Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4170/2025 08.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Mirzəyev Çingiz Rövşən oğlunun katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs "xxxx" MMC-nin vəzifəli şəxsi X3 vəkili Bakı şəhəri 12 saylı Vəkil Bürosunun X4 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin vəzifəli şəxsi X7 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin barəsində qəbul etdiyi xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət edərək onun ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X6 şəxsin barəsində inzibati protokolu və inzibati tənbeh vermə haqqında qərarı tərtib edərkən pozuntu ilə tərtib etmişdir. Belə ki, protokol və qərar Azərbaycan Respublikasının İXM 555.3-cü maddəsinə istinadən hazırlanmışdır, lakin həmin maddə 11 aprel 2025-ci il tarixli 178-VİİQD nömrəli Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə artıq qüvvədən düşmüşdür. Qanuna əsasən məsuliyyət yalnız qüvvədə olan maddəyə görə tətbiq oluna bilər. Bu səbəbdən Azərbaycan Respublikasının İXM 555.3-cü maddəsinə münasibətdə “İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması qaydalarının pozulması” X7 tərəfindən pozulmamışdır. Bundan əlavə, xx.xx.2024-cü il tarixdə X5 "xxxx" MMC-yə məxsus aptekində iş vaxtı xəsarət alınması ilə bağlı heç bir sübut yoxdur. X5 izahat ilə müraciət etmişdir ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinə kimi işə gəlməməyinin səbəbi yıxılıb diz qapağından aldığı ciddi zədə olmuşdur. Lakin həmin xəsarətin iş yerində olub-olmamasını qeyd etməmişdir. Şirkət tərəfindən tam araşdırma olmuşdur və nəticədə xəsarətin iş yerində olmaması qənaətinə gəlinmişdir. Məhkəmə iclasında X3 vəkili X8 şikayətdə göstərilənlərə uyğun izahat verərək bildirmişdir ki, X6 Xidməti tərəfindən X1 barəsində xx.xx.2025-ci il tarixdə çıxarılmış inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassızdır. Şikayətində qeyd olunanları nəzərə alaraq şikayətin təmin edilməsini xahiş etdi. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə inzibati orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib və iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməli, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan X6 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarında qeyd olunur ki, işəgötürən X7 tərəfindən Cəmiyyətin işçisi X2 xx.xx.2024-cü il tarixdə iş vaxtı xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin baş vermə faktı gizlədildiyi üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və həmin maddə üzrə təqsirli bilinərək 2200 (iki min iki yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, hadisə xx.xx.2024-cü il tarixdə baş vermiş və bu barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsi xx.xx.2025-ci il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Xidmət tərəfindən xx.xx.2025-ci il tarixli qərarla S.Calalovanın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə S.Calalovanın barəsində 2200 (iki min iki yüz) manat məbləğində cərimə tənbeh növünün tətbiq edilməsi qərarı alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 11 aprel 2025-ci il tarixli 178- VİİQD nömrəli Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə 2.39.2-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.3-cü maddəsi ləğv edilmişdir. Beləliklə, yuxarıda qeyd edilən qanunla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.3-cü maddəsi ləğv edildiyindən X3 inzibati məsuliyyətini nəzərdə tutan X6 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin Vİİİ bəndində qeyd edilmişdir ki, heç kəs törədildiyi zaman hüquq pozuntusu sayılmayan əmələ görə məsuliyyət daşımır. Hüquq pozuntusu törədildikdən sonra yeni qanunla bu cür hərəkətlərə görə məsuliyyət aradan qaldırılmışsa və ya yüngülləşdirilmişsə, yeni qanun tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddə Vİİ bəndinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.2-ci maddəsinə əsasən İnzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. Həmin Məcəllənin 11.3-cü maddəsində qeyd edilir ki, İnzibati xətalara görə məsuliyyət müəyyən edən və ya məsuliyyəti gücləndirən normativ hüquqi aktların geriyə qüvvəsi yoxdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.5-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılan vaxt inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Digər tərəfdən iş materiallarından müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsi X7 tərəfindən İXM-in 555.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi 14 yanvar 2024-cü il tarixdə törədilmiş və buna baxmayaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətiin vəzifəli şəxsi X7 barəsində İXM-in 555.3-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Sözügedən inzibati xəta haqqında protokol əsasında toplanmış material isə məhkəməyə 19 iyun 2025-ci il tarixdə daxil olmuşdur. Göründüyü kimi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən İXM-in 555.3-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material məhkəmənin icraatına daxil olan zaman "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsi X7 barəsində iş üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Bu mənada qeyd edilməlidir ki, İXM-in 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İXM-in 555.3-cü maddəsi həmin Məcəllənin “idarəçilik qaydaları əleyhinə olan inzibati xətalar” fəslinə (Fəsil 39) aiddir və həmin fəsil üzrə müəyyən edilmiş inzibati xətalar üzrə təyin ediləcək inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 04 (dörd) ay keçənədək verilə bilər. Belə olan halda aydın olur ki, inzibati xətanın törədildiyi gündən, yəni 14 yanvar 2024cü il tarixdən sözügedən materialın məhkəməyə daxil olduğu vaxtadək, yəni 19 iyun 2025-ci il tarixədək 04 (dörd) aydan artıq müddət keçmişdir. İXM-in 53.1.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Yuxarıda sadalananları tətbiq edərək məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.5-ci maddəsinə əsasən ləğv olunmalı, X7 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 115, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-4170/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4170/2025
08.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver