəndənin özü də etiraf edir ki, onlar minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqının verilməsini müəyyən etməmişlər, sadəcə sistemdəki məlumat əsasında vətəndaşı cərimə etmişlər. Həmçinin qeyd edirəm ki, 25,12.2020-ci il tarixdən etibarən fəaliyyətim olmamışdır. Belə ki, vergi orqanına bəyannamə verərək fəaliyyətimi dayandırmışam. Məhz bu səbəbdən işçilər işə cəlb edilməmişlər. Belə olan halda isə, təbii ki, onlara əmək haqqı hesablanmamış və verilməmişdir. Əksinə işçilər fiziki olaraq işdən ayrılaraq başqa işə keçmişlər və məndən hər hansısa narazılıq və şikayətləri olmamışdır. Xüsusilə nəzərə alınmalıdır ki, işə cəlb olunduqları müddətdə işçilərə minimum əməkhaqqından aşağı olmayan məbləğdə əməkhaqqı vermişəm. Göründüyü kimi, işçilər işə cəlb edilməmişlər və dolayısı ilə onlara əmək haqqı da verilməmişdir. Əksinə onlar fiziki olaraq işdən ayrılaraq başqa işə keçmişlər. Sistemdə qalan məlumatlar isə formal xarakter daşımışdır. Əmək Məcəlləsinin 155-ci maddəsinin 3-cü hissəsində minimum əmək haqqı məbləğindən aşağı olmayan aylıq əmək haqqının verilməsi aylıq iş vaxtı normasını işləmək və əmək funksiyasını yerinə yetirməklə şərtləndirilmişdir. Başqa ifadə ilə, o işçiyə minimum əmək haqqı məbləğindən aşağı olmayan aylıq əmək haqqının verilməsi tələb olunur ki, həmin işçi aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş olsun. Yuxanda da izah'edildiyi kimi, xx.xx.2020-ci il tarixdən etibarən fəaliyyətim olmamış, işçilər işə cəlb edilməmiş, dolayısı ilə onlara əmək haqqı hesablanmamış və verilməmişdir. Bu o deməkdir ki, onlar xx.xx.2020-ci il tarixdən etibarən nə aylıq iş vaxtı normasını işləmiş və nə də əmək funksiyasını yerinə yetirmişlər. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun (bundan sonra “Qanun”) 1.1.1 -ci maddəsində sahibkarlıq sahəsində aparılan yoxlama anlayışına belə izah verilmişdin yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu. Qanunun 3.1-ci maddəsinə görə, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Qanunun 4-2.1.1-ci maddəsində yoxlamaları bu Qanunun tələblərinə əməl etməklə sahibkarların hüquq və qanuni mənafelərinə uyğun həyata keçirmək yoxtayıcının vəzifəsi kimi təsbit olunmuşdur. Qanunun 13-cü maddələrinə əsasən, sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır (m. 13.1). Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir (m. 13.2). Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar (m. 13.3). Yoxlamaların vahid məlumat reyestrini aparan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun tələblərinə uyğun olaraq təqdim edilmiş yoxlamaları reyestrdə qeydiyyata almalıdır (m. 13.5). Yoxlayıcı orqan bu Qanunun 12.1.5-ci maddəsinə əsasən görülmüş işlər barədə yarımillik məlumatı ildə iki dəfə (yanvarın və iyulun 15-dək) yoxlamaların vahid məlumat reyestrini aparan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərir (m. 13.6). Yoxlamaların vahid məlumat reyestrini aparan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) sahibkarlıq sahəsində aparılan yoxlamalar barədə və bu Qanunun 13.6- cı maddəsində nəzərdə tutulmuş yarımillik məlumatları ümumiləşdirərək, ildə iki dəfə (fevralın və avqustun 15-dək) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərir (m. 13.7). 14.1-ci maddəyə əsasən, yoxlama plan üzrə (növbəti) və ya plandankənar (növbədənkənar) aparılır. 15.1 -ci maddəyə görə, plan üzrə (növbəti) yoxlama yoxlayıcı orqanın tərtib etdiyi və vahid məlumat reyestrinə daxil edilmiş illik plan əsasında və həmin planda göstərilən tarixlərdə aparılır. 15.3-d maddəyə görə, növbəti il üzrə yoxlamaların aparılması planı yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən təsdiqlənir və cari ilin 1 noyabr tarixindən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanına elektron formada təqdim edilir. Müvafiq icra hakimiyyəti orqanı həmin planları yoxlamaların vahid məlumat reyestrində yerləşdirir. 17.1-ci maddəyə görə, yoxlama yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanan qərar əsasında aparılır. 20-ci maddədə isə, yoxlamanın aparılması qaydası tənzimlənmişdir. Qeyd edildiyi kimi, İdarənin əvvəlki məhkəmə iclasında iştirak edən nümayəndəsi izahatında bildirmişdir ki, onlar sistem üzərindən yoxlama (monitorinq) apararaq işçilərin sistemdə əks olunan maaşlarının minimum əməkhaqqından aşağı məbləğdə olduğunu müəyyən etmişlər. Qanunun yuxarıda göstərilən 1.1.1-ci maddəsi baxımından İdarənin bu əməli də yoxlama hesab olunur. Belə ki, əwəla yoxlamanın aparılması üçün mütləq qaydada sahibkarın olduğu yerə (onun iş yerinə, ofisinə, müəssisəsinə və s.) getmək tələb olunmur. Digər tərəfdən heç şübhəsiz İdarənin bu əməli (sistem üzərindən monitorinq aparılmasını) sahibkarın sahibkariıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetiribyetirmədiyini qiymətləndirmək üçün etmişdir. Qısası, hər bir halda ƏMAS sistemi üzərindən monitorinq aparılması yoxlama hesab edilir. İdarənin bu yoxlamanı apararkən Qanunun yuxarıda şərh edilən tələblərinə riayət etdiyi müəyyən olunmur. Belə ki, bu yoxlama əgər bu plan üzrə (növbəti) yoxlama idisə, yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalı idi. Halbuki, belə bir qeyd aparılmamışdır. Yox əgər plandankənar (növbədənkənar) yoxlamadırsa, bu istisnai hallarda, misal üçün işçilərin şikayətləri və verdikləri məlumatlar əsasında aparıla bilərdi. İndiki halda, belə bir hal da olmamışdır. Yuxarıda da göstərildiyi kimi, işçilər fiziki olaraq işdən ayrılaraq başqa işə keçmişlər və məndən hər hansısa narazılıq və şikayətləri olmamışdır. Bundan başqa, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında Qanuna görə, onsuz da bu cür yoxlamaların aparılması 2025-ci il yanvarın 1-dək dayandırılmışdır. Nəticə etibarilə İdarənin apardığı yoxlama qanunsuz olmuşdur. Qanunsuz yoxlama əsasında qəbul edilən inzibati tənbeh vermə haqqında qərar da qanuni və əsaslı hesab oluna bilməz. Məhkəmə iclasında iştirak edən qərarı barəsində şikayət verilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X6 şikayət əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin 30 may 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli "İnzibati tənbeh vermə haqqında” qərarından görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə onun barəsində 1200 (bir min iki yüz) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. İş materiallarında olan Vergilər Nazirliyi tərəfindən verilmiş arayışdan görünür ki, X1 (VÖEN: **********) vergi orqanına təqdim etdiyi ərizəyə əsasən onun fəaliyyəti xx.xx.2020ci il tarixdən xx.xx.2022-ci il tarixədək müvəqqəti dayandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron vergi sistemindən əldə edilən (e-taxes.gov.az) X1 (VÖEN: **********) şəxsi hesab vərəqəsindən görünür ki, X1 xx.xx.2020-ci il tarixdən etibarən sahibkarlıq fəaliyyəti olmamışdır. Azərbaycan Respublikası İXM-nin 192.3-cü maddəsinə əsasən işçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əmək haqqından aşağı məbləğdə əmək haqqı verilməsinə görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X1 30 may 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli "İnzibati tənbeh vermə haqqında” qərardan verdiyi şikayət təmin edilməli, X1 hərəkətlərində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, X1 hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 192.1- ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin əlamətləri müəyyən edilmir. Məhkəmə tərəfindən iş üzrə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, şikayətçi X1 vergi orqanına təqdim etdiyi ərizəyə əsasən onun fəaliyyəti xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək dayandırılmışdır. Həmin tarixdən indiyədək isə E.Qədirovun sahibkarlıq fəaliyyəti olmamış və bu səbəbdən işçilər işə cəlb edilmədiyindən əmək haqqı hesablanmamış eyni zamanda hər hansı işçi tərəfindən boşdayanmaya görə ödəniş edilməsi barədə vəsatət daxil olmamışdır. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək belə qənaətə gəlmişdir ki, məhkəmə iclasında tədqiq edilən sübutlar göstərilən zaman kəsiyində (xx.xx.2020-xx.xx.2024) X2 ilə işçilər arasında xarakterinə və həqiqi mahiyyətinə görə faktiki olaraq əmək münasibətləri mövcud olmamışdır. Həmin müddət ərzində işçilərin X2 tərəfindən faktiki olaraq işlərə cəlb edildiyini təsdiq edən hər hansı sübut işdə mövcud deyil. Məhkəmə, qanunu və işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamını rəhbər tutaraq hesab edir ki, hazırki iş üzrə göstərilən müddət ərzində E.Qədirov ilə işçilər arasında faktiki olaraq əmək münasibətləri mövcud olmadığından onun işəgötürən kimi öhdəliklərinin yerinə yetirilməməsinə görə məsuliyyətə cəlb edilməsi haqq-ədalət meyarları ilə uyğun gəlmir. Əks yanaşma, "Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 oktyabr 2023-cü il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə zidd olar Belə ki, həmin Qərarda vurğulanır ki, tərəflər arasında əmək münasibətlərinin olub-olmaması bu münasibətlərin xarakterinə və həqiqi mahiyyətinə, işin faktiki hallarına qiymət verilərək məhkəmə tərəfindən müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi X1 şikayəti təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 30 may 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli "İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilməli və X1 hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə bu qənaətə gələrkən eyni zamanda onu da nəzərə alır ki, məhkəmə iclasları bir neçə dəfə süburların təqdim edilməsi ilə bağlı, konkret olaraq qərar qəbul etmiş orqanın qərarı qəbul edərkən əsas götürdüyü sübutların (işəgötürən tərəfindən nə vaxt, hansı işçiyə minimum əmək haqqından aşağı məbləğdə əmək haqqı verilməsini təsdiq edən) məhkəməyə təqdim edilməsi məqsədi ilə təxirə salınmasına baxmayaraq heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, bir halda ki, inzibati qərar qəbul etmiş orqan işəgötürən tərəfindən dəqiq vaxt, gün, ay, il və hansı konkret işçiyə minimum əməkhaqqından aşağı məbləğdə əmək haqqı verilməsini təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir, belə olan halda onun tərəfindən qəbul edilmiş inzibati xəta haqqında qərar qanuni və əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsinin 30 may 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli qərarından verdiyi şikayət təmin edilsin və həmin qərar ləğv edilsin. X1 Azərbaycan Respublikası İXM-in 192.3-cü maddəsi ilə təqsirli bilinib 1200 manat məbləğində cərimə edilməsi ilə bağlı iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-4064/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4064/2024
17.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver