Məhkəmə qərarları › İş №3(004)-4207/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4207/2023

08.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4207/2023 08.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə, xx.xx.1991-ci ildə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 27-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 27-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixdə, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolda göstərilmişdir ki, vət. Şəxs Yasamal rayonu, A.Salamzadə küçəsində polisin qanuni əmrinə tabe olmamışdır. Protokolun tərtib edilməsinə əsas olmuş iş materiallarında olan Yasamal RPİ-nin DYPŞ-nin polis nəfərləri Z.Qiyasovun və H.Bayramovun 27-ci Polis Bölməsinin ünvanına tərtib etdikləri raportda göstərilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 20:48 radələrində Yasamal rayonu, A.Salamzadə küçəsində idarə etdiyi “TOYOTA PRADO minik” markalı avtomaşının işıq cihazlarının nasaz olduğu YPX əməkdaşları tərəfindən aşkarlanmış, YPX əməkdaşları avtomobili saxlamış, özlərini təqdim etmişlər və qayda pozuntusunu izah etmişlər. Həmin avtomobilin sürücüsü X2 polis əməkdaşlarına etiraz edərək, sənədləri təqdim etmək istəməmişdir, tabesizlik göstərməyə başlamışdır. Polis əməkdaşları həmçinin etibarnaməsinin olmadığını aşkar etmişlər. Polis əməkdaşları avtomobili işıq cihazındakı nasazlıq aradan qalxanadək duracaqda qalmalı olduğunu bildirmişlər. Bundan sonra onlar avtomobilin duracağa təmin edilməsini tələb etmişlər, sürücü polisin qanuni tələbindən yayınaraq, tabesizlik göstərmişdir. Həmin sürücünü naryadın köməkliyi ilə 27-ci Polis Bölməsinə aparmışlar. Bununla da protokol tərtib etmiş səlahiyyətli orqan hesab etmişdir ki, X2 bu hərəkətləri ilə polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən X2 bildirdi ki, o, xx.xx.2023-cü il tarixdə Yasamal rayonu, A.Salamzadə küçəsində “TOYOTA PRADO minik” markalı avtomaşını ilə hərəkətdə olan zaman polis əməkdaşları onu saxlamış və işıq cihazında nasazlıq olduğunu bildirmişlər. Daha sonra həmçinin etibarnaməsinin də olmadığını bildirmişlər, o isə etibarnamənin şəklinin olduğunu bildirmiş və onlara göstərmişdir. Polis əməkdaşları şəklin yox əslinin tələb olunduğunu bildirmişlər, o isə dostuna zəng vuraraq etibarnamənin əslini gətirməsini xahiş etmişdir. Dostu gətirdikdə polis əməkdaşları qəbul etməmişlər və bildirmişlər ki, daha gecdir. Daha sonra həm işıq cihazında olan nasazlığa görə həm də etibarnamənin olmamasına görə avtomobilin duracağa təmin edilməsini tələb etmişlər. O, isə onlara bildirmişdir ki, qayda pozuntusu ilə əlaqədar protokol tərtib etsinlər, daha sonra avtomobili duracağa təmin etsinlər. Polis əməkdaşları bununla razılaşmamış və onu naryadın köməkliyi ilə 27-ci Polis Bölməsinə gətirmişlər. O, protokol tərtib edilməsini istəmiş, polis əməkdaşlarının heç bir qanuni tələbinə tabesizlik göstərməmişdir. Ona görə də işə xitam verilməsini xahiş etmişdir. Protokol tərtib etmiş şəxs Yasamal RPİ 27-ci PB-nin sahə inspektoru Elvin Həsənov bildirdi ki, protokolu raport əsasında tərtib etmişdir. Belə ki, raporta əsasən Şəxs xx.xx.2023-cü il tarixdə saat 20:48 radələrində Yasamal rayonu, A.Salamzadə küçəsində idarə etdiyi “TOYOTA PRADO minik” markalı avtomaşının işıq cihazlarının nasaz olduğu YPX əməkdaşları tərəfindən aşkarlanmış, YPX əməkdaşları avtomobili saxlamış, özlərini təqdim etmişlər və qayda pozuntusunu izah etmişlər. Həmin avtomobilin sürücüsü X2 polis əməkdaşlarına etiraz edərək, sənədləri təqdim etmək istəməmişdir, tabesizlik göstərməyə başlamışdır. Polis əməkdaşları həmçinin etibarnaməsinin olmadığını aşkar etmişlər. Polis əməkdaşları avtomobili işıq cihazındakı nasazlıq aradan qalxanadək duracaqda qalmalı olduğunu bildirmişlər. Bundan sonra onlar avtomobilin duracağa təmin edilməsini tələb etmişlər, sürücü polisin qanuni tələbindən yayınaraq, tabesizlik göstərmişdir. Həmin sürücünü naryadın köməkliyi ilə 27-ci Polis Bölməsinə aparmışlar. Bu səbəbdən də onun barəsində İXM-nin 535.1-ci maddəsi ilə protokol tərtib etmişlər. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə qeyd edir ki, protokol tərtib etmiş şəxsin müəyyən etdiyi və protokolun tərtib edilməsinə əsas olmuş Raportda qeyd edilənlər İXM-in 535.1-ci maddəsinin tərkibini yaratmır. İnzibati xəta törədilməsi sübut olunmur. Çünki İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. Həmçinin nəzərə alınmalıdır ki, polisin ixtiyari bir tələbinə tabe olmamaq İXM-nin 535.1-ci maddəsinin tərkibini yaratmır. Polis ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddənin tərkibini yaratdığı üçün, ictimai qaydanın mühafizə vəzifələrinin icrasından irəli gələn qanuni tələblər mövcud olmalıdır. Yəni tələb qanuni olmalıdır. Həmin tələb məhz polis ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən tələb edilməlidir. Lakin nə protokolda, nə də ki raportda polisin hər hansısa bir qanuni tələbinin olması, bu tələbin nədən ibarət olması öz əksini tapmamışdır. Sürücü avtomobilinin duracağa aparılmasından imtina etməmiş, qayda pozuntusu ilə bağlı protokol tərtib edilməsini də istəmiş. Həmçinin etibarnamənin həm şəklini göstərmiş həm də əslini gətizdirmiş, lakin polis əməkdaşları qəbul etməmişlər. Buna görə də sürücünün hər hansı bir qanun pozuntusu müəyyən edilmir. Sürücünün bu hərəkəti, yəni YPX əməkdaşının istədiyi sənədləri təqdim etməsi, YPX əməkdaşından pozuntu barədə protokol tərtib etməyi tələb etməsi polisin qanuni tələbinə tabe olmamaq kimi qiymətləndirilə bilməz. Məhkəmənin bu qənaəti həmçinin İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi həmin Məcəllədən ibarətdir. İXM-nin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. İXM-in İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmədə müəyyən edilmiş yuxarıda qeyd edilən işin halları və sadalanan normalara əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə və protokolda təqsirli bilindiyi İXM-in maddəsi üzrə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, protokolda göstərilən İXM-in maddəsi üzrə inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Bu barədə sübutlar kifayət etmir. Şübhələr və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll etməlidir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar