Məhkəmə qərarları › İş №3(004)-4130/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4130/2025

18.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4130/2025 18.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X1 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsinin sahə inspektoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1993-cü il tarixdə Bərdə rayonu, Böyük Qəcər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Bərdə rayonu, Şirvanlı ə/d, Böyük Qəcər kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Bakı şəhəri Yasamal Polis İdarəsinin 27-ci Polis Şöbəsindən daxil olmuş 18 iyun 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs polisin qanuni tələblərinə tabe olmamış, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsinin sahə inspektoru X5 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixində Şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, YPX əməkdaşlarının raportu əsasında protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, özünü təqsirli bilmir, belə ki, 09 iyun 2025-ci il tarixdə Qələbə dairəsi istiqamətində heç bir qayda pozuntusu törətmədiyi halda polis əməkdaşları ona saxla əmri vermiş, əvvəlcə avtomobilinin ötürücü yaylarına baxış keçirmiş, ancaq hər şeyin qaydasında olduğunu gördükləri üçün avtomobilin arxa hissəsinə yaxınlaşaraq bu səfər də avtomobilin səs boğucusunu yoxlamış və özünün olmadığını bildirmişlər. O, nə qədər israr etsə də ki, avtomobilin özünə məxsusdur, ancaq polis əməkdaşları ona məhəl qoymamış və maşını duracağa yerləşdirmiş, ona da səhəri gün 30-cu otağa yaxınlaşmasını demişlər. Səhəri gün o, 30-cu otağa yaxınlaşmış və ona bildirmişlər ki, səs boğucu avtomobilə məxsus deyil, onu duracağa göndərmişlər, avtomobilin isə servisə yoxlanışa göndəriləcəyini bildirmişlər. Polis əməkdaşına yaxınlaşmış, o da bildirmişdir ki, bu işə baxan şəxs 2-ci gün işə gələcək. xx.xx.2025-ci il tarixdə polis əməkdaşına yaxınlaşmış, onunla birlikdə avtomobil improtikə aparılmış, orada əvvəlcə əməkdaş qazanın avtomobilə məxsus olduğunu bildirsə də, sonradan polisin müdaxilə edərək öz qazanı olmadığı yazılmasını bildirmiş, o isə müdaxilə etmək istəyərkən polis əməkdaşı ona səsini kəsməyini bildirmişdir. Oradan çıxdıqdan sonra avtomobil yenidən duracağa yerləşdirildi. Daha sonra barəsində cərimə qərarı çıxarıldı, o, həmin qərarı tələb etmiş, ancaq qərar ona təqdim edilmədi, daha sonra onun qolundan tutaraq bölməyə gətirdilər. Göstərilənləri nəzərə alaraq barəsində ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər BPİ-nin X15 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Alayı yol-patrul xidməti baş inspektoru X7 göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Şəxs idarə etdiyi avtomobili saxlamış, səs boğucusuna görə duracağa təmin etmişlər. Həmin şəxs onları sosial şəbəkələrdə paylaşaraq nalayiq ifadələr işlətmiş, sonra onlar da avtomobili improtexe yoxlamaq üçün bir yerdə aparmışlar. Şəxs orada səs-küy salmağa başlamış, xoşagəlməz ifadələr işlədərək diqqəti cəlb etməyə çalışsa da, onlar ona sakitləşməsini tələb etmiş, şəxs qanunsuz hərəkətlərinə davam etdiyinə görə PPX əməkdaşlarını çağıraraq onu bölməyə təmin etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər BPİ-nin X15 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Alayı yol-patrul xidməti inspektoru X3 digər şahid X4 dediklərini təsdiq edərək əlavə olaraq bildirmişdir ki, Şəxs qaçıb getməyə çalışarkən onlar ona mane olmuşlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında MN ******* saylı, 18 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs polisin qanuni tələblərinə tabe olmamış, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Şəxs polis şöbəsində verdiyi izahatdan görünür ki, o, məhkəmə iclasında verdiyi izahatla eyni məzmunlu izahat verərək özünü təqsirli bilmədiyini bildirmişdir. Portaldan çıxarışdan görünür ki, Şəxs xx.xx.2016-cı il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X9 adında övladları vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidlərin izahatları, tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs 17 iyun 2025-ci il tarixdə polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, məhkəmənin gəldiyi qənaət ondan ibarətdir ki, Şəxs AR İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hüdudları daxilində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə qeyd edir ki, Şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna almaması onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə Şəxs himayəsində azyaşlı uşaqlarının olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Həmçinin, məhkəmə Şəxs səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkəti davam etdirməsini məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır (İXM 33.1.1). Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli və həbsetmənin əvvəli 18 iyun 2025-ci il tarixdən, saat 17:00-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 08 gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 18 iyun 2025-ci il tarixdən, saat 17:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbs olunanların saxlanılma mərkəzinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar