Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-408/2021 16.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X3 Səbail RPİ-nin 9-cu Polis Bölməsinin xx.xx.2021-ci il tarixli, MN ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X2 RPİ-nin 9-cu Polis Bölməsinin xx.xx.2021-ci il tarixli, MN ******* saylı qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin qərarın ləğv edilməsini və cərimənin silinməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə, axşam radələrində Bakı şəhəri Səbail rayonu Fəvvarələr meydanı adlanan yerdən keçəndə, həmin vaxt vəzifə başında olan, demək olar ki eyni yerdə toplaşan bir neçə polisdən biri yaxınlaşıb pandemiya ilə bağlı icazəsinin olub-olmadığını yoxlamaq üçün sənədini təqdim etməsini istəmişdir. İcazəsinin olduğunu dəqiqləşdirdikdən sonra polis əməkdaşı iddia etmişdir ki, onu uzaqdan maskasız olduğunu görmüşdür (halbuki maskayla olmuş və maskadan düzgün istifadə etmişdir) və buna görə də 100 manat məbləğində cərimə olunduğunu söyləyib əlindəki cihazla portala məlumatları daxil etmişdir. Bununla bağlı hər hansı bir protokol və ya sənəd təqdim etməmiş və imzalatmamışdır. Çox çekməyən mübahisədən sonra (maskada olduğu üçün və düzgün istifadə etdiyi üçün cərimə etməsinin ixtiyarı olmadığına görə mübahisə yaranmışdır) həmin yerdən uzaqlaşmışdır. Hər hansı bir sənəd və ya protokol təqdim olunmadığından xx.xx.2021-ci il tarixində elektron portal üzərindən həqiqətən cərimə olunduğunu öyrəndikdən sonra Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət edib şikayətini bildirmişdir. Bir qədər sonra Bakı Şəhəri Səbail rayonunun 9-cu polis bölməsindən ona zəng gəlmişdir. Bakı Şəhəri Səbail rayonunun 9-cu polis bölməsinə bütün baş verənlər barədə məlumat verdikdən sonra ona istədiyi zaman sözü gedən bölməyə yaxınlaşıb protokolu həmin bölmənin dəftərxanasından əldə edə biləcəyi bildirilmişdir. xx.xx.2021-ci il tarixdə protokolu alıb məhkəməyə müraciət etmək üçün günorta radələrində Bakı Şəhəri Səbail rayonunun 9-cu polis bölməsinə yaxınlaşmışdır. Lakin Zamiq adlı şəxs protokolun və qərarın hələ də olmadığını və bunun üçün ertəsi gün saat 11:00-dən sonra yaxınlaşmasını istəmişdir. xx.xx.2021-ci il tarixdə növbəti dəfə sözü gedən bölməyə yaxınlaşmışdır. Bu dəfə nə Zamiq adlı şəxs olmuş, nə də ki söz verilmiş protokol və qərar olmuşdur. Növbətçidən məlumat almaq istədikdə protokolun olmadığını və Zamiq adlı şəxsin problemi olduğu üçün iş yerində olmadığını söyləmişdir. Əsassız yazılan cərimənin protokolunu təqdim etmədiklərinə görə yenidən Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etmiş və şikayətini bildirmişdir. 5 dəqiqədən sonra növbətçi hissə Zamiq adlı şəxsin nömrəsini təqdim etmişdir. Zamiqlə telefonla danışıq zamanı protokolun onda olmadığını və bununla bağlı əsassız cəriməni yazan Orxan Əkbərovla əlaqə saxlamasını bildirmişdir və Orxan Əkbərovun mobil nömrəsini təqdim etmişdir. Orxan Əkbərovla danışıqdan sonra Fəvvarələr meydanında yerləşən 9-cu bölmənin digər məntəqəsinə yaxınlaşıb protokolu əldə etmişdir. Ona Daxili işlər Nazirliyinin 102 xidmətinə şikayətləri əsasında tələsik, hadisədən bir neçə gün keçəndən sonra, iştirakı olmadan natamam yazılmış, hər hansı bir möhür, hər hansı bir imza olmayan, hətta tarixi belə səhv qeyd edilən protokol təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X4 şikayətdə göstərilənlərə uyğun izahat verərək, şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş qərarından şikayət verilmiş orqan məhkəmə iclasına gəlməmiş və ya nümayəndəsini göndərməmiş və bunun səbəbi barədə heç bir məlumat verməmişlər. Məhkəmə işə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Səbail RPİ-nin 9-cu Polis Bölməsinin xx.xx.2021-ci il tarixli, MN ******* saylı qərarından görünür ki, X4 xx.xx.2020-ci il tarixdə açıq havada olarkən tibbi maskadan düzgün istifadə etmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Nazirlər Kabineti yanında Operativ Qərargahın “Xüsusi karantin rejimində dəyişikliklərə dair” xx.xx.2020-ci il tarixli məlumatına əsasən 2020-ci il 21 noyabr tarixindən etibarən xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburi hesab olunmuş, maskalardan istifadə qaydalarına nəzarət rejimi daha da sərtləşdirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə – fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə araşdırılması zamanı X4 tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması öz təsdiqini tapmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada sübut olunmur. Ona görə də X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində cərimə olunmasına dair Səbail RPİ-nin 9-cu Polis Bölməsinin xx.xx.2021-ci il tarixli, MN ******* saylı qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat xitam verilir. Eyni Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şikayət təmin edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində cərimə olunmasına dair Səbail RPİ-nin 9cu Polis Bölməsinin xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-408/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-408/2021
16.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver