Məhkəmə qərarları › İş №3(004)-4192/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4192/2020

11.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4192/2020 11.12.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X2 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və protokol tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin (BPİ) Dövlət X4 (DYPİ) etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, xx xxxxxx 1972-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Yasamal rayonu H.Zərdabi prospekti ev 78V mənzil 121-də qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 327.2 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin (BPİ) Dövlət X8 (DYPİ) tərəfindən tərtib edilmiş protokol və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.2 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ-nin DYPİ-si tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün məhkəməyə göndərilmişdir. Protokoldan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 17:00 radələrində idarə etdiyi “Hyundai Sonata” markalı **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Ş.Mehdiyev küçəsi ilə Tbilisi prospektinin kəsişməsində hərəkət edərkən yol hərəkəti qaydasını pozması ilə əlaqədar saxlanılarkən onun sərxoş vəziyyətdə olması müəyyən edilmişdir. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 327.2 (svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə) və 333.1-ci (Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə) maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən DİN Bakı şəhər BPİ-nin DYPİ-sinin nümayəndəsi X3 protokolun dəlillərinə uyğun çıxış edərək Şəxs barəsində inzibati tənbeh tədbirinin təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında protokol üzrə özünü təqsirli bilərək qeyd etmişdir ki, ilk dəfə olaraq az miqdarda spirtli içki qəbul edib nəqliyyat vasitəsini idarə etmişdir. Hazırda əməlindən çox peşmandır və məhkəmə tərəfindən nəzərə alınmasını xahiş edir. Məhkəmə əvvəla qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 34-cü maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. İnzibati xətalar qanunvericiliyinin tələbinə görə, inzibati tənbeh tətbiq edən orqan və vəzifəli şəxslərdən fərqli olaraq, rayon məhkəmələri nisbətən ağır sanksiya (tənbeh) ilə nəticələnən inzibati xətalara dair işlərə baxırlar. Baxılması rayon məhkəmələrinə aid edilən inzibati xətalar haqqında işlər İXM-nin 43-cü maddəsində nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Məhkəməyə təqdim edilmiş xx xxxxxx 2020-ci il tarixli, İXP ******* nömrəli protokoldan isə görünür ki, İXM-nin 327.2 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş xətaların törədilməsinə görə tərtib edilmişdir. İXM-nin 43.1-ci maddəsinə görə protokolda qeyd edilənlərdən yalnız 333.1 maddədə nəzərdə tutulmuş inzibati xətaya dair işə baxılması məhkəmənin səlahiyyətinə aid olduğundan, məhkəmə Şəxs hərəkətlərində yalnız həmin maddənin tərkibinin olub-olmamasına qiymət verir. Məhkəmə inzibati xəta haqqında protokolu və işə əlavə edilmiş digər sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, protokol və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünün etirafedici izahatından görünür ki, o, həmin tarixdə “Hyundai Sonata” (minik) markalı, **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında xx xxxxxx 2020-ci il tarixli 2/19843 nömrəli aktdan görünür ki, həmin tarixdə saat 17:10-da Şəxs tibbi müayinədən keçərkən sərxoş vəziyyətdə olmuşdur. İş materiallarında olan AC seriyalı 550871 nöməli sürücülük vəsiqəsindən görünür ki, Şəxs B kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ vardır və həmin sürücülük vəsiqəsi ona xx xxx 2018-ci il tarixdən verilməklə xx xxx 2028-ci il tarixədək etibarlıdır. Beləliklə, məhkəmə iclasında Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 17 radələrində istifadəsində olan “Hyundai Sonata” (minik) markalı, **-ZL-*** markalı dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən sərxoş vəziyyətdə olması müəyyən olunmuşdur. Qeyd olunur ki, Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal olaraq qiymətləndirir. Məhkəmə tərəfindən İXM-nin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri təyin edilməlidir. Bundan başqa Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətinin olub-olmamasına hüquqi qiymət verilməsi üçün toplanmış materialların surəti aidiyyəti üzrə Azərbaycan Respublikası DİN-nin Bakı şəhər BPİ-nin Dövlət X6 göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 34, 40, 43, 48-51, 53, 114-117, 128-130, 327 və 333-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilisin və barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri təyin edilsin. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olub-olmamasına hüquqi qiymət verilməsi üçün toplanmış materialların surəti aidiyyəti üzrə Azərbaycan Respublikası DİN-nin Bakı şəhər BPİ-nin Dövlət X6 göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar