Məhkəmə qərarları › İş №3(004)-4161/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-4161/2020

04.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-4161/2020 04.12.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib edən Yasamal RPİ-nin 29-cu Polis Bölməsinin polis sahə inspektoru X6, zərərçəkmiş şəxs X1, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X3, xx xxxx 1975-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 V ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 227 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal RPİ-nin 29-ci Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 227 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal RPİ-nin 29-cu Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal RPİ-nin 29-cu Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materialdan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə anası X4 ilə birlikdə yaşadığı ünvan 1V ünvanından 400 manat dəyərində olan paltaryuyan maşını oğurlamışdır. Bundan əlavə o xx xxxxxx 2020-ci il tarixdə yaşadığı ünvanın qarşısında polis əməkdaşları ilə mübahisə edərək, əlində olan kəsici alətlə özünə xəsarət yetirəcəyi ilə sahə inspektorunu hədələyərək, polis şöbəsinə gəlməkdən qərəzli olaraq imtina edib polis əməkdaşının qanuni tələbinə tabe olmamışdır. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 227 və 535-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhər Yasamal RPİ-nin 29-cu PŞ-nin polis sahə inspektoru X9 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə anası X4 ilə birlikdə yaşadığı ünvan 1V ünvanından 400 manat dəyərində olan paltaryuyan maşını oğurlamışdır. Bundan əlavə o xx xxxxxx 2020-ci il tarixdə yaşadığı ünvanın qarşısında polis əməkdaşları ilə mübahisə edib, əlində olan kəsici alətlə özünə xəsarət yetirəcəyi ilə sahə inspektorunu hədələyib, polis şöbəsinə gəlməkdən qərəzli olaraq imtina edib qaçaraq polis əməkdaşının qanuni əmrinə tabe olmamışdır. Yasamal RPİ-nin 29-ci PB-nin təhqiqatçısı Tural Abdullayevin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Qəbul edilmiş qərarlar əsasında Şəxs barəsində xx xxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Odur ki, o, Şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək göstərdi ki, uzun müddətdir narkomaniya xəstəliyindən əziyyət çəkir. Həmin gün narkotik vasitə almaq üçün pula ehtiyacı olduğundan anası Zəhra Allahveriyeva ilə yaşadığı ünvan 1V ünvanından 400 manat dəyərində olan paltaryuyan maşını oğurlamışdır. Buna görədə anası DİN-nin 102 xidmətinə müraciət etmiş və xx xxxxxx 2020-ci il tarixdə polis əməkdaşları onun yaşadığı evin qarşısına gələrək onu Polis Bölməsinə dəvət etmişlər. Bu zaman o polisin qanuni tələbinə tabe olmayaraq Polis Bölməsinə getməkdən imtina etmişdir. Yekun olaraq o məhkəmədən onun 2-ci qrup əlil olmağını, etdiyi əməldən peşman olmasını nəzərə alaraq yüngül inzibati tənbeh tədbirinin tədbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X5 Şəxs barəsində yüngül inzibati tənbeh tədbirinin tədbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X4 izahatında və məhkəməyə təqdim etdiyi yazılı ərizəsində göstərdi ki, Şəxs onun oğludur. Vüqar üzün müddətdir ki, müxtəlif narkotik vasitələrdən istifadə edir və dəfələrlə narkotik vasitənin təsiri altında olaraq onu döymüşdür. Bundan əlavə ona məhkəmədə məlum olmuşdur ki, onun şikayəti əsasında Vüqar barədə İXM-nin 227 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş əməli törətdiyi yəni, onun yaşadığı evdən 400 manat dəyərində olan paltaryuyan maşını oğurladığı və polisin qanuni tələbinə tabe olmadığı üçün protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Lakin Vüqar 400 manat dəyərində olan paltaryuyan maşınından əlavə müxtəlif vaxtlarda hərəsinin dəyəri 100 manatdan artıq olan 2 ədəd xalcanı, dəyəri 300 manat olan bir ədəd jurnal stolunu, dəyəri 500 olan bir ədəd olan qab dəstini və bundan əlavə müxtəlif məişət avadanlıqlarını oğurlamışdır. Həmin oğurluqlarla bağlı o dəfələrlər AR DİN 102 xidmətinə məlumat verməsinə baxmayaraq məhkəməyə göndərilən sənədlərdə yalnız 400 manat dəyərində olan paltaryuyan maşının oğurlaması öz əksini tapmışdır, Vüqarın onu dəfələrlə döyməsi, narkotik maddədən istifadə etməsi və digər oğurluq əməlləri barədə heç bir araşdırma aparılmamışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində onun Azərbaycan Respublikasının İXMnin 227 və 535.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətməsi barədə tərtib olunmuş xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol düzgün tərtib edilməmiş, təqdim edilmiş materiallar natamam olmuşdur ki, işə baxılarkən tamamlanması mümkün deyildir. İş materiallarında olan cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, ünvan 3 ünvanında yaşayan X4 DİN-nin 102 xidmətinə müraciət edərək, narkotik vasitə istifadəçisi olan, birlikdə yaşadığı övladı, Şəxs evdən 400 manat dəyərində olan paltaryuyan maşının oğlurlanmasını bildirdiyindən aparılmış araşdırma nəticəsində qeyd edilən faktda cinayət hadisəsi müəyyən olunmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin “Qeyd” hissəsinə əsasən, həmin Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. 177-ci maddənin “Qeyd” hissəsinin 3-cü bəndinə əsasən bu Məcəllənin 177—183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177—183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən eyni maddə ilə nəzərdə tutulan cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab olunur. 16.3-cü maddəyə görə əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən məcəllənin eyni maddəsilə nəzərdə tutulmuş və ya həmin məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab olunur. Göründüyü kimi, CM-nin 177.2.2-ci maddəsilə nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Şəxs 500 manatdan az, lakin 100 manatdan artıq miqdarda ziyan vurmaqla törətdiyi sadə oğurluğa görə inzibati məsuliyyətə cəlb edilməmişdirsə həmin sadə oğurluğu törətdikdən sonra iki il keçməmiş yenidən oğurluq törətdikdə onun əməli CM-nin 177.2.2-ci maddəsilə tövsif edilməlidir. Hazırki iş üzrə zərərçəkmiş şəxs X1 məhkəməyə verdiyi izahatında olan göstərdiyi hallar araşdirilmalı və Şəxs əməlində cinayət tərkibinin olub-olmaması müəyyən edilməlidir. Hazırki materiallarda səlahiyyətli orqan tərəfindən zərərçəkmiş şəxsin məhkəmə iclasında göstərdiyi məlumatlara qiymət verilmədiyindən və həmin əməlləri araşdırıb onlara qiymət vermək isə müvafiq səlahiyyətli orqanın vəzifələrinə aid olduğundan məhkəmə hesab edir ki, səlahiyyətli orqan tərəfindən tam araşdırma aparılmamış və kifayət gədər sübut toplanılmamışdır. İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edilməsi aşkar olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, sanksiyasında inzibati həbs növü nəzərdə tutulan, yəni dərhal baxılmalı olan işə məhkəmədə baxılarkən mövcud natamamlıqları tamamlamaq mümkün olmadığı üçün inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Yasamal RPİ-nin 29-ci PŞ-nə qaytarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, qəbul edilmiş qərarın surəti məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Yasamal rayon prokuroruna göndərilməlidir. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 106- 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227 və 535.1-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin 29-ci Polis Şöbəsinə geri qaytarılsın. Qəbul edilmiş qərarın surəti məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Yasamal rayon prokuroruna göndərilsin. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar