Məhkəmə qərarları › İş №3(004)-4179/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4179/2024

29.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4179/2024 29.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Barəsində inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ 22998870 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ 22998870 saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin qərarın ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, sərəncamında olan KİA K5 minik markalı **-MG- *** dövlət qeydiyyat nömrəli avtonəqliyyat vasitəsi ilə taksi nişan tələbi olan dayanacaqda dayandığı zaman yol patrul əməkdaşı cərimə tətbiq etmişdir. O, taksi fəaliyyəti ilə məşğuldur və bununla bağlı bütün sənədləri qaydasındadır. Bunu nəzərə alaraq Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ 22998870 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X3 şikayətin məzmununa uyğun çıxış edərək xx.xx.2024-cü il tarixli, EQ 22998870 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş qərarından şikayət verilmiş orqan məhkəmə iclasında öz nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə qərarından şikayət verilmiş orqanın iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ 22998870 saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 tərəfindən KİA K5 minik markalı **-MG-*** dövlət qeydiyyat nömrəli avtonəqliyyat vasitəsi ilə 15 avqust 2024-cü il tarixdə C.Cabbarlı küçəsi ünvanında taksi duracaqlarında taksi minik avtomobili olmayan nəqliyyat vasitələrinin dayanmasına və durmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.6-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş “taksi ilə sərnişindaşıma fəaliyyəti göstərən avtonəqliyyat vasitələri üçün xx.xx.2024-cü il tarixli fərqlənmə nişanından görünür ki, X3 “Kia K5” minik markalı, **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə ********** nömrəli VÖEN vasitəsilə taksi fəaliyyəti üçün qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, T014264 nömrəli şəhadətnamədən görünür ki, X3 taksi minik avtomobilinin sürücüsü etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli TDK19976 nömrəli “taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış kartından” görünür ki, AYNA tərəfindən X2 “Kia K5” minik markalı, **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhərində taksi minik avtomobilləri ilə sərnişin daşınması fəaliyyətinə buraxılış verilmişdir və etibarlılıq müddəti xx.xx.2031-ci il tarixədəkdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.6. Taksi duracaqlarında taksi minik avtomobili olmayan nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə qırx manat məbləğində cərimə edilir.. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə araşdırılması zamanı şikayətçi tərəfindən təqdim edilmiş rəsmi sənədlərdən məlum olmuşdur ki, İnzibati xəta hadisəsinin törədildiyi iddia edilən vaxtda X3 müvafiq qurumlardan razılıq almaq yolu ilə özünə məxsus “Kia K5” minik markalı, **-MG- *** dövlət qeydiyyat nişanlı avtomobili ilə xx.xx.2024-cü il tarixdən xx.xx.2031-cü il tarixədək Bakı şəhərində taksi minik avtomobilləri ilə sərnişin daşınması fəaliyyəti ilə qanuni şəkildə məşğul olmaq hüququna malik olmuşdur. Buna görə də Məhkəmə hesab edir ki, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X1 əməlində inzibati xəta tərkibi mövcud deyildir. Belə ki, inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərarda göstərilmiş vaxtda yəni, xx.xx.2024-cü il tarixində X3 rəsmi qaydada özünə məxsus “Kia K5” minik markalı, **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olmaq hüququna malik olduğundan onun həmin avtomobillə taksi duracaqlarında dayanması və ya durması inzibati xəta tərkibi yaratmır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.6-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada sübut olunmur. Ona görə də X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.6-ci maddəsi ilə təqsirli bilinərək 40 (qırx) manat məbləğində cərimə olunmasına dair DİN BDYPİ-nin xx.xx.2024cü il tarixli, EQ 22998870 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat xitam verilir. Eyni Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.6-cı maddəsi ilə təqsirli bilinərək 40 (qırx) manat məbləğində cərimə olunmasına dair DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ 22998870 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar