Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4206/2025 15.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X18 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X5, Şikayətçi X3 və onun vəkili, Fərdi qaydada fəaliyyət göstərən Vəkil iştirakları ilə X3 və onun vəkili, Fərdi qaydada fəaliyyət göstərən Vəkil Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X3 və onun vəkili, Fərdi qaydada fəaliyyət göstərən Vəkil məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən 22 may 2025-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin tətbiq edilməsi haqqında qərar qəbul etmişdir. X18 Xidmətinin Bakı Şəhər İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Rüfət Əliyevin qənaətinə görə, 16 may 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən “vətəndaş X7 xx.xx.2014-cü il tarixdən fasiləsiz davam edən əmək müqaviləsinə Azərbaycan Respublikasının ƏM-nin 45.5-ci bəndinin tələbləri pozularaq xx.xx.2025-ci il tarixdə ƏM-nin 68.2 “b” bəndilə xitam verildiyinə görə X3 barəsində Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsinə əsasən inzibati cərimə tətbiq edilmişdir. Hesab edir ki, X18 Xidmətinin Bakı Şəhər İdarəsinin 22 may 2025-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin tətbiq edilməsi haqqında qərarı əsassız olduğundan ləğv edilməlidir. Hər şeydən əvvəl AMEA-da elmi institutlarının Elmi katibi vəzifəsi seçkilidir və bu vəzifələri tutan şəxslər müəyyən müddətə (5 il) Elmi Şura tərəfindən seçilir və AMEA-nın Rəyasət Heyəti tərəfindən təsdiq edilirlər. Yalnız bundan sonra müvafiq elmi institutun rəhbəri tərəfindən həmin şəxslə (Elmi katiblə) müddətli (5 illik) əmək müqaviləsi bağlanılır. Buna görə də vətəndaş X15, AMEA-da qəbul edilmiş prosedurlar çərçivəsində 5 il müddətinə Memarlıq və İncəsənət İnstitutunun Elmi katibi vəzifəsinə seçildikdən və AMEA-nın Rəyasət Heyəti tərəfindən təsdiq edildikdən sonra, institutun direktoru Ertəqin Salamzadə xx.xx.2014-cü il tarixində onunla 5 (beş) il müddətinə müddətli əmək müqaviləsi bağlamış və həmin müqavilə əmək münasibətlərini tənzimləyən elektron portalda qeydə alınmışdır. Elmi katibin səlahiyyət müddəti bitdikdən sonra o, yenidən AMEA-da qəbul edilmiş prosedurlar çərçivəsində 5 il müddətinə Memarlıq və İncəsənət İnstitutunun Elmi katibi vəzifəsinə seçilmiş və onunla xx.xx.2020-ci il tarixində yeni müddətli əmək müqaviləsi bağlanmışdır. Lakin, həmin müqavilənin elektron portalda təsdiq etdirilməsi üçün Vüqar Kərimliyə həmin müqaviləni SİMA elektron imza sistemi vasitəsilə imzalamaq təklif edildikdə o, onunla müddətli deyil, müddətsiz əmək müqaviləsinin bağlanmalı olduğunu bildirərək, SİMA vasitəsilə müqaviləni imzalamaqdan imtina etmişdir. Belə bir şəraitdə, Elmi katib vəzifəsinin seçkili olduğunu və həmin vəzifəyə təyin edilən şəxsin AMEA-nın Rəyasət Heyəti tərəfindən təsdiq edilməli olduğunu nəzərə alaraq, institutun direktoru tərəfindən başqa bir şəxsin elmi katib vəzifəsinə təsdiq edilməsilə bağlı AMEA-nın rəhbərliyinə xx.xx.2023-cü il tarixli təqdimat verilmişdir. Eyni zamanda X8 institutda Aparıcı elmi işçi vəzifəsini tutmaq və bununla bağlı, SİMA elektron sistemi vasitəsilə yeni əmək müqaviləsini imzalamaq təklif edilmişdir. Lakin, Vüqar Kərimli müqaviləni imzalamaqdan imtina etmişdir. Məhz belə bir şəraitdə, müddətli əmək müqaviləsinin müddəti bitdiyinə görə X7, Elmi katib vəzifəsindən azad edilməsi barədə əmr imzalanmışdır. İXM-nin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Hesab edirlər ki, X18 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən 22 may 2025-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin tətbiq edilməsi haqqında qərar qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir. İXM-nin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57.1 - 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. X18 Xidmətinin Bakı Şəhər İdarəsinin 22 may 2025-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin tətbiq edilməsi haqqında qərarı 11 iyun 2025-ci il taixdə poçt vasitəsliə İnstituta göndərilmişdir. Bütün bunları nəzərə alaraq X18 Xidmətinin Bakı Şəhər İdarəsinin 22 may 2025-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin tətbiq edilməsi haqqında qərarının ləğv olunmasına dair qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında şikayətçi X3 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək X8 yeni əmək müqaviləsinin bağlanması üçün sima proqramından təsdiq edilməsi xahiş olunsa da, o, bunu etmədiyini bildirmişdir, odur ki, X10 Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Vəkil şikayət ərizəsinin məzmununa uyğun izahat verərək X10 Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X11 şikayətin əsassız olduğunu, təmin olunmamasını xahiş etmişdir. Verilən suallara cavab olaraq isə iş materiallarında X7 ərizəsi və izahatının olmadığını bildirmişdir. Məhkəmə tərəfləri dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Bakı şəhər idarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X23 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, vətəndaş X7 xx.xx.2014-cü il tarixdən fasiləsiz davam edən əmək müqaviləsinə AR ƏM-nin 45.5-ci bəndinin tələbləri pozularaq xx.xx.2025-ci il tarixdə bu Məcəllənin 68.2 “b” bəndinə əsasən xitam verildiyi müəyyən edilmiş, nəticədə X3 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və X1 Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyinə görə barəsində 1500 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh növü tətbiq edilməsi qərara alınmışdır; 07 yanvar 2020-ci il tarixli əmək müqaviləsindən görünür ki, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru X2 (işəgötürən) ilə X14 arasında 07 yanvar 2020-ci il tarixindən 06 yanvar 2025-ci il tarixinədək 5 il müddətinə əmək müqaviləsi bağlanmış, müqaviləyə əsasən X14 əsas iş yeri olaraq İnstitutun elmi katibi vəzifəsinə işə qəbul edilmişdir; 08 may 2025-ci il tarixli, 131HG2J0001X0 nömrəli Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X15 ilə bağlanmış əmək müqaviləsinə AR ƏM-nni 68.2 “b” bəndinə - əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xx.xx.2025-ci il tarixdə xitam verilmişdir; Azərbaycan Milli Emlər Akademiyası Memarlıq və İncəsənət İnstitutu tərəfindən AMEA-nın Prezidenti, akademik İsa Həbibbəyliyə ünvanlanmış xx.xx.2023-cü il tarixli təqdimatdan görünür ki, təqdimatın mətni “Kulturologiya və incəsənətin nəzəriyyəsi” şöbəsinin aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, 1985-ci il təvəllüdlü X21 Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Sənətşünaslıq” fakültəsini, “Təsviri incəsənət tarixi və nəzəriyyəsi” ixtisası üzrə 2008-ci ildə bakalavr, 2010-cu ildə isə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2011-ci ilin iyul ayından AMEA Memarlıq və incəsənət İnstitutunun “Qafqaz Albaniyasının incəsənəti və memarlığı”, 2012-ci ildən “Kulturologiya və incəsənəti nəzəriyyəsi” şöbəsində kiçik elmi işçi, 2016-cı ildən elmi işçi, 2021-ci ildən böyük elmi işçi 2022-ci ildən aparıcı elmi işçi vəzifəsində çalışır. 2015-ci ildə institutun dissertanturasına qəbul olmuş, tamamlama müddəti bitməmiş 2018-ci ildə “Türk xalqlarının təsviri sənətində Dədə Qorqud obrazı” adlı dissertasiya işiı uğurla müdafiə etmişdir, iyirmi altı (26) məqalənin müəllifi, “Azərbaycan və dünya incəsənətində soyqırım mövzusu” (2016) kitabının həmmüəlifidir. Bir sıra beynəlxalq və respublika səviyyəli konfranslarda çıxış etmişdir. Onun məqalələri Türkiyə, Rusiya, Sloveniya, Qırğızıstanda dərc edilmişdir. 2022-ci ildə 6203.01 - “İncəsənətin nəzəriyyəsi, təhlili, və tənqidi” ixtisası üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertanturaya qəbul olunmuşdur. “Türk xalqlarını təsviri sənətində simvolların bədii ifadə problemləri” adlı mövzu üzrə araşdırmalar aparır. AMEA X19, İnstitut və Gənc Alim və Mütəxəssislər şurası tərəfindən tədbirlərin təşkilində və keçirilməsində səmərəli və məhsuldar elmi, elmi-ictimai fəaliyyətini nəzərə alaraq, AMEA-nın 70 illik yubileyi-münasibətilə (2015) fəxri fərmanla təltif edilmişdir. R.A.Quliyev işlədiyi müddət ərzində özünü bacarıqlı, sənətini dərindən sevən sənətşünas-tədqiqatçı kimi göstərmişdir. O, İnstitutun istər elmi, istərsə də ictimai həyatında daim fəal iştirak etmiş, tapşırılan işə məsuliyyətlə yanaşaraq, səliqə ilə yerinə yetirmiş, kollektivin hörmətini qazanmışdır. İnformasiya kommunikasiya texnologiyaları üzrə mütəxəssis olaraq İnstitutun saytının idarə olunmasında məsul şəxsdir. Bununla yanaşı, institutun ‘“İncəsənət və mədəniyə problemləri” beynəlxalq elmi jurnalının məsul katibidir. X16 qeyd olunan fəaliyyətini nəzərə alaraq onun İnstitutumuzun elmi katibi vəzifəsinə təsdiq etməyinizi Sizdən xahiş edirik” məzmunda olmuşdur; Azərbaycan Milli Elmlər X4 “AMEA-nın vəzifə nomenklaturu”nun təsdiq edilməsi haqqında 10 fevral 2025-ci il tarixli, 7/4 nömrəli qərarından görünür ki, “AMEA-nın vəzifə nomenklatura”-nun təsdiq edilməsi, AMEA Rəyasət Heyətinə, AMEA X17 struktur bölmələrinə, AMEA-nın elmi müəssisə və təşkilatlarına tapşırılsın ki, öz fəaliyyətlərində “AMEA-nın vəzifə nomenklaturu”nu rəhbər tutmaları, AMEA X17 Maliyyə və mühasibat şöbəsinə (texnika üzrə fəlsəfə doktoru İlqar Quliyev) və insan resursları şöbəsinə (filologiya üzrə fəlsəfə doktoru Aynur Mahmud) tapşırılsın ki, qərarın icrasından irəli gələn məsələlərin həll edilməsi, qərarın icrasına nəzarətin AMEA-nın akademik-katibi, akademik Arif Həşimova həvalə edilməsi qərara alınmışdır; Azərbaycan Milli Elmlər X6 10 fevral 2025-ci il tarixli, 7/4 nömrəli qərarı ilə təsdiq edilmiş əlavə - Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vəzifə nomenklaturunun 2.6-cı bəndindən görünür ki, AMEA-nın elmi müəssisə və təşkilatının elmi katibi AMEA-nın elmi müəssisə və təşkilatının rəhbərinin (direktorunun) təqdimatı, AMEA prezidentinin dərkənarı əsasında tərkibində AMEA-nın elmi müəssisəsi olan elmi bölmənin Elmi Şurasında sadə səs çoxluğu ilə 5 (beş) il müddətinə seçildikdən və AMEA Rəyasət Heyəti tərəfindən həmin vəzifəyə təsdiq edildikdən sonra AMEA-nın elmi müəssisə və təşkilatının direktorunun əmri ilə vəzifəyə təyin və vəzifədən azad edilir; Memarlıq və İncəsənət İnstitutu tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti Bakı şəhər İdarəsinin rəis müavini F.Bağırovaya ünvanlanmış 21 may 2025-ci il tarixli, 8-1-15/2-150/2025 nömrəli məktubdan görünür ki, məktubun mətni Sizin 13 may 2025-ci il tarixli 3-175/2-43778/2025 saylı məktubunuz Azərpoçt vasitəsilə İnstitutumuza 20 may 2025-ci il tarixdə daxil olmuşdur. Bu səbəbdən xx.xx.2025-ci il tarixində 1 saylı Bakı DOST Mərkəzində nəzərdə tutulmuş İnzibati xəta haqqında Protokolun tərtib ediləcəyi barədə məlumatımız olmamışdır. İşin məğzinə gəldikdə, nəzərinizə çatdırırıq ki, İnstitutun elmi katibi X7 5-illik əmək müqaviləsinin müddəti xx.xx.2025-ci il tarixində başa çatmışdır. Məlumat üçün bildiririk ki, Azərbaycan Milli Elmlər Akademiyasının Vəzifə nomenklaturasına əsasən elmi katib vəzifəsi seçkilidir və bu vəzifədə əməkdaşların səlahiyyət müddəti 5 ildir. Sözügedən əmək müqaviləsinin müddəti bitdikdən sonra V.Q.Kərimliyə “Sima” elektron sistemi vasitəsilə aparıcı elmi işçi (əmək haqqı 16 t.d. üzrə) vəzifəsinə yeni, müddətsiz əmək müqaviləsi təklif olunmuşdur. Lakin V.Q.Kərimli müqavilənin imzalanmasından imtina etmişdir. xx.xx.2025-ci il tarixində onun ünvanına yeni müqaviləni imzalamayacağı təqdirdə müqaviləyə xitam veriləcəyi barədə bildiriş göndərilmişdir. Müqavilə imzalanmamışdır və bu səbəbdən ona xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli 43 N-li əmr verilmişdir. Göstərilmiş prosesdə hansı məqamda inzibati xəta baş verdiyini aydınlaşdırmağa kömək etməyinizi xahiş edirik” məzmunda olmuşdur. Şikayətçi şikayətində qeyd edir ki, İXM-nin 192.6-cı maddəsində göstərilən heç bir tələbi pozmamışdır. Göründüyü kimi şəxs inzibati xəta törədilməsi ilə razılaşmamış, belə bir vəziyyətdə tərtib edilmiş protokol əsasında hər hansı bir digər sübut olmadan şəxs barədə inzibati tənbeh qərarı çıxarılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 192.6-cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. X2 barəsində X18 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarı ilə tətbiq edilmiş inzibati tənbeh əsassız və hüquqi baxımdan qeyridəqiq hesab edilməlidir. Belə ki, iş üzrə tərtib edilmiş inzibati xəta haqqında protokolda və sonradan qəbul edilmiş qərarda Ərtegin Salamzadənin guya AR Əmək Məcəlləsinin 45.5ci maddəsinin tələblərini pozaraq X7 əmək müqaviləsinə qanunsuz şəkildə ƏM-nin 68.2-ci maddəsinin “b” bəndi ilə xitam verdiyi göstərilsə də, bu iddianı dəstəkləyən heç bir dolğun və obyektiv sübut iş materiallarında təqdim edilməmişdir. İlk növbədə, qeyd olunmalıdır ki, iş materiallarında X7 istər yazılı izahatı, istərsə də ərizəsi yoxdur. Bu isə o deməkdir ki, inzibati xəta haqqında protokol və qərarın əsaslandığı ilkin faktlar, yəni “əmək hüququnun pozulması”nın iddia edilən zərərçəkmişi tərəfindən təsdiqlənməyib. Halbuki, inzibati xəta haqqında işlərdə hüquq pozuntusunun baş verdiyinə dair ilkin və vacib sübut məhz hüququ pozulmuş şəxsin izahat və mövqeyidir. Belə izahat və ya ərizə təqdim edilmədən və tərəfin iddiası alınmadan protokolun tərtib olunması prosessual baxımdan ciddi pozuntu olmaqla yanaşı, qərarın obyektiv və ədalətli qəbul edilməsi imkanını da istisna edir. Bundan əlavə, məhkəmə baxışı zamanı tədqiq edilmiş xx.xx.2020-ci il tarixli əmək müqaviləsindən açıq şəkildə görünür ki, X15 ilə bağlanmış əmək münasibətləri 5 (beş) il müddətinə qurulmuşdur və xx.xx.2025-ci il tarixində həmin müddət başa çatmışdır. Müqaviləyə müddətin sonunda xitam verilməsi isə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə tam uyğundur və bu halda müqaviləyə xitam verilməsi hüquqi cəhətdən əsaslandırılmış və qanunidır. Müfəttişliyin qərarında qeyd edilən 45.5-ci maddənin pozulmasına dair isə hər hansı əsaslı hüquqi və ya faktiki dəlil təqdim olunmamışdır. Həmin maddədə müddətli əmək müqaviləsinin müddəti bitdikdən sonra işçinin əmək fəaliyyəti davam edirsə, müqavilənin müddətsiz hesab edilməsi barədə normadan bəhs olunur. Lakin iş materialları sübut edir ki, müqavilənin uzadılması məqsədilə işçiyə təklif edilmiş yeni müqavilə SİMA vasitəsilə imzalanmamış, bu səbəbdən əmək münasibətləri rəsmən davam etdirilməmişdir. Əksinə, institusional qaydalar çərçivəsində yeni müqavilə bağlanması təklif olunmuş və rədd edilmişdir. Eyni zamanda, X7 Elmi katib vəzifəsi seçkili və müddətli vəzifə olmaqla, AMEA-nın normativ sənədləri ilə tənzimlənən prosedurlar əsasında həyata keçirilmişdir. Həmin prosedurlara uyğun olaraq, yeni şəxs – X21 – həmin vəzifəyə təqdim olunmuş və müvafiq qaydada təsdiq edilmişdir. Bu şəraitdə əvvəlki əmək müqaviləsinə xitam verilməsi, ümumiyyətlə, hüquq pozuntusu və ya inzibati xəta kimi qiymətləndirilə bilməz. Məhz bu səbəbdən də Salamzadə Ərtegin tərəfindən qanun pozuntusunun törədildiyi sübuta yetirilməmişdir. Qeyd olunmalıdır ki, inzibati xəta üzrə qərarın əsaslandığı protokol, təkcə izahatların yoxluğu deyil, eyni zamanda digər obyektiv sübutların da çatışmazlığı fonunda formalaşdırılmışdır. Müvafiq olaraq, iş materiallarında Əmək Müfəttişliyi tərəfindən aparılmış obyektiv araşdırma, yazılı izahatlar, müqavilə imtinası ilə bağlı Kərimlinin mövqeyi, onun rəsmi bildirimi və ya şikayəti yoxdur. Protokolun tərtib edildiyi tarixdən əvvəl belə bir araşdırmanın aparıldığı və tərəflərin dinlənildiyi barədə də sübut təqdim olunmamışdır. Əksinə, məhkəmədə institutun xx.xx.2025-ci il tarixli məktubunda da bildirildiyi kimi, Müfəttişliyin çağırışı barədə məlumat institutda yalnız 20 may 2025-ci ildə daxil olmuşdur və bu səbəbdən protokolun tərtibinə dair müvafiq iştirak təmin edilməmişdir. Sadalanan xüsusatlara əsasən, məhkəmə belə qənaətə gəlir ki, mövcud sübutlar kontekstində X1 AR İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmə tərəfindən sübuta yetirilməmişdir. Tərəfin inzibati xətaya dair subyektiv və ya obyektiv təqsiri təsdiqlənmədiyindən, həm hüquqi, həm də sübutedici əsaslar baxımından inzibati tənbeh qərarının ləğv olunması və iş üzrə icraata xitam verilməsi qanuni və əsaslı hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X1 İXM-nin 192.6-cı maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərar ləğv edilməli və X1 AR İXM-nin 192.6-cı maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 və onun vəkili, Fərdi qaydada fəaliyyət göstərən Vəkil şikayəti təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №3(004)-4206/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4206/2025
15.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver