Məhkəmə qərarları › İş №3(004)-4113/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4113/2025

02.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4113/2025 02.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X10 iclas katibliyi, X1, Qərarından şikayət verilmiş AR DİN Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin nümayəndəsi X5 iştirakları ilə, X1 Azərbaycan Respublikası DİN Bakı Şəhəri X13 İdarəsinin İXP ******* saylı, xx.xx.2025-ci il tarixli protokol əsasında qəbul edilmiş TP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 barəsində tərtib edilmiş Azərbaycan Respublikası DİN Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin X13 Şöbəsinin İXP ******* saylı, xx.xx.2025-ci il tarixli protokol əsasında qəbul edilmiş TP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərardan şikayət verərək, həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayətçi şikayətində və məhkəmə iclasında verdiyi izahatında şikayətini onunla əsaslandırdı ki, Yasamal Rayonu Yol Patrul Xidmətinin əməkdaşının qanunsuz davranışı nəticəsində barəsində törətmədiyi inzibati xəta əməlinə görə protokol tərtib olunmuş, həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Aşağıda qeyd olunanlara əsasən YPX əməkdaşı tərəfindən inzibati xətalar haqqında qanunvericiliyin tələblərinin pozulduğunu, barəsində qəbul edilmiş qərarın tam əsassız və qanunsuz olduğunu düşünür. O, 5 iyun 2025-ci il tarixində idarə etdiyi ona məxsus Bmw 328 markalı 77GQ168 Dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən YPX əməkdaşı tərəfindən Mikayıl Müşfiq pr. ilə Mətbuat pr. kəsişməsində saxlanılıb. YPX əməkdaşı ilk növbədə saxlanma səbəbinin Texpasporta M-sport qeydinin yazılıb yazılmadığını dəqiqləşdirmək olduğunu bildirib. O, bu tələbin əsassız və qanunsuz olduğunu, bununla bağlı qanunvericilikdə heç bir tələbin mövcud olmadığını bildirib. Daha sonra YPX inspektoru texpasport sənədində M Sport yazılmadığını, maşınına əlavə avadanlıqların quraşdırıldığını, bu səbəbdən maşınının duracağa təmin olunacağını bildirdikdə, o heç bir normativ tələbin pozulması ilə avadanlıq quraşdırılmadığını, bununla bağlı tərtib olunacaq protokolla razılaşmadığını, bu pozuntu ilə bağlı müayinə və ekspertiza təyin olunmasını xahiş edib. O, polis əməkdaşlarına heç bir inzibati xəta əməli törətmədiyini, barəsində inzibati xəta haqqında protokol tərtib olunacağı təqdirdə onun əsasında qəbul olunacaq inzibati tənbeh vermə haqqında qərarı məhkəmədə mübahisələndirərək ləğv etdirəcəyimi bildirib. YPX inspektoru isə buna məhəl qoymadan maşınını protokol və qərar olmadan, habelə nəqliyyat vasitəsinin müvəqqəti mühafizə olunan duracağa təmin olunması ilə bağlı heç bir akt rəsmiləşdirmədi. Duracaqda ona protokol və qərarın veriləcəyini bildirən inspektor onu aldadaraq yalnız 1 gün sonra protokol tərtib edib sistemə yükləmiş, 8 gün sonra isə qərarı ona köhnə tarixlə təqdim etmişdir. Yalnız israrla qərarı vermələrini xahiş və tələb etdikdən sonra hadisə baş verdiyi tarixdən 8 gün sonra barəsində AR İnzibati Xətalar Məcəlləsinin 342.5, 342.2.3, 342.2.2-ci maddəsində nəzərdə tutulmuş tənbeh vermə haqqında qərar qəbul edilməsi tam qanunsuzdur. Qərarın köhnə tarixlə verilməsinə etiraz etdikdə isə “hara şikayət edirsən et” demiş, pozulmuş hüquqlarına qarşı laqeyd münasibət bəslənmişdir. Yuxarıda qeyd olunan işin faktiki hallan və hüquq normalarının qarşılıqlı təhlili əməlində heç bir inzibati xəta tərkibinin olmamasını, YPX əməkdaşı tərəfindən inzibati xətalar haqqında qanunvericiliyin tələblərinin pozulduğunu, buna görə də barəsində qəbul olunmuş qanunsuz və əsassız qərarın ləğvinin zəruri olduğunu göstərir. Belə ki, YPX əməkdaşı guya əməlində AR İXM 342.5, 342.2.3, 342.2.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib etsə də, həmin pozuntunun nədən ibarət olmasını, hansı avadanlıqların maşına quraşdırılmasını göstərə bilməmiş, hansı normativ tələblərin pozulduğunu qeyd etməmişdir. Halbuki cinayət və inzibati xətalar haqqında qanunvericilikdə nəzərdə tutulmuş əsas prinsiplərdən biri olan təqsirsizlik prezumpsiyası prinsipinə əsasən səlahiyyətli şəxs və orqanlar əməldə inzibati xəta tərkibinin olmasını tam sübuta yetirməlidirlər. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxslər öz təqsirsizliklərini sübuta yetirməli deyildirlər. Əməlində inzibati xəta tərkibinin olmaması, həmin pozuntunun sübuta yetirilməsini mümkünsüz etdiyindən, barəsində qanunsuz formada aparılmış icraata xitam verilməsi zərurəti yaranmışdır. Bundan əlavə YPX əməkdaşı nəinki ona AR İXM-də nəzərdə tutulmuş hüquq və vəzifələrini izah etməmiş, əksinə süründürməçilik edərək uzun müddət maşınsız qalmağıma səbəb olmuş, gec verdiyi qərara görə isə məhkəməyə vermək üçün müddəti qəsdən gecikdirmişdir. Hazırda Azərbaycan Respublikasının şəffaf və obyektiv məhkəmə sisteminə güvənərək ədalətin bərpa edilməsi məqsədilə məhkəməyə müraciət etmişdir. Son olaraq bildirmək istəyir ki, ona məxsus avtomobil hələ də əsassız olaraq mühafizə olunan duracaqda saxlanılmaqdadır. Odur ki, 5 iyun 2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Qərarından şikayət verilən orqanın nümayəndəsi X7 məhkəməyə verdiyi izahatında bildirdi ki, şikayət əsassızdır və təmin edilə bilməz. Hazırda hər hansı sübutu məhkəməyə təqdim edə bilmir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı Şəhəri X13 İdarəsinin TP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərarına əsasən X4 xx.xx.2025-ci il tarixdə saat 19:30 radələrində Yasamal rayonu, M.Müşfiq prospektində Azərbaycan Respublikası İXM-nin 342.5, 342.2.2 və 342.2.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə (yəni, xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı, normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsi, nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsinə görə) təqsirli bilinib 150 manat cərimə edilmişdir. Qərarın qəbul edilməsinə əsas İXP ******* saylı, xx.xx.2025-ci il tarixli protokol olmuşdur. Həmin protokol və qərarda şəxsin xx.xx.2025-ci il tarixdə həqiqətən də “xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı, normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsi, nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsi” ilə müşaiyyət olunan nəqliyyat vasitəsini idarə etməsini təsdiq edəcək sübutla təsdiq edilmir. Barəsində protokol tərtib edilmiş şəxs, protokolla razı olmadıqda, onun təqsiri digər əlavə sübutlarla təsdiq edilməlidir. Normativ tələblərin pozulması ilə avadanlığın quraşdırılması və ya dəyişdirilməsinə, belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına dair hər hansı bir mütəxəssis və ya ekspert rəyi, texniki rəy, texniki vasitələrin göstəriciləri, kamera görüntüsü, hər hansı bir fotoşəkil, ümumiyyətlə hər hansı bir sübut növü mövcud deyildir. Bundan əlavə inzibati xətanın törədilməsi aşkar edildikdən sonra avtomobil texniki baxışdan keçirilməmiş, nəqliyyat vasitəsində həmin pozuntuların olması müəyyən edilməmişdir. Belə olduğu halda şəxs inzibati xəta törədilməsi ilə razılaşmamış, belə bir vəziyyətdə tərtib edilmiş protokol əsasında hər hansı bir digər sübut olmadan şəxs barədə inzibati tənbeh qərarı çıxarılmışdır. Şəxs protokolla razılaşdıqda, əlavə sübut toplamadan, əlavə sübut mövcud olmadan, yalnız həmin protokol əsasında şəxs inzibati məsuliyyətə cəlb edilə bilər. Lakin göründüyü kimi şəxs inzibati xəta törətməsi ilə razılaşmadığı şəraitdə, onun barəsində tərtib edilmiş protokol əsasında, səlahiyyətli orqan protokolda göstərilən əməlin şəxs tərəfindən törədilib-törədilməməsini müəyyən etmək üçün əlavə sübut toplamadan, həmin protokolla kifayətlənib, inzibati tənbeh qərarı çıxarmışdır. Şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, əlavə araşdırma aparmağa ehtiyac qalmır. Lakin razılaşmadıqda, onun inzibati xəta törətməsi sübutlarla təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Qeyd edilən vəziyyətdə həmin inzibati xətanın X4 tərəfindən törədilməsində şübhələr yaranır. Bütün göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şəxsin əməlində inzibati xəta tərkibinin olması səlahiyyətli orqanın qərarında kifayət qədər sübuta yetirilməmişdir, bu barədə sübutlar kifayət etmir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X9 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi həmin Məcəllədən ibarətdir. İXM-nin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. İXM-nin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. İXM-in İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə), bu əməlin hansı sübutlarla müəyyən edilməsi və bu əməlin İXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Qərarda konkret sübut göstərilmədiyi üçün məhkəmə belə bir qərarı İXMnin tələblərinə uyğun çıxarılmış araşdırılmanın nəticəsi olan qərar kimi hesab edə bilməz. Səlahiyyətli orqanın qərar qəbul edərkən, şəxsin qərarda mövcud olmayan və istinad edilməmiş hər hansı bir qeyri-müəyyən sübutla inzibati xətaya səbəb olan əməli törədib-törətməməsini məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Bununla da məhkəmə hesab edir ki, qərarda konkret sübuta istinad edilmədiyindən, sübutsuz vəziyyətdə hadisənin törədilməsində şəxsi təqsirli bilib, sadəcə İXM-nin inzibati xəta kimi müəyyən edilmiş maddəsinin dispozisiyasına istinad edilərək şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Konkret əməl İXM-də inzibati xəta kimi müəyyən edilmişdirsə və şəxsin həmin əməlin törədilməsində təqsiri İXM-lə müəyyən edilmiş qaydada sübuta yetirildikdən sonra inzibati məsuliyyətə cəlb edilə bilər. Qərarda şəxsin ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan konkret hansı əməli (hərəkət və ya hərəkətsizlik) törətməsi göstərilməli, həmin əməlin hansı sübutlarla müəyyən edilməsi qeyd edilməli və həmin əməlin İXM-in hansı maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xəta olması qərarda öz əksini tapmalıdır. İXM-də 2 qaydada protokol tərtib edilməsi müəyyən edilmişdir. Dərhal və ya inzibati araşdırmanın nəticəsi üzrə. Belə ki: - İXM-nin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Həmçinin - İXM-nin 101.3-cü maddəsinə əsasən İnzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir. Lakin hazırkı iş üzrə şəxs əməlin mövcudluğu ilə razılaşmadığı üçün, tərtib edilmiş protokol yeganə sübut ola bilməz. Hazırkı iş üzrə protokol hər hansı bir araşdırmanın nəticəsi olaraq tərtib edilməmişdir. Hazırkı protokolu tərtib etmiş şəxs hesab etmişdir ki, xəta törədilib, ona görə də hər hansı bir araşdırma aparmadan protokol tərtib etmişdir. Bu səbəbdən də həmin protokol onu tərtib etmiş şəxsin subyektiv mülahizəsini (ehtimalını) əks etdirməklə, dərhal tərtib edilmişdir. Subyektiv mülahizəsini (ehtimalı) əks etdirən protokol isə şəxsin təqsirliliyini təsdiq edən yeganə sübut kimi qəbul edilə bilməz. Həmin protokoldakı əməlin şəxs tərəfindən törədilməsini təsdiq edən İXM-nin 76-cı maddəsində sadalanmış digər sübut növləri mövcud olmalıdır. Lakin iş üzrə məhkəməyə belə bir sübut səlahiyyətli orqan tərəfindən təqdim edilməmişdir. Çünki məhkəmə hazırkı işə baxılması ilə əlaqədar şəxsin təqsirini müəyyən edən sübutları qərar qəbul etmiş səlahiyyətli orqandan tələb etmiş, lakin məhkəməyə əlavə hər hansı bir sübut təqdim edilməmişdir. Ona görə də əməlin mövcudluğu ilə razılaşmadığı şəraitdə tərtib edilmiş mübahisəli protokol əsasında, digər hər hansı bir sübut olmadığı şəraitdə şəxsin inzibati xəta törətməsində aradan qaldırılmamış şübhələr mövcud olmaqdadır. Məhkəmə bir daha qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Buna görə də şübhələr şəxsin xeyrinə həll edilməlidir. Şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi üçün, qərar ləğv edilməli, həmin əməlin törədilməsində təqsirsiz bilinməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X4 barəsində İXM-in 342.5, 342.2.2 və 342.2.3-cü maddələri ilə qəbul edilmiş Azərbaycan Respublikası DİN Bakı Şəhəri X13 İdarəsinin İXP ******* saylı, xx.xx.2025-ci il tarixli protokol əsasında qəbul edilmiş TP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar