Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4069/2024 27.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Əliyeva Zəminə Səməd qızının katibliyi, "NVC” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən "NVC” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 485.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Baş Gömrük İdarəsi tərəfindən "NVC” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İXM-in 485.2-ci maddəsi ilə tərtib edilmiş 07 avqust 2024-cü il tarixli, EP ******* saylı, 00100-02090/24 nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş 07 avqust 2024-cü il tarixli, EP ******* saylı, 00100-02090/24 nömrəli inzibati xəta haqqında protokola əsasən, "NVC” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yüklər Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. Ona görə də, "NVC” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İXM-in 485.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında "NVC” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Rövşən Suleymanov bildirmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi "NVC” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində 07 avqust 2024-cü il tarixli, EP ******* saylı, 00100-02090/24 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, İXM-in 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsi, inzibati qaydada məsuliyyətə cəlb edilməsi ilə bağlı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Qeyd edilən inzibati xəta haqqında protokola əsasən "NVC” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yüklər Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. Lakin "NVC” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2024-cü il tarixli, **********4320 nömrəli gömrük bəyannaməsi ilə idxal olunmuş mallara dair xx.xx.2024-cü il tarixdə **********9998 nömrəli qısa idxal bəyannaməsi mal ölkəyə daxil olmamışdan verilmişdir. Bakı Baş Gömrük İdarəsi tərəfindən "NVC” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində əsassız olaraq İXM-in 485.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilənləri nəzərə alaraq "NVC” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş EP ******* saylı 07 avqust 2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC-nin ünvanına Türkiyədən idxal edilmiş malların daşındığı 94323813 nömrəli nəqliyyat vasitəsi Azərbaycan Respublikasının gömrük ərazisinə xx.xx.2024-cü il tarixdə, saat 08:43-də daxil olduğu, lakin həmin nəqliyyat vasitəsilə ölkə ərazisinə gətirilən mallara dair **********9998 sorğu nömrəli xx.xx.2024-cü il tarixli qısa idxal bəyannaməsi gömrük orqanına xx.xx.2024-cü il tarixdə saat 08:58-də təqdim edilmişdir. **********4320 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsindən görünür ki, ixracatçı X5 Mermer İTH.San ve TİC LTD ŞTİ tərəfindən ümumi invoys dəyəri 18720,00 manatlıq məhsul idxalatçı "NVC” MMC-yə göndərilmiş və həmin məhsulların tərkibi və çeşidləri 162 saylı, xx.xx.2023-cü il tarixli müqavilə ilə idxalatçını gömrük orqanlarında təmsil edən "xxxx" MMC-nin təmsilçisi X2 tərəfindən gömrük orqanına elektron qaydada bəyan olunmuşdur. **********9998 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli qısa idxal bəyannaməsindən görünür ki, "NVC” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən gömrük orqanına 21.07. 2024-cü il tarixdə qısa idxal bəyannəməsi verilməsi üçün elektron sistemdə hazırlanıb yerləşdirilmişdir. “Gömrük bəyannaməsi üzrə elektron çıxarış”ın iş materiallarına əlavə edilmiş surətindən görünür ki, "NVC” Məhdud Məsuliyyətli Cəmiyyətinin təmsilçisi X2 tərəfindən **********9998 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli qısa idxal bəyannaməsini elektron sistemdə əməliyyat apararaq xx.xx.2024-cü il tarixində saat 00:33-də sorğu nömrəsi və qrafa 7-i yazıldıqdan sonra xx.xx.2024-cü il tarixində saat 08:42-də gömrük orqanına rəsmiləşdirmək üçün göndərmişdir. Sonradan təkrarən ikinci dəfə (yəni yenidən) xx.xx.2024-cü il tarixində saat 08:58-də gömrük orqanına rəsmiləşdirmək üçün göndərmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, "NVC” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində İXM-in 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, "NVC” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən **********4320 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallara dair xx.xx.2024-cü il tarixdə **********9998 sorğu nömrəli qısa idxal bəyannaməsi verilmiş, lakin xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsində qısa idxal bəyannaməsinin verilməsi bağlı qrafa doldurulmamış, nəticədə "NVC” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində əsassız yerə İXM-in 485.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə bu qənaətini iş materiallarında olan və yuxarıda mahiyyəti açıqlanmaqla sadalanmış mötəbər sübutlarla əsaslandırır. Belə ki, inzibati orqanın tərtrib edərək baxılması üçün məhkəməyə təqdim edilmiş müvafiq protokoldan görünür ki, "NVC” Məhdud Məsuliyyətli Cəmiyyətinə aid mallar Azərbaycan Respublikasının gömrük ərazisinə xx.xx.2024-cü il tarixində saat 08:43-də daxil olduğu halda huquqi şəxs tərəfindən həmin mallara dair **********9998 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli qısa idxal bəyannaməsi gömrük orqanlarına xx.xx.2024-cü il tarixində saat 08:58-də yəni 15 dəqiqə gec təqdim edilmişdir. Halbuki, protokol tərtib etmiş inzibati orqanın iş materiallarına özü tərəfindən əlavə edilmiş mötəbər sübut hesab olunan “Gömrük bəyannaməsi üzrə elektron çıxarış”dan konkret olaraq “Gömrük bəyannamələrinin rəsmiləşdirilməsi barədə elektron jurnal”dan görünür ki, vaxtında verilmədiyi iddia olunan sözügedən qısa idxal bəyannaməsi "NVC” MMC tərəfindən rəsmiləşdirmək üçün gömrük orqanlarına xx.xx.2024-cü il tarixdə saat 00:30-da (malların gömrük sərhəddini keçməsindən səkkiz saat əvvəl) yazılmaqla 08:42-də göndərilmişdir və bu sistemdə geyd edilmişdir. Yəni “Gömrük bəyannamələrinin rəsmiləşdirilməsi barədə elektron jurnal”da olan məlumatdan açıq-aydın görünür ki, qısa idxal bəyannaməsi malların Azərbaycan Respublikası ərazisinə daxil olmazdan əvvəl təqdim edilmişdir yəni verilmişdir. Məhkəmə araşdırması zamanı mötəbər sübut əsasında müəyyən edilmiş bu hal "NVC” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində inzibati xətanın əlamətlərinin olmasını istisna edir. Məhkəmə hesab edir ki, “Gömrük bəyannamələrinin rəsmiləşdirilməsi barədə elektron jurnal”da olan məlumatlar mötəbər sübut olmaqla iş üzrə əhəmiyyətli olan halların xüsusən inzibati xəta hadisəsinin baş verib verməməsinin düzgün qiymətləndirilməsinə kömək edir. Bunanla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, **********9998 sorğu nömrəli qısa idxal bəyannaməsinin məhs xx.xx.2024-cü il tarixdə yəni malların gömrük sərhəddini keçməsinə bir gün əvvəl "NVC” Məhdud Məsuliyyətli Cəmiyyətinin təmsilçisi tərəfindən hazırlanması və elektron sistemə yerləşdirilməsi işin mübahisəsiz halıdır. Belə olan halda məhkəmə hesab edir ki, "NVC” Məhdud Məsuliyyətli Cəmiyyəti mallar gömrük orqanına gəlməmişdən bir gün əvvəl yəni xx.xx.2024-cü il tarixdə qısa idxal bəyannaməsini elektron qaydada gömrük orqanına təqdim etmək üçün zəruri hərəkətləri (qısa idxal bəyannaməsini tərtib edilməsi, dövlət rüsumunun ödənilməsi) etdiyindən, onun həmin tarixdə qısa idxal bəyannaməsini rəsmiləşdirmək üçün gömrük orqanına elektron qaydada göndərməməsi inandırıcı görünmür. Həmçinin məhkəmə qeyd edir ki, malların gömrük sərhəddini keçməsinə bir gün əvvəl qısa idxal bəyannaməsini elektron qaydada gömrük orqanına təqdim etmək üçün zəruri hərəkətlərin edilməsi onu göstərir ki, "NVC” MMC qanunvericiliyin onun üzərinə qoymuş olduğu vəzifələri icra etmək istiqamətində olan zəruri hərəkətləri etmişdir Digər tərəfdən, İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta təqsirin qəsd forması ilə törədilir. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Hazırki işdə hüquqi şəxsin qısa idxal bəyannaməsini elektron qaydada gömrük orqanına təqdim etmək üçün xx.xx.2024-cü il tarixdə sorğu əsasında qısa idxal bəyannaməsini əldə etməsi, bununla bağlı qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunu ödəməsi onun qısa idxal bəyannaməsini rəsmiləşdirmək arzusunda olmasını, hüquqi şəxsin İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmək niyyətində olmamasını göstərir. Belə olan halda, işin faktiki halları ilə "NVC” Məhdud Məsuliyyətli Cəmiyyəti İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması sübuta yetirilmir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Belə ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş EP ******* saylı 07 avqust 2024-cü il tarixli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "NVC” MMC-nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş EP ******* saylı 00100-02090/24 nömrəli 07 avqust 2024-cü il tarixli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-4069/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4069/2024
27.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver