Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4072/2022 16.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə xx.xx.1994-cü ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 28-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2022-ci il tarixində saat 09:30 radələrində Yasamal rayonu, Kənar Dairəvi yolda yerləşən “Avtomobillərin satışı mərkəzinin” qarşısında yolun hərəkət hissəsində dayanaraq avtomobillərin hərəkətinə maneçilik törətmiş, polis əməkdaşları bunu görüb ona xəbərdarlıq etmişlər. Bu zaman həmin şəxs öz hərəkətlərinə davam edərək polisə aqressiv cavablar verməyə və tabesizlik göstərməyə başlamışdır. polis əməkdaşı da radio qəbuledici vasitəsilə xidmət yoldaşı X3 ilə əlaqə saxlamış və PPX avtopatrulunu kömək üçün göndərməsini istəmişdir. Bu zaman Elşən birgə xidmət apardıqları **-YP-*** çağırışlı avtopatrulla ondan bir qədər kənarda olub. PPX avtopatrulu yanlarına yaxınlaşmış və həmin şəxsi avtomaşına əyləşdirmişdir. O da PPX avtomaşınında həmin şəxsin yanında əyləşmişdir. Bu zaman məqsədi həmin şəxsi PB-yə təmin edərək barəsində raport tərtib etmək olub. Bir qədər hərəkət etdikdən sonra həmin şəxs anidən avtopatrulun sol arxa yan şüşəsinə yumruq zərbəsi endirmiş və şüşə sınmışdır. Daha sonra həmin şəxsi PB-yə gətirmiş və barəsində raport tərtib etmişlər, bununla da ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmişdir. Bununla da o, İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 28-ci Polis Bölməsi tərəfindən xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs məhkəməyə verdiyi izahatında göstərdi ki, o, xx.xx.2022-ci il tarixdə saat təxminən 09:30 radələrində Yasamal rayonu Kənar Dairəvi yolda yerləşən "Avtomobillərin satışı mərkəzinin” qarşısında səkidə oturduğu zaman YPX əməkdaşı ona yaxınlaşaraq burada nə üçün oturduğunu soruşmuşdur. O da yorulduğu üçün oturduğunu bildirmişdir. Daha sonra onunla təhqiramiz şəkildə söyüşlə danışmağa başlamışdır. Daha sonra da PPX əməkdaşlarını ora çağırmışdır. O həmin PPX əməkdaşlarının istəyi ilə avtopatrula əyləşmişdir. Avtomobildə olduqları zaman həmin YPX inspektoru ona hədə- qorxu gəlməyə başlamışdır. Ona onu sutkalığa göndərəcəyini bildirmişdir. O isə heç bir günahı olmadığını demişdir. Onunla yenidən söyüşlə danışdığı üçün əsəblərini cilovlaya bilməyib sol yumruğu ilə avtopatrulun sol arxa yan şüşəsini zərbə vuraraq sındırmışdır. Daha sonra onlar onu PB-yə gətirmişlər. Bölmədə bu barədə izahat vermişdir. Əməlindən peşmandır. Protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 28-ci Polis Bölməsinin sahə inspektoru X2 məhkəməyə verdiyi izahatında bildirdi ki, xx.xx.2022-ci ıl tarixdə saat təxminən 09:30 radələrində Yasamal rayonu Kənar Dairəvi yolda yerləşən “Avtomobillərin satışı mərkəzinin” qarşısında xidmət apardığı zaman bir nəfər şəxsin yolun hərəkət hissəsində dayanaraq avtomobillərin hərəkətinə maneçilik törətdiyini görüb ona xəbərdarlıq etmişdir. Bu zaman həmin şəxs öz hərəkətlərinə davam edərək ona aqressiv cavablar verməyə və tabesizlik göstərməyə başlamışdır. O da radio qəbuledici vasitəsilə xidmət yoldaşı X3 ilə əlaqə saxlamış və PPX avtopatrulunu kömək üçün göndərməsini istəmişdir. Bu zaman Elşən birgə xidmət apardıqları **-YP-*** çağırışlı avtopatrulla ondan bir qədər kənarda olub. PPX avtopatrulu yanlarına yaxınlaşmış və həmin şəxsi avtomaşına əyləşdirmişdir. O da PPX avtomaşınında həmin şəxsin yanında əyləşmişdir. Bu zaman məqsədi həmin şəxsi PB-yə təmin edərək barəsində raport tərtib etmək olub. Bir qədər hərəkət etdikdən sonra həmin şəxs anidən avtopatrulun sol arxa yan şüşəsinə yumruq zərbəsi endirmiş və şüşə sınmışdır. Daha sonra həmin şəxsi PB-yə gətirmiş və barəsində raport tərtib etmişlər, bununla da ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmişdir. Bu barədə Yasamal RPİ-nin 28-ci PB-nin əməkdaşları raport və akt tərtib etmişlər və materiallar əsasında inzibati xəta haqqında protokol tərtib edilmişdir. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli raporta əsasən Şəxs 14 avqust 2022-ci il tarixdə saat təxminən 09:30 radələrində Bakı şəhəri Yasamal rayonu Kənar Dairəvi yolda yerləşən “Avtomobillərin satışı mərkəzinin” qarşısında xidmət apardıqları zaman YPX inspektoru bir nəfər şəxsin tabesizlik göstərdiyini bildirərək onları köməyə çağırmış, onlar həmin şəxsi avtopatrula əyləşdirərək PB-yə gətirdikləri zaman anidən yumruq zərbəsi endirərək **-PS-*** dövlət nömrə nişanlı avtopatrul avtomobilinin sol arxa yan şüşəsini sındırmışdır. Şəxs ictimai yer hesab olunan Bakı şəhəri Yasamal rayonu Kənar Dairəvi yolda yerləşən “Avtomobillərin satışı mərkəzinin” qarşısında baş vermiş, bununla da ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmişdir. Yasamal RPİ İŞ-nin müstəntiqi V.Nəbiyevin “Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarına əsasən yuxarıda qeyd edilən inzibati xəta haqqında protokolda göstərilən hadisə baş vermişdir. İş materiallarındakı xx.xx.2022-ci il tarixli tutma protokoluna əsasən Şəxs həmin tarixdə saat 10:00 radələrində tutulmuşdur. Beləliklə sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, özünün məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə İXM-in 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın törədildiyi yeri, vaxtı nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və yaşını nəzərə alaraq inzibati həbsin müddətini müəyyən edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək, 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixindən, saat 10:00 dəqiqədən hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-4072/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4072/2022
16.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver