Məhkəmə qərarları › İş №3(004)-4138/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4138/2025

04.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4138/2025 04.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X10 Məhəmməd qızının sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru Nümayəndə və Şəxs MMC-nin nümayəndəsi və vəkili Vəkil, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən tərtib edilmiş 10 iyun 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 16:57-də Bakı şəhəri, Yasamal rayonu, X12 Naxçıvani küçəsi, 23 ünvanında yerləşən Şəxs MMC-yə məxsus “Sakarya” Estetik Mərkəzdə keçirilən plandankənar yoxlama zamanı lisenziya olmadan praktik tibb fəaliyyəti ilə məşğul olması faktı aşkarlanmışdır. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, T-194 nömrəli plandankənar yoxlama aktı ilə təsdiq edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru Nümayəndə inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, cəmiyyətə qarşı irəli sürülən ittihamlar əsassızdır. Belə ki, vətəndaş Günel adlı xanım onların klinikasından şikayət etmişdir. Emil Ağakişiyev adlı şəxs saçında olan xəstəliyə əsasən onların klinikasına müraciət etmişdir. O maddi durumunun yaxşı olmadığını bildirmiş və onlar əllərindən gəldiyi qədər endirim endirib onun saçında olan xəstəliyi qısa müddətə bərpa edərək təbii yolla müalicə edəcəklərini demişlər. Daha sonra həmin şəxsin saçında olan problemin həll olunmuş, saçının yarısından çoxsu bərpa olunmuş, hətta ödəniş belə alınmamışdır. Buna baxmayaraq anası Günel xanım onların klinikasından şikayət etmişdir. O, həmin şəxsin saçını yalnız təbii bitkilərlə müalicə etdiyini bildirmişdir. Onlar lisenziya almaq üçün müvafiq hazırlıqlar gördüklərini bildirmişlər. Göstərilənləri nəzərə alaraq Şəxs MMC-nin barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi və vəkili Vəkil inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, cəmiyyətə qarşı irəli sürülən ittihamlar əsassızdır. Klinikida dermatoloq olaraq tibbi müdaxilə olmamışdır. Daxili müalicəylə bağlı dermotoloji xidmətlər göstərilməmişdir. Etdikləri müalicələr xalq təbabəti yolu ilə təbii bitkilər və yağlarla olmuşdur. Lisenziyanın alınması ilə bağlı da müvafiq hərəkətlər edilməyə başlanmışdır. Göstərilənləri nəzərə alaraq Şəxs MMC-nin barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsi X4 məhkəmə iclasında protokolda göstərilənlərə uyğun izahat verərək inzibati xəta törətmiş hüquqi şəxsin barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, dəriyə hər cür müdaxilə özəl tibb kosmetoloji fəaliyyətə aiddir. Belə ki iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X12 Naxçıvani küçəsi, 23 ünvanında yerləşən “X7” adlı təsərrüfat obyektində Şəxs MMCnin fəaliyyət göstərdiyi müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən plandankənar (növbəti) yoxlamanın keçirilməsi haqqında 3-28-1/3-2- 589/2025 nömrəli 03 iyun 2025-ci il tarixli qərardan görünür ki, Şəxs MMC-yə məxsus Bakı şəhəri, Yasamal rayonu, X12 Naxçıvani küçəsi, 23 ünvanında yerləşən təşkilatın fəaliyyətinin yoxlanılması məqsədilə, xx.xx.2025-xx.xx.2025-ci il tarixlərdə X9, AEM-nin Hüquq şöbəsinin baş hüquq məsləhətçisi, X6, AEM-nin Tibb Nəzarət şöbəsinin mütəxəssisi, X3, AEM-nin Tibb Nəzarət şöbəsinin mütəxəssisi tərəfindən həmin müəssisədə plandankənar (növbəti) yoxlama aparılması qərara alınmışdır. İş materiallarında olan Plandankənar Yoxlama haqqında 05 iyun 2025-ci il tarixli T- 194 nömrəli aktdan görünür ki, Şəxs MMC-də lisenziyasız özəl tibb fəaliyyəti aşkarlanmışdır. Qeyd hissədən görünür ki, vətəndaş X1 müraciəti ilə əlaqədar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarlaın maraqlarının müdafiəsi haqqında” AR-nın Qanununa müvafiq olaraq Bakı şəhəri, Yasamal rayonu, X12 Naxçıvani küçəsi, 23 ünvanında yerləşən “X7” adlı müəssisədə (Şəxs MMC-yə məxsus) plandankənar yoxlama küçirilmişdir. (05 iyun 2025-ci il -10 iyun 2025-ci il) Xidməti yoxlama zamanı Şəxs MMC-nin qanuni təmsilçisi Nümayəndə aidiyyatı üzrə rəsmi izahatı alınmışdır. Müəssisəyə baxış keçirilmişdir. Müəssisədə cari olaraq lisenziya olmadan özəl tibbi praktiki fəaliyyət ilə (dermatoloji və kosmetoloji) məşğul olması faktı aşkarlanmışdır. Nümayəndə “trixoloq” kimi fəaliyyət göstərir, əlavə olraq X5 "xxxx" tibbi fəaliyyət ilə məşğul olur. Müəssisəsədə bir sıra “dermatolji” və "xxxx" işə aid avadanlıqlar, vəsaitlər mövcuddur. Bununla bağlı fotoşəkillər çəkilmiş, iş materiallarına əlavə olunmuşdur. Şəxs MMC-nin lisenziya olmadan özəl praktik tibb fəaliyyəti ilə məşğul olması faktı ilə bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lisenziyalar və icazələr haqqında Azərbaycan Respublikasının Qanununa əsasən lisenziya – müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi üçün ərizəçiyə lisenziya verən orqan tərəfindən verilən rəsmi sənəddir. Qanunun 4.1-ci maddəsinə əsasən Lisenziya tələb olunan fəaliyyət növləri və icazələr (maliyyə bazarları sahəsində istisna olmaqla) yalnız bu Qanunla müəyyən edildikdən sonra müvafiq sahəni tənzimləyən Azərbaycan Respublikasının digər qanunlarında əks edilir. Lisenziya tələb olunan fəaliyyət növlərini və icazələri müəyyən edən bu Qanundan və müvafiq sahəni tənzimləyən Azərbaycan Respublikasının digər qanunlarından başqa hər hansı digər hüquqi aktda lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin, həmçinin müvafiq sahəni tənzimləyən Azərbaycan Respublikasının qanunlarından başqa hər hansı digər hüquqi aktda lisenziyaların və icazələrin alınmasından azadolma hallarının müəyyən olunmasına yol verilmir. Qanunun 1 nömrəli əlavəsinin Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısına əsasən Özəl tibb fəaliyyəti lisenziya tələb olunan fəaliyyət növüdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı"nın, "Tikintisinə icazə tələb olunan bina və qurğuların mühəndis-axtarış işlərinin Siyahısı"nın, "Tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərinin Siyahısı"nın və "Tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi üzrə işlərin Siyahısı"nın təsdiq edilməsi haqqında 15 may 2017-ci il tarixli 206 nömrəli qərarının 1 nömrəli əlavəsində Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin siyahısının Özəl tibb fəaliyyəti üzrə göstərilən xidmətlərə uyğun görülən işlər bölməsinin 2.13.2-ci bəndinə əsasən kosmetoloji işlər lisenziyalaşdırılan işlər siyahısına daxildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 210.1-ci maddəsinə əsasən, Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə-fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə prosesində Azərbaycan Respublikasının İXM-nin 32-ci və 33-cü maddələrinə əsasən Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 210.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC (VÖEN:**********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 20.000 (iyirmi min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar