Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4202/2022 01.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X2 iclas katibliyi, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Baş X9 İdarəsi (BDYPİ) 07 avqust 2022-ci il tarixli, EQ seriyalı 10872255 nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək barəsində BDYPİ tərəfindən qəbul edilmiş 07 avqust 2022-ci il tarixli, EQ seriyalı 10872255 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci ildə tarixində özünə məxsus **-ZR-*** dövlət qeydiyyat nişanlı "Dodge" markalı nəqliyyat vasitəsilə Quba- Qusar magistral yolu Dağlı kəndi ərazisində hərəkətdə olarkən ona İXM-in 327.2-ci maddəsi ilə 60 manat və 3 cərimə balı yazılaraq EQ10872255 nömrəli elektron protokol tərtib olunmuşdur. Yol hərəkəti qaydalarını pozmağı barədə ona sms bildiriş və fotoşəkil göndərilmişdir. SMS bildiriş və fotoşəkilə baxarkən ona məlum olmuşdur ki, yol hərəkəti qaydalarını pozmağı qeyri - qanuni xüsusi texniki vasitə ilə qeydə alınmışdır. Yol hərəkəti qaydaları yol hərəkəti təhlükəsizliyinin təmin olunması qaydalarının əleyhinə olan inzibati xətalar haqqında işlərə baxılmanın xüsusiyyətlərinin 122.1-ci maddəsində inzibati xəta hadisəsi foto və video qeydiyyat funksiyasına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılma qaydalarına uyğun olaraq həmin məcəllənin 122.1-ci maddəsində İXM-nin 327.1-ci maddəsi ilə elektron protokol tərtib edilərkən həmin sənəddə nəzərdə tutulmuş xətalar foto və video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməlidir. X5ın sənədləşdirilməsi və qeydiyyatına uyğun olaraq inzibati xəta hadisəsinin baş verməsi və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədilməsini sübut edən nəqliyyat vasitəsinin qayda pozuntusunu əks etdirən iki fərqli və dövlət qeydiyyat nişanını əks etdirən bir fotoşəkil və video material real vaxt rejimində elektron formada birbaşa BDYP- nin informasiya sisteminə yerləşdirilməlidir. Fotoşəkildən aydın görünür ki, yol hərəkəti qaydalarını pozmağı qanun ilə qadağan olunmuş hər hansı bir texniki vasitə ilə qeydə alınmış və foto şəkil çəkilmişdir. O həmin adı çəkilən yol istiqamətində xx.xx.2022-ci il tarixdə hərəkət etməsinə baxmayaraq ona elektron protokol 24 saat keçdikdən sonra yəni xx.xx.2022-ci il tarixdə tərtib edilmişdir. Eyni zamanda barəsində tərtib edilmiş elektron protokolun kim tərəfindən və hansı xüsusi vasitə ilə çəkilməsi mənə bildirilməlidir. Göstərilənlərə əsasən BDYPİ tərəfindən qəbul edilmiş 07 avqust 2022-ci il tarixli, EQ seriyalı 10872255 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək, barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində xətanın tərkibi olmaması əsası ilə xitam verilməsini, ödədiyi inzibati cərimənin ona geri aytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X4 şikayət ərizəsinin dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, həmin yolda dayanmış yük maşını qəzalı olduğundan məcburi qaydada yol hərəkəti haqqında anunun tələblərini pozmuşdur. Göstərilənlərin nəzərə alaraq BDYPİ tərəfindən qəbul edilmiş 07 avqust 2022-ci il tarixli, EQ seriyalı 10872255 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etdi. İnzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş BDYPİ tərəfindən qəbul edilmiş 07 avqust 2022-ci il tarixli, EQ seriyalı 10872255 nömrəli inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, X4 xx.xx.2022-ci il tarixdə saat 10:43-də “Dodge Durango” markalı **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba-ünvan 1 ünvanında əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarının pozulmasına görə barəsində Azərbaycan Respublikası İXMnin 327.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 60 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. Qeyd edilən 07 avqust 2022-ci il tarixli, EQ seriyalı 10872255 nömrəli inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin sənədlərdə X4 tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin dispotozitiv şərtlərini sübut edən hallar tam əks olunmamış, protokolu tərtib etmiş BDYPİ məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq təkzibedici sübutları, hadisəni əks etdirən foto və video materialları məhkəməyə təqdim etməmişdir. Beləliklə də həmin hadisənin baş vermə şəraiti qeyri-müəyyən olduğundan şikayət üçün əsas olmuş halların məhkəmə prosesində araşdırılması mümkün olmamışdır. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X5 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş 07 avqust 2022ci il tarixli, EQ seriyalı 10872255 nömrəli qərar ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikası İXM-nin tələblərinə əməl edilməklə əlavə araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X3 şikayəti qismən təmin olunsun. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş 07 avqust 2022-ci il tarixli, EQ seriyalı 10872255 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-4202/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4202/2022
01.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver