Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4136/2023 24.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Barəsində qəbul edilmiş qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2023-cü il tarixli TP ******* nömrəli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2023-cü il tarixli TP ******* nömrəli qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı-Quba yolunun 16 km-də hərəkət edərkən sağ zolaqdan sol zolağa heç bir qayda pozuntusu etmədən keçmişdir. Arxadan yol polis əməkdaşı ona maşını saxlamağı əmr etmişdir, o da maşını sağa çəkib saxlamışdır. Polis əməkdaşı onunla kobud danışmış, üstünə qışqırmış, ona xuliqan demişdir. Daha sonra ona manevr edərkən dönmə nişanlarından istifadə etmədiyini söyləmişdir, o isə istifadə etdiyini bildirmişdir. X2 maşından düşüb qoruyucunu bərkitdikdən sonra, dönmə işıqları yanmağa başlamışdır, o isə qoruyucunun boşaldığını və onu düzəltdiyini bildirmişdir. Polis əməkdaşı fərqin olmadığını, ona protokol yazacağını bildirmişdir. O isə buna etiraz etmiş və şikayət edəcəyini bildirmişdir. Polis əməkdaşı şikayət edərsən deyərək, protokol yazmaq əvəzinə qanunsuz olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş və həmi qərarın sürətini ona verməmişdir. Qərarın sürəti ona çoxsaylı şikayətlərdən sonra xx.xx.2023-cü il tarixdə rəsmi şəkildə təqdim olunmuşdur. Məhkəmə iclasında ona verilmiş suala cavab olaraq M.Əsədov bildirmişdir ki, idarə etdiyi avtomobillə Sumqayıt şəhəri istiqamətində hərəkətdə olarkən yolun hərəkət hissəsinin sağ zolağından sol zolağına keçmişdir, bu zaman dönmə işığından istifadə etmişdir, lakin dönmə nişanının lampası işlək olmadığı üçün, yəni yanmadığından yol polisi əməkdaşları onun dönmə işıqından istifadə etmədən zolağı dəyişdirməsi qənaətinə gəlmişlər. Halbuki, o, dönmə işiğın işləmədiyini bilməmişdir. Qərarından şikayət verilmiş orqana qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, orqan məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə qərarından şikayət verilmiş orqanın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, şikayətə əlavə edilmiş X2 Baş Dövlət Yol Polis İdarəsinin 1-ci tağım YPX inspektoru, polis baş serjantı X3 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli TP ******* nömrəli qərarından görünür ki, X2 xx.xx.2023-cü il tarixdə 19:46-da Bakı-Quba 16km-də idarə etdiyi Mercedes Benz E220 CDİ minik markalı **-BB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərkət zolağına çıxmadan manevr etmişdir. Bu səbəbdən də, onun barəsində xx.xx.2023-cü il tarixli İXP ******* saylı protokol tərtib edilmiş həmin protokol üzrə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 (qırx) manat məbləğində cərimə edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinə əsasən “sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır”. Həmin qanunun 37-ci maddəsində mexaniki nəqliyyat vasitəsi sürücüsünün vəzifələri kimi - hərəkət zolağının dəyişməsi, dönmə, ötmə, hərəkətə başlama və dayanma ilə bağlı manevrlər edərkən, xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasaz olduqda isə, əl işarələri ilə digər hərəkət iştirakçılarını xəbərdar etmələri göstərilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Mübariz Əsədov özünə məxsus avtomobili ilə hərəkətdə olarkən sağ zolaqdan sol zolağa keçmişdir və bu manevri edərkən xarici işıq siqnallarının köməyindən istifadə etməmişdir və bununla da yuxarıda qeyd edilən qanunun tələblərini pozmuşdur. Hətta qəbul olunsa belə ki, avtomobildə xarici işıq siqnalı işlək olmamışdır onda sürücü qanunun ona verdiyi digər imkandan yəni “əl işarələri” ilə manevr etmək imkanından istifadə etməli idi, hansını ki, etməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Mübariz Əsədov həm məhkəmə iclasında, həm də şikayət ərizəsində sağ zolaqdan sol zolağa keçdiyini və bu zaman xarici işiq cihazının işləmədiyini bildirmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37ci maddəsində bir başa göstərilmişdir ki, sürücü yola düşməzdən qabaq nəqliyyat vasitələrinin istismara buraxılmasına dair bu Qanunun 1 saylı əlavəsinə uyğun olaraq, nəqliyyat vasitəsinin texniki cəhətdən sazlığını yoxlamalı və onu yol boyu təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə inzibati məsuliyyət yaradır. Məhkəmə hesab edir ki, X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından, şikayətin dəlilləri əsassızdır və Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2023-cü il tarixli TP ******* nömrəli qərarı qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2023-cü il tarixli TP ******* nömrəli qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-4136/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4136/2023
24.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver