Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-4171/2022 22.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsmayılzadə Turan Tahir qızının katibliyi, Bakı şəhəri Yasamal RPİ-nin 27-ci polis bölməsinin polis sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1996-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal RPİ-nin 27-ci polis bölməsinin polis sahə inspektoru X2 tərəfindən Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə xx.xx.2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs bildirdi ki, o polis bölməsində olarkən, polis sahə inspektoru onun barəsində inzibati iş açılmalı olmasını bildirmiş, o isə polis nəfərindən vəkillə təmin edilməsini xahiş etmişdir. Həmçinin bildirmişdir ki, maddi imkanı olmadığı üçün özü vəkil tuta bilmir. Lakin polis sahə inspektoru onun bu hüququnu təmin etməmiş və onu dövlət hesabına vəkillə təmin etmədən barəsində inzibati xəta üzrə sənədləşdirmə aparmış, protokol tərtib etmişdir, ona görə də onun müdafiə hüququ pozulmuşdur. Məhkəmə iclasında Bakı şəhəri Yasamal RPİ-nin 27-ci polis bölməsinin polis sahə inspektoru X2 bildirdi ki, Şəxs vəkillə təmin olunmasını tələb etməmiş sadəcə ona vəkildən imtina etməsi üçün ərizə təqdim edilmiş o isə həmin ərizəni imzalamaqdan imtina etmişdir. Məhkəmə təqdim edilmiş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol və materialları araşdıraraq hesab edir ki, protokol geri qaytarılmalıdır. Belə ki, müəyyən edildi ki, inzibati xəta haqqında iş üzrə icraata başlandığı andan şəxsin vəkillə təmin edilmək hüququ pozulmuşdur. İXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələrindən biri də şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan ibarətdir. İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. İXM-nin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Göründüyü kimi inzibati xəta haqqında iş üzrə icraata başlandığı andan vəkilin iştirakı tələb edildiyi təqdirdə səlahiyyətli orqan (vəzifəli şəxs) şəxsin bu hüququnu təmin etməlidir. Həmin andan bu hüququn səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təmin edilməməsi, şəxsin qeyd edilən hüququnun pozulması ilə nəticələnir. Şəxsin vəkilə malik olmaq hüququnun pozulması ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmədə baxılması nəticəsində, məhkəmə tərəfindən onun vəkil hüququ təmin edilsə də, şəxsin məhkəməyə qədərki vəkilə malik olmaq hüququ pozulmuş şəkildə qalır və bu pozuntu ilə tərtib edilmiş protokol prosessual pozuntulara yol verilməklə düzgün tərtib olunmamış hesab edilir. Ona görə də şəxsin inzibati xəta haqqında iş üzrə icraata başlandığı andan vəkillə təmin edilmək hüququ təmin edilməsi üçün iş geri qaytarılmalıdır. İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 109, 114-cü maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında iş üzrə toplanmış material Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinə geri qaytarılsın. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-4171/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-4171/2022
22.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver