Məhkəmə qərarları › İş №3(004)-4152/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4152/2024

17.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4152/2024 17.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin hüquqşünası, etibarnamə üzrə nümayəndəsi X2, Azərbaycan Respublikasının Mərkəzi Bankının etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə EP ******* nömrəli 8 avqust 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, «AGT TRADİNG” MMC 1********.00 Rusiya rublu məbləğində vəsaiti 6 iyul 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 1********.00 Rusiya rublu məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 7 iyul 2024-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati protokol tərtib etmiş orqanın nümayəndəsi X3 tərtib dilmiş inzibati protokolu müdafiə etdiyini və müvafiq qərarın qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X5 barələrində tərtib edilmiş protokola etiraz edərək, bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Şəxs MMC “SOLİD-Commodity Markets” Səhmdar Cəmiyyəti ilə CTP/xx-xx-2022/AGT nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin xx.xx.2022-ci il tarixli 002 nömrəli Əlavəyə əsasən Şəxs MMC “SOLİD-commodity markets” Səhmdar Cəmiyyətindən malın 1 (bir) tonun dəyəri 47.766 (qırx yeddi min yeddi yüz altmış altı) Rusiya rublu olmaqla, ümumi 119.415.000 (bir yüz on doqquz million dörd yüz on beş) Rusiya rubl dəyərində 2.500 (iki min beş yüz) ton Gasoline 95 class K5 (benzin 95) malını əldə etmişdir. Tərəflərin razılaşmalarına əsasən (2 nömrəli xx.xx.2022-ci il tarixli hesab fakturasına əsasən) malın dəyəri xx.xx.2022-ci il tarixədək tam şəkildə Şəxs MMC tərəfindən ödənilməlidir. xx.xx.2022-ci il tarixdə Şəxs MMC malın dəyəri, yəni 119.415.0 Rusiya rublu “SOLİD-Commodity Markets" Səhmdar Cəmiyyətinə tam şəkildə ödəmişdir (xx.xx.2022-ci il tarixli OX4 nömrəli ödəniş tapşırığı). Həmçinin, xx.xx.2022-ci il tarixdə Şəxs MMC ilə "xxxx" DMCC Şirkəti arasında AGT/MX-050722 nömrəli neft məhsulunun alqı-satqı müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən "xxxx" DMCC Şirkəti Şəxs MMC-dən malın 1 (bir) tonun dəyəri 945 (doqquz yüz qırx beş) ABŞ dolları və ya 1606,50 (bir min altı yüz altı manat əlli qəpik) Azərbaycan manatı olmaqla, ümumi 2.409.750 (iki million dörd yüz doqquz min yeddi yüz əlli) ABŞ dolları (4.096.575 (dörd million doxsan altı min beş yüz yetmiş beş) Azərbaycan manatı məzənnəsi ilə) dəyərində 2500+-10% (bir min səkkiz yüz +- on faiz) ton Gasoline 95 class K5 (benzin 95) malını əldə etmişdir. Şəxs MMC müqavilə şərtlərinin icrası üçün "xxxx" DMCC Şirkətə “Solid-Commodity Markets” Səhmdar Cəmiyyətindən alınmış malın satılmasını nəzərdə tutmuşdur. Nəticədə Şəxs MMC tərəfindən "xxxx" DMCC Şirkətinə malı çatdırmışdır. "xxxx" DMCC Şirkəti isə tərəflərin razılaşmasına əsasən xx.xx.2022-ci il tarixdə Şəxs MMC- yə cəmi 2 409.750 (iki million dörd yüz doqquz min yeddi yüz əlli) ABŞ dolları (4.096.575 (dörd million doxsan altı min beş yüz yetmiş beş) Azərbaycan manatı məzənnəsi ilə) alınmış malın dəyərin ödəniş etmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı öz protokolunda AR İnzibati Xətalar haqqında Məcəlləsinin 430.4-cü maddəsinə istinad edərkən, tərəfimizdən avans yolu ilə xarici valyutada alınmış malın idxal edilməməsində və ya həmin malına görə ödənilmiş məbləğində geri qaytarılmamasında Şəxs MMC barədə şikayətləndirsə də, bu hal həqiqətə uyğun deyil. Çünki yuxarıda qeyd edilmiş hadisələr bunu əks etdirir. Şəxs MMC müvafiq malın “Solid-Commodity Markets” Səhmdar Cəmiyyətindən alaraq, daha sonra həmin malın müəyyən hissəsini "xxxx" DMCC Şirkətinə sataraq, "xxxx" DMCC Şirkəti isə öz növbədə bu malın dəyərini əvvəlki dəyərindən daha çox ödəməklə, Şəxs MMC tərəfindən alınmış malına görə ödənilmiş məbləğin ölkəmizə daha yüksək ekvivalentlə qayıtmasını sübuta yetirir. Bütün bunları nəzərə alaraq barələrindən başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını tədqiq edib, qanunvericiliyin aşağıda qeyd olunan tələblərinə əsaslanaraq hesab edir ki, inzibati xəta hadisəsi olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır; 53.0 və 53.0.1-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İş materiallarında olan EP ******* nömrəli 8 avqust 2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, «AGT TRADİNG” MMC 1********.00 Rusiya rublu məbləğində vəsaiti 6 iyul 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 1********.00 Rusiya rublu məbləğində vəsait hesabına alınan malları(xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 7 iyul 2024-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli xaricə köçürməyə dair ödəniş tapşırığından görünür ki, Şəxs MMC tərəfindən xx.xx.2022-ci ildə “Solid-Commodity Markets” Səhmdar Cəmiyyətinin hesabına qabaqcadan 1********.00 Rusiya rublu məbləğində ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli AGT/MX-050722 sayı müqavilədən görünür ki, alıcı adlanan "xxxx" DMMC şirkəti ilə satıcı adlanan «AGT TRADİNG” MMC razılığa gəlmişdirlər ki, satıcının “Solid-Commodity Markets” Səhmdar Cəmiyyəti ilə aralarında olan müqaviləyə əsasən ondan alacağı məhsulu alıcıya satmaq, alıcı isə həmin məhsulu qəbul edəcəyi və onun dəyərini alıciya ödəyəcəyini bəyan etmişlər. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" DMMC şirkəti tərəfindən xx.xx.2022-ci ildə Şəxs MMC-nin hesabına 2.409.750,00 (iki milyon dörd yüz doqquz min yeddi yüz əlli) ABŞ dolları məbləğində ödəniş edilmişdir. İXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilmişdir. Həmin maddənin dispozisiyasında qeyd edilmiş əməlin formal cəhətdən mövcudluğu, yəni avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması özü-özlüyündə heç də şəxsin əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcudluğunu ehtiva etmir. Belə ki, həmin əməlin mövcudluğunda MMC-nin təqsiri müəyyən edilməlidir. Əgər təqsir vardırsa, onda inzibati məsuliyyət mövcud olur. Əgər təqsir yoxdursa, onda inzibati xəta mövcud olmur. Buna görə də məhkəmə qeyd edir ki, inzibati xəta əlamətlərinin formal mövcudluğu, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün yetərli deyildir. İnzibati xəta əlamətləri formal cəhətdən mövcuddursa da, həmin xətanın törədilməsində MMC-nin təqsiri müəyyən edilməlidir. Təqsirsiz olaraq və ya şəxsin iradəsindən asılı olmayaraq baş vermiş nöqsan, şəxsin inzibati məsuliyyətinə səbəb ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, inzibati işin məhkəmə araşdırması zamanı yuxarıda qeyd edilən mötəbər sübutlara və işin hallarına uyğun olaraq müəyyən edilmişdir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə Şəxs MMC “SOLİD- Commodity Markets” Səhmdar Cəmiyyəti arasında CTP/xx-xx-2022/AGT nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin xx.xx.2022-ci il tarixli 002 nömrəli Əlavəyə əsasən Şəxs MMC “SOLİD-Commodity Markets” Səhmdar Cəmiyyətindən malın 1 (bir) tonun dəyəri 47.766 (qırx yeddi min yeddi yüz altmış altı) Rusiya rublu olmaqla, ümumi 119.415.000 (bir yüz on doqquz million dörd yüz on beş) Rusiya rubl dəyərində 2.500 (iki min beş yüz) ton Gasoline 95 class K5 (benzin 95) malını əldə etmişdir. Tərəflərin razılaşmalarına əsasən (2 nömrəli xx.xx.2022-ci il tarixli hesab fakturasına əsasən) malın dəyəri xx.xx.2022-ci il tarixədək tam şəkildə Şəxs MMC tərəfindən ödənilməlidir. Ona görə də xx.xx.2022-ci il tarixdə Şəxs MMC malın dəyərini, yəni 119.415.0 Rusiya rublu “SOLİD-Commodity Markets" Səhmdar Cəmiyyətinə tam şəkildə ödəmişdir (xx.xx.2022-ci il tarixli OX4 nömrəli ödəniş tapşırığı). Digər tərəfdən xx.xx.2022-ci il tarixdə Şəxs MMC ilə "xxxx" DMCC Şirkəti arasında AGT/MX-050722 nömrəli neft məhsulunun alqı-satqı müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən "xxxx" DMCC Şirkəti Şəxs MMC-dən malın 1 (bir) tonun dəyəri 945 (doqquz yüz qırx beş) ABŞ dolları və ya 1606,50 (bir min altı yüz altı manat əlli qəpik) Azərbaycan manatı olmaqla, ümumi 2.409.750 (iki million dörd yüz doqquz min yeddi yüz əlli) ABŞ dolları (4.096.575 (dörd million doxsan altı min beş yüz yetmiş beş) Azərbaycan manatı məzənnəsi ilə) dəyərində 2500+-10% (bir min səkkiz yüz +- on faiz) ton Gasoline 95 class K5 (benzin 95) malını əldə etmişdir. Şəxs MMC müqavilə şərtlərinin icrası üçün "xxxx" DMCC Şirkətinə “Solid-Commodity Markets” Səhmdar Cəmiyyətindən alınmış malın satılmasını nəzərdə tutmuşdur. Nəticədə Şəxs MMC tərəfindən "xxxx" DMCC Şirkətinə aldlğı malı çatdırmışdır. "xxxx" DMCC Şirkəti isə tərəflərin razılaşmasına əsasən xx.xx.2022-ci il tarixdə Şəxs MMC- yə cəmi 2 409.750 (iki million dörd yüz doqquz min yeddi yüz əlli) ABŞ dolları (4.096.575 (dörd million doxsan altı min beş yüz yetmiş beş) Azərbaycan manatı məzənnəsi ilə) alınmış malın dəyərində ödəniş etmişdir. Beləliklə, Şəxs MMC tərəfindən 6 iyul 2022-ci il tarixdə xaricə köçürülmüş məbləğin eyni tarixdə köçürülmüş məbləğdən daha artıq miqdarda pul vəsaiti Azərbaycan Respublikasına geri qaytarılmış olmuşdur və bu hal iş üzrə mötəbər sübutlarla öz təsdiqin tapır. Başqa sözlə desək hazırda barəsində inzibati protokol tərtib edilmiş hüquqi şəxs 119.415.000 (bir yüz on doqquz million dörd yüz on beş) Rusiya rubl dəyərində 2.500 (iki min beş yüz) ton Gasoline 95 class K5 (benzin 95) aldığı malın dəyəri qarşılığında "xxxx" DMCC Şirkəti tərəfindən 2 409.750 (iki million dörd yüz doqquz min yeddi yüz əlli) ABŞ dolları (4.096.575 (dörd million doxsan altı min beş yüz yetmiş beş manat Azərbaycan manatı məzənnəsi ilə) məbləğində pul vəsaiti Şəxs MMC-nin bank hesabına daxil olmuşdur. Bu hal yuxarıda iş materiallarına əlavə edilmiş sənədlərlə tam təsdiq edilir. Həmin sübutların hüquqazidd olması, saxta olması, həmin sənədin sübut kimi qəbul edilməsini təkzib edən və ya şübhə altına alan hər hansı bir hal müəyyən edilmədiyindən, həmin sənədlərin surətlərindən müəyyən edilir ki, inzibati xəta hadisəsi mövcud deyildir. Formal cəhətdən mövcud olan əməldə şəxsin təqsirinin mütləq müəyyən edilməli olması Konstitusiya Məhkəməsinin də qərarlarında öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Konstiusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair” xx.xx.2020-ci il tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsinin valyuta əməliyyatlarına nəzarətin effektivliyinin artırılması, beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması məqsədinə xidmət edən 430.4-cü maddəsi ilə də avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malların idxal edilməməsi, işlərin görülməməsi və ya xidmətlərin göstərilməməsi halında ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilərək həmin əməli təqsirli olaraq törədən şəxslər üçün inzibati hüquqi məsuliyyət müəyyən edilmişdir. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, qanunverici tərəflərə müqavilə azadlığı və onun şərtlərinin müəyyənləşdirilməsində sərbəstlik versə də, onlar tərəfindən bağlanılan müqavilə qanunla və digər hüquqi aktlarla müəyyənləşdirilmiş və tərəflər üçün məcburi olan imperativ xarakterli qaydalara uyğun olmalıdır. Bu zaman qanunverici həm tərəflərin, həm dövlətin və ictimai münasibətlərin ümumi maraqlarından çıxış etmiş olur. Bundan başqa, idxalda hesablaşmalarla bağlı müddət tələbinə əməl edilməməsi hələ özlüyündə inzibati tənbeh tədbirinin tətbiqi üçün kifayət edən əsas kimi çıxış etmir. Bununla bağlı Konstiusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” 2019-cu il 19 dekabr tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Göründüyü kimi Konstitusiya Məhkəməsinin qərarındada göstərilmişdir ki, valyuta məbləğinin xaricdən ölkəyə gətirilməsi ilə bağlı müəyyən edilmiş müddətlərə əməl edilməməsi özü-özlüyündə inzibati xəta tərkibi yaranması üçün kifayət etmir. Valyutanın geri qaytarılmaması səbəbi araşdırılmalı, şəxsin təqsiri müəyyən edilməlidir. Təqsirin əhəmiyyəti vardır. Təqsir yoxdursa, inzibati məsuliyyət yarana bilməz. Şəxsin əməlində inzibati xətanın elementlərindən olan obyektiv və subyektiv cəhətlər yoxdur. Belə bir vəziyyətdə şəxsin inzibati xətanın törədilməsində qəsdinin və ya ehtiyatsızlığının nədən ibarət olmasına dair də sübut təqdim edilməmişdir. Ümumiyyətlə bunları təsdiq edən sübut toplamamışdır. Şəxsin əməlində inzibati xətanın elementlərindən olan obyektiv və subyektiv cəhətlər yoxdur. Belə bir vəziyyətdə şəxsin inzibati xətanın törədilməsində qəsdinin və ya ehtiyatsızlığının nədən ibarət olmasına dair də sübut təqdim edilməmişdir. Ümumiyyətlə bunları təsdiq edən sübut toplamamışdır. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X4 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti həmçinin İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi həmin Məcəllədən ibarətdir. İXM-nin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. İXM-in İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmədə müəyyən edilmiş yuxarıda qeyd edilən işin halları və sadalanan normalara əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə və protokolda təqsirli bilindiyi İXM-in maddəsi üzrə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, protokolda göstərilən İXM-in maddəsi üzrə inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Bu barədə sübutlar kifayət etmir. Şübhələr və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll etməlidir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXMnin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: «AGT TRADİNG” MMC barəsində tərtib olunmuş EP ******* nömrəli 8 avqust 2024-cü il tarixli inzibati xəta haqqında protokola dair Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar