Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4114/2023 15.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, "xxxx" MMC-nin direktoru Sergo Marganianın nümayəndəsi və vəkili X2, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, "xxxx" MMC-nin direktoru Sergo Marganianın Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin direktoru Sergo Margania şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən tərtib edilmiş protokol əsasında xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında "xxxx" MMC-yə məxsus “Wolt” market fəaliyyət göstərir. Həmin market qapalıdır, yəni müştərilər daxil olmadan yalnız "Wolt” elektron tətbiqi vasitəsi ilə sifariş olunan ərzaqların çatdırılması yolu ilə fəaliyyət göstərir. Çatdırma Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə müvafiq olaraq dövlət vergi xidmətində fərdi sahibkar qismində qeydiyyatdan keçmiş və müstəqil qaydada özlərinə məxsus nəqliyyat vasitəsi ilə müqavilə əsasında çatdırma xidmətlərini göstərən şəxslər tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən “Yoxlamanın aparılması haqqında" YPK/0405-23 nömrəli, xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir və "xxxx" MMC-yə təqdim edilmişdir. Həmin qərara “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” K.Y231930907 nömrəli, 20 iyun 2023-ci il tarixli Çıxarış və yoxlamanın sualları əlavə edilmişdir. Qeyd olunan çıxarışdan da görünür ki, yoxlama fiziki şəxsin müraciəti (məlumatı) əsasında aparılır. Şikayət edən şəxs barədə AQTA tərəfindən bizə rəsmi məlumat verməsələr də, onların əməkdaşları tərəfindən verilmiş şifahi məlumat əsasında məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixdə adı çəkilməyən şəxs sabun və yağ sifariş etmişdir, çatdırma müddəti çox olduğundan yağ ərimişdir. Qeyd etmək lazımdır ki, həmin sifarişi edən şəxs əvvəlcə Binəqədi rayon ərazisində bir ünvan göstərmişdir, daha sonra kuryer təyin olunmuş ünvana çatdıqda o, Nizami metro stansiyası yaxınlığında digər ünvan göstərərək, müəmmalı sifarişin çatdırma müddətini süni formada uzatmışdır və nəticədə yağ temperatur dayişikliyinə məruz qalaraq ərimişdir. Göründüyü kimi, yoxlamanın keçirilməsinə səbəb olmuş fiziki şəxsin AQTA-ya edilmiş şikayəti süni formada təşkil edilmişdir. Aparılmış yoxlama zamanı “Qida obyektinə baxışın keçirilməsinə dair” xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixli Aktlar və barəmdə MN № ******* nömrəli, 24 iyun 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan sonra, AQTA tərəfindən mənə 3-44-1/2- 1-6379/23 nömrəli, 03 iyul 2023-cü il tarixli “İnzibati xətalar haqqında işlər üzrə” Bildiriş göndərilərək, inzibati xətaya dair işə baxılmasında iştirak etmək üçün 12 iyul 2023-cü il tarixdə saat 17:30-a AQTA-ya dəvət edilmişdir. Qeyd olunan protokol əsasında, guya İnzibati Xətalar Məcəlləsinin 220.1-ci və 444.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən barəmdə MN№ ******* nömrəli, 12 iyul 2023-cü il tarixli Qərar qəbul edilmişdir. Həmin qərara əsasən, o 900 (doqquz yüz) manat məbləğində cərimə edilmişdir. Qeyd olunan qərarın surətini poçt vasitəsi ilə xx.xx.2023-cü il tarixdə almışdır. Həmin qərarın müəyyən etdim hissəsində qeyd olunmuşdur ki, “Volt” Marketdə qida məhsullarının saxlanılması və daşınması zamanı temperatur rejiminin və mal qonşuluğu prinsipinin pozulması aşkarlanmışdır. Belə ki, satışı həyata keçirilən “Царский Столичник” əmtəə nişanlı xardallar istehlakçı tərəfindən +10Cda saxlanmalı bəyan olunsa da +20,9C-da saxlandığı, soyuducudan kənarda yararlılıq müddəti bitmiş “Azərsüd” süd məhsulları ilə istehlaka yararlı qidalarla birlikdə saxlanması və nəqliyyat vasitəsində qeyri-ərzaq məhsulları ilə birgə 27C temperaturda daşındığı və anbar sahəsində termometrin olmadığı faktı aşkar edilmişdir. Həmçinin qərarda “Qida obyektinə baxışın keçirilməsinə dair” xx.xx.2023-cü tarixli aktda “Coca-Cola” əmtəə nişanlı qablaşdırılmış içməli suların anbarda altlıqları olmadan bir-başa döşəmənin üstündə və mühafizə olunmadan saxlanılması qeyd olunaraq normativ qaydalara riayət olunmadığı müəyyən edildiyi bildirilmişdir. Halbuki, həmin qaydalar hazır məhsullara yox, xam mallara şamil edilir. Sözü gedən “Coca-Cola” əmtəə nişanı altında qablaşdırılmış içməli sular isə xammal deyil, hazır məhsuldur. Həmin hazır məhsullara parazitlərin daxil olması da mümkün deyil. Qərarda göstərilən müddəti keçmiş ərzaqların saxlanılması qaydaları pozulmamışdır, belə ki, həmin ərzaqlar yararlı ərzaqlarla bir yerdə deyil lazımı temperaturu olan ümumi saxlanc otağında ayrı-ayrılıqda saxlanılmışdır. Həmçinin müddəti keçmiş qablaşdırılmış əmtəələrin yararlı əmtəə ilə bir rəfdə saxlanılması yararlı əmtəəyə heç bir təsir göstərə bilməz. Daşımanı həyata keçirən partnyor kuryer ümumiyyətlə Volt Marketin işçisi deyil və o fərdi sahibkar olaraq fəaliyyət göstərir və daşıma ilə bağlı bütün məsuliyyət onun üzərinə düşür. Göründüyü kimi, qeyd olunan maddi hüquq normasında malların saxlanılması və ya satışı zamanı mal qonşuluğu qaydasının pozulmasına, yaxud temperatur rejiminə əməl edilməməsinə görə inzibati məsuliyyət yaranır. Lakin pozuntu "xxxx" MMC və xüsusən də mənim tərəfindən törədilməsi mümkün deyil. Belə ki, hər hansı bir qidanın müəyyən edilmiş mal qonşuluğunun pozulması ilə çatdırılması aşkar edilərsə, bununla bağlı yaranan məsuliyyət daşıma-kuryer xidmətlərini göstərən sahibkarın üzərinə düşür. Bundan başqa sadalanan pozuntular fərdi xarakter daşıyır və əgər göstərilən pozuntular yer alsa belə, məsuliyyət pozuntuya yol vermiş kuryerə nisbətdə tətbiq edilə bilər. Həmçinin qeyd etmək istəyirəm ki, “Volt” Market açıq satışı həyata keçirmir və marketdə saxlanılan əmtəələr yalnız müvafiq mobil tətbiq vasitəsi ilə sifariş edildikdən sonra, marketin işçiləri tərəfindən istifadəyə yararlı və müddəti keçməmiş malları istehlakçıya çatdırılması üçün partnyor kuryerə təhvil verilir. Məhkəmə iclasında "xxxx" MMC-nin nümayəndəsi və vəkili X5 şikayət ərizəsində göstərilən xüsusatlara uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, məhsulların saxlanılması üçün nəzərdə tutulmuş temperatur tərəflərindən təmin edilməməsi mümkün olan haldır, bu istifadə etdikləri ölçmə cihazlarının nasazlıqlarında və ya hər hansı başqa texniki xəta baş verdiyindən irəli gəlmiş ola bilər. "xxxx" MMC-nin fəaliyyəti onlayn şəkildə həyata keçirildiyindən, onlar tərəfindən istismara yararlı olmayan və ya son istifadə tarixi keçmiş məhsulların müştərilərə çatdırılması qeyri-mümkündür. Belə ki, "xxxx" MMC məhsulları vitrində nümayiş etdirib satmadığından, internet üzərindən sifariş qəbul edildikdən sonra həmin məhsulları müştərilərə çatdırılması üçün hazırlıq edərkən məsul işçi həmin məhsulların son istifadə tarixinin keçib-keçmədiyini yoxlayır və yalnız bundan sonra yararlı məhsulları sifarişçiyə çatdırmaq üçün hazır hala gətirir. Bununla da, sifariş edən şəxslərə son istifadə tarixi keçmiş məhsulların çatdırılması istisna edilir. Eləcə də, istismara yararlı olmayan məhsulların tərəflərindən məhv edilməmələrinin səbəbi, onların şirkətləri tərəfindən həmin yararsız məhsulların satıcılara geri qaytarılmasıdır. Beləliklə, son istifadə tarixi keçmiş məhsullar şirkət üçün boyük məbləğlərdə itkilərə səbəb olduqlarından, onlar satıcı şirkətə geri qaytarılır. Qeyd olunanları nəzərə alaraq, vermiş olduqları şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin etibarnamə üzrə nümayəndəsi X3 tərəflərindən tərtib edilmiş protokolu və onun əsasında qəbul edilmiş qərarı müdafiə edərək, məhkəmədən verilmiş şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını, şikayət ərizəsini, şikayətçinin və səlahiyyətli orqanın nümayəndəsinin izahatlarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan 24 iyun 2023-cü il tarixli yoxlama zamanı ticarət obyektinin satış vitrinlərində yararlılıq müddəti bitmiş hər biri 350 qr olan 2 ədəd “Ülker” əmtəə nişanlı çokokrem şokolad məhsulları, hər biri 1 litr olan 5 ədəd “Final” əmtəə nişanlı zeytun yağlı qarğıdalı yağı məhsulları aşkar olunmuşdur. Bununla da, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin tələbləri pozulmuşdur. Ticarət obyektində satışı həyata keçirilən “Царский Столичник” əmtəə nişanlı rus xardalı məhsullarının etiket məlumatlarında istehsalçı tərəfindən 0°C - +10°C tempeturda saxlanması qeyd olunmasına baxmayaraq, həmin məhsulların satış vitrinlərində +20.9°C temperaturda saxlanması faktı aşkar edilmişdir. Bununla da, Azərbaycan Respublikasının Qida təhlükəsizliyi Agentliyinin Kollegiyasının 3 noyabr 2020-ci il tarixli 19 nömrəli Qərarı ilə təsdiq edilmiş Qida məhsulları üzrə gigiyena tələblərinə dair qaydaların 2 nömrəli əlavəsinin 5.5-ci bəndinin tələbləri pozulmuşdur. Ticarət obyektinin satış zalında soyuducuda və soyuducu kamerada iadə məhsullarla istehlaka yararlı məhsulların bir yerdə saxlanıldığı müəyyən olunmuşdur. Bununla da, Qaydaların 2 nömrəli əlavəsinin 5.3-cü bəndinin tələbləri pozulmuşdur. Ticarət obyektinin satış və anbar sahələri temperatur və rütubətə nəzarət etmək məqsədilə “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yoxlamadan keçmiş ölçmə vasitələri ilə təchiz edilməmişdir. Bununla da, Qaydaların 2 nömrəli əlavəsinin 3.2-ci bəndinin tələbləri pozulmuşdur. Ticarət obyektinin satış zalında “Coca cola” əmtəə nişanlı qablaşdırılmış içməli suların ara məsafə gözlənilmədən birbaşa döşəmə üzərində və çirklənmədən mühafizə olunmayacaq şəkildə saxlanıldığı müəyyən edilmişdir. Bununla da, Qaydaların 2 nömrəli əlavəsinin 14.3-cü bəndinin tələbləri pozulmuşdur. Ticarət obyektində dərin dondurucuda idxal məhsulu olan “Sammontana” əmtəə nişanlı dondurmaların etiket məlumatları Azərbaycan dilinə tərcümə ilə təmin olunmamışdır. Bununla da, Qaydaların 2 nömrəli əlavəsinin 7.6-cı bəndinin və “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsinin tələbləri pozulmuşdur. Ticarət obyektindən sifariş olunan qida məhsulları daşınan nəqliyyat vasitəsindəki termoboxa baxış keçirilən zaman termoboxun daxili temperaturunun +27°C olduğu və qida məhsulları ilə qeyri ərzaq məhsullarının bir termoboxda mal qonşuluğu prinsipinə riayət olunmadan daşındığı müəyyən edilmişdir. Bununla da, Qaydaların 2 nömrəli əlavəsinin 5.5-ci və 5.3-cü bəndlərinin tələbləri pozulmuşdur. İş materiallarında olan 24 iyun 2023-cü il tarixli MN seriyalı ******* saylı protokoldan görünür ki, "xxxx" MMC-nin direktoru Margania Sergo barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan 12 iyul 2023-cü il tarixli MN seriyalı ******* saylı qərardan görünür ki, “Volt” marketdə qida daşınması zamanı temperatur və mal qonşuluğu prinsipi pozulmuşdur və buna əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 220.2 və 444.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər; 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında; 134.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir; 220.2. Yeyinti məhsullarının istehsalı, saxlanması, daşınması və satışı zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulmasına görə fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir. 444.1. Malların saxlanılması və ya satışı zamanı mal qonşuluğu qaydasının pozulmasına, yaxud temperatur rejiminə əməl edilməməsinə görə altı yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı aşkarlanmış nöqsanlara əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Beləliklə məhkəmə, iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin rəisi vəzifəsini müvəqqəti icra edən X4 tərəfindən qəbul edilmiş qərar qanunidir, həmin qərardan verilmiş şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin, həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: "xxxx" MMC-nin direktoru Sergo Margania barəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən tərtib edilmiş 12 iyul 2023cü il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-4114/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4114/2023
15.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver